Döyüşçülər baxımsızlıqdan şikayətlənirlər…

İşsizlikdən və baxımsızlıqdan şikayətlənən 44 günlük Vətən müharibəsi iştirakçısı Nurlan Oruc oğlu Əliyev sayta müraciət edib. Müraciətində deyilir: «YAŞAT fonduna zəng elədim, dedilər get Veteranlar İctimai Birliyinə sənə kömək etsinlər. Birincisi, ya bizim veteranlıq kartımızı, ya da medlımzı versinlər.

Mənim sizə bir sualım var: varlılar oturub evdə, ayaqların ayaqlarının üstünə qoyanda biz kasblar döyüşürdük. Bu günsə polis bizə hörmət qoymur. Niyə?

Çünkü aldığımız torpaqlarda indi gəzib bizi yada salan yoxdur. Başa düşmürlər ki, kasıblar torpağı qorusa da, elə kasıb da qalacaq. Varlı gedib bizim aldığımız torpqda villa tiksə də sizə bir söz deyim. Kasıb həmişə başı uca gəzəcək. Çünki bizim torpaqların əsil sahibi kasıblardır»…


Bu cümlələr 44 günlük Vətən müharibəsi iştirakçısının bizə ünvanladığı giley-güzar məktubundandır. Bir məqama toxunmaq yerinə düşər ki, bu fonda müraciətlərə belə əndirabadi cavablarla bağlı bizlərə tez-tez müraciətlər olur. Öncə bildirək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) hazırda 84 minlik üzvünün 20 min nəfəri gənc döyüşçülərdir və onları öz Nizamnaməmizə uyğun olaraq yaranmaqda olan ciddi narazılığı önləmək üçün üzvlüyə qəbul etməyi müharibə iştirakçılarının cəmiyyətə adaptasiya olunması, Dövlətçiliyimiz və daxili sabitliyin qorunması naminə öz hesabımıza etməyə qərar vermişik. Təkcə 20 min vəsiqənin hazırlanması xərcini hesablasanız AVMVİB-nin borclandığını özünüz hesablaya bilərsiniz.

Çünki maşallah olsun, kimi hara qoyursan gedib «hesabdarlıqla məşğul olur». YAŞAT Fonduna gəlincə isə I Qarabağ müharibəsi iştirakçılarına və şəhid ailələrinə «siz köhnəsiz», yenilərə «siz təzəsiniz» və s. kimi bölgü aparmaqla yanaşı xeyli xeyirxah işlər də görüb. Kiminsə əməyini itirmək istəməzdik. Amma görülən işləri əsasən döyüşçü-kadrlar və şəhid övladlarının gördüyünü də bilirik. Amma tam könüllülük əsasında illərlə ayaqda qalmağı bacaran bir təşkilat olaraq veteranlarımızın həqiqi birliyini saxlamağa çalışan ictimai birlikdir.

Bizə nə milyonlar yardım edilmir və nə də fəaliyyətimizə dəstək verilmir. Sadəcə problemli döyüşçülərlə doğru danışan bir qurumun olmaması ciddi bir sosial narazılığı yetişdirməyə çalışır və biz bunun qarşısını almaq üçün öz cüzi imkanlarımız daxilində fəaliyyət göstəririk.


Hərçənd döyüşçü Nurlan Əliyevin bizə ünvanladığı suallara bizim veriləsi cavabımız yoxdur. Çünki bu sualların cavabını Veteran statusunun veriməsiylə bağlı Komissiyanın sədri Yaqub Eyyubov daha yaxşı bilir və bizim etdiyimiz müraciətlərə də cavab vermədiyinə görə susmağa üstünlük veririk.

Amma bildirməyi də özümüzə borc bilirik ki, bu insanlara diqqət artırılmalıdır. Onların cəmiyyətə adaptasiyası üçün fərdi yanaşma proqramı işlənməlidir. Proseslərə müharibə görmüş həkimlər və veteranlar cəlb edilməlidir.


Elnur Səlim

Bu xəbəri paylaşın: