AVMVİB sədri Şuşada olub

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başa çatıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən QHT təmsilçiləri iştirak ediblər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev də QHT təmsilçiləri arasında olub.

Qonaqlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkiblər. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın ərazidə – dahi şairin məzarı üzərində inşa edilib. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat erməni vandalları tərəfindən məhv edilib. Məqbərə yenidən təmir və bərpa edilərək bu ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda sürətlə aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri ilə də tanış olublar. (Video 25.44 dəq.)

Bu xəbəri paylaşın: