
ELBARİZ MƏMMƏDLİ
Ötən həftə Rusiya İnsan Haqları Şurasının onlayn toplantısında rejissor Aleksandr Sokurovun Putinə təklifini xatırlayırsınızmı? Ölkədə güc strukturlarının siyasiləşdiyini xatırladan incəsənət adamı, sonra qeyd edib ki, Rusiyanın tərkibində olan bir çox respublikaların xalqları bizimlə birgə yaşamaq istəmirlər. Onları sərbəst buraxmaq lazımdır.
Əslində, Kremlin işğal və müstəmləkə siyasətinə tamamilə ziddiyyət təşkil edən belə fikirlərin səslənməsi ilk dəfə deyil. Dövlətdə müəyyən qüvvələr tətəfindən idarə olunan «skinxed » millətçi dəstələrinin şüarları, xarici qüvvələrə bağlı ayrı-ayrı adamların dedikləri buna əyani misaldır. Hal hazırda rus cəmiyyəti böhranlı illərini yaşayır və onların belə təkliflərlə çıxış etməsi tam təbiidir. Dövlətin əsas diqqəti mərkəzi şəhərlərə yönəltməsi, ucqarlarda yaşayış məskənlərinin sürətlə boşalmasına şərait yaradıb.
Özü də bu, rusların sıx yaşadığı bölgələrdə baş verir. Amma göründüyü kimi, rejissorun təklifinə qəti və üsyankar cavab verən Rusiya prezidenti, ona Kremlin dəst xəttinə qarşı şıxmamağı dolayı yolla anlatmağa çalışır. Çünki, qəddar və işğalçı siyasətin başında dayanan Putin, deyilənlərin reallaşacağı halda hakimiyyətdə qala bilməz. Saxanın almaz yataqları, Tatarıstan və Başqurdstanın təbii sərvətləri, Qafqazın zənginlikləri əldən çıxarsa, əhlikef cəmiyyətə malik olan Rusiya məhvə məhkum olar.
Həm də ucqarların sərbəst buraxılması Rusiya ətrafındakı beynəlxalq təzyiqi Kremlin içinədək gətirib çıxarar. Əksinə ruslar, Qafqazda, Ukraynada, Moldovada, Belorusda, Orta Asiya respublikalarında varlıqlarını qorumaq üçün qan tökməyə adi hal kimi baxırlar. Bunun da uzunmüddətli olacağı inandırıcı görünmür. Yəni, XXI əsr artıq çarizmin işğal niyyətlərindən fərqli bir davranış formasının vacibliyini diqtə edir. Əks halda, Rusiyanın Qarabağ kartından öz çıxarları naminə istifadə etməsi, savaşan tərəflərə qanlı yaddaşdan başqa heçnə vəd etmir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla dünən Brüsseldə planlaşdırılan görüşü artıq reallaşıb. Bu görüşdən ciddi gözləntimiz olmasa da, bəzi maraqlı məqamların olduğu deyilir. İlk növbədə, Zəngəzur və Laçın dəhlizlərinin eyni statusda fəaliyyət göstərməsi ilə bağlı fikirlər səsləndirilib. Yəni, Paşinyan Zəngəzur dəhlizindən dəmir yolu xəttinin açılmasına razılıq verib və bir şərti də razılaşdırmağı təklif edib. Qeyd edib ki, Zəngəzur dəhlizinə Ermənistan tərəfin gömrük xidməti nəzarət etməlidir. Azərbaycan tərəfi isə, həmin variantın Laçın dəhlizində də reallaşacağı halda, bu təklifə müsbət yanaşacağını xatırladıb. İndi burda maraqlı olan nədir? Rusiya tərəfi bu təkliflərin reallığa çevrilməsinə imkan verəcəkmi? İnandırıcı görünmür.
Çünki rusların burda marağı qarşıdurmaları məchul nöqtəyə qədər uzatmaq, bir daha bölgəyə sahiblənməkdir. Dəhlizlərin qarşılıqlı kömrük nəzarətinə götürüləcəyi halda, burda ruslar üçün elə bir iş qalmır. Onlar Qarabağda bəslədikləri silahlı erməni birləşmələriini davamlı təmin etmək imkanlarını itirmiş olurlar Sərhədlərin müəyyənləşdirilməsi. mina xəritələrinin verilməsi, dəhlizlərdən istifadə imkanlarının genişləndirilməsi kimi məsələləri nu dövlətlər öz aralarında jəll edə bilərlər. Rus barmağı aranı qatmasa, bunları etmək mümkündür. Ermənilər üçün bu variant müharibədən daha sərfəlidir.
Belə vəziyyətdə bizim hakimiyyət və cəmiyyət olaraq, üzərimizə düşən nədir?
İlk növbədə, ölkədə siyasi amnistiya elan edilməli, bütün siyasi qüvvələrin marağı Qarabağ məsələsinin həllinə yönəlməli, ölkə içindəki xain qüvvələr tamamilə çıxdaş olunmalıdır. Görünən odur ki, maraqlı xarici güclər artıq erməni kartını oynanmış hesab etməyə başlayıblar. Sabah başqa bir oyun ortaya atıla bilər ki, bunun da əsas hədəfi Türkiyə və Türk dünyasını yaxınlaşıb vahid güc mərkəzinə çevrilməyə qoymamaqdır.
Maraqlıdır ki, bu niyyət ətrafında bir birinə düşmən münasibətdə olan dövlətlər aparıcı rola malikdir. Onların uzantıları isə, hər yerdə, hətta ölkəmizdə yetərincədir. Bu uzantılar aradan qaldırılmasa, vəziyyət gərginləşməkdə davam edəcəkdir.
Tanrı xalqımızı, millətimizi və dövlətimizi qorusun!
