Daşkəsəndə Vətən müharibəsi şəhidi Orxan Cəfərlinin xatirəsi anılıb

Daşkəsən Şəhidlər xiyabanında keçirilən Vətən müharibəsi şəhidi gizir Cəfərli Orxan Etibar oğlunun anım günündə rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid valideynləri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndələri Həbib Hüseynov, müharibə veteranı polkovnik Şamil Həsənov şəhidin Anım mərasiminə qatılıblar.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov məlumat verib.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Quru Qoşunlarının Hərbi Orkestri Dövlət Himnini ifa edib, şəhidin məzarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Bildirilib ki, Orxan Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən şəhərində anadan olub. O, Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərib. Orxan Cəfərli Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı Murovdağ istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid 2020-ci il dekabrın 9-da Daşkəsən Şəhidlər xiyabanında dəfn olunub.

Şəhid Orxan Cəfərli “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: