Heç nə unudulmamalı və heç kim yaddan çıxmamalıdır

44 günlük Vətən Müharibəsində müharibə veteranlarımız, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, həm əsgərimizlə çiyin-çiyinə, həm də arxa cəbhədə yaralılarımızla birgə olmağa çalışdıq. Bu yolda bizimlə bərabər irəliləyən şəxsləri də unutmamalıyıq.


Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini,Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov deyib.

Natiq Həsənov bildirdi ki, 44 günlük Vətən müharibəsi günlərində həkimlərimizin misilsiz əməyi sayəsində onlarla yaralı əsgərimiz ölümün caynağından xilas edildi. Belə həkimlərimizdən biri də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimovdur. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının ilk gündən yaralıları qəbul edən hospital kimi fəaliyyət göstərməsi burada çalışan həkimlərin və bütün tibbi heyətin gecəli-gündüzlü çalışmalarını hər birimiz yaxşı bilirik. Baş həkim Eldar Kərimovun rəhbərliyi ilə bu kollektiv şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gəldilər. Elə bu gün də qazilərimizə və şəhid ailələrinə münasibətin müsbət olmasını elə baş həkim Eldar Kərimovun adıyla bağlamaq olar. E. Kərimov Dövlətimizin başçısı cənab İlham Əliyevin qazilər və şəhid ailələriylə bağlı verdiyi tapşırıq və göstərişlərə bu xəstəxanada daim əməl olunur. Buna görə baş həkimə veteranlar adından təşəkkürümüzü bildiririk.


N. Həsənov qeyd etdi ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Niyazi oğlu Kərimovun fəaliyyətini qiymətləndirərək onu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) fəxri üzv etməklə yanaşı, xidmətlərini Fəxri fərmanla və AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif etdik. Heç nə unudulmamalı və heç kim yaddan çıxmamalıdır.

Təltif mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzü olan müharibə veteranları iştirak ediblər. Çıxış edən döyüşçülər xəstəxanada yaradılan vəziyyəti yüksək qiymətləndiriblər.


Təbrik edirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: