Mollaların erməni məzhəbi yenə cuşə gəlib

Dünəndən başlayaraq erməni mətbuatında ən çox yer alan və heç kimin ağlına gəlməyən yeni bir xəbər diqqəti cəlb etməkdədir.


Belə ki, ermənilərin yazdığına görə İran Ermənistanın Qafan şəhərində öz konsulluğunu açmaq qərarına gəlib.

Səbəbi isə belə izah olunur ki, guya Ermənistanın cənub sərhədləri İran üçün «qırmızı xətdir» və İran heç vaxt yaxın erməni sərhədlərində hansısa dəyişiklikliyə icazə verə bilməz. Əslində isə, açıqcasına bəyan edilir ki, İran hakimiyyəti Azərbaycanın Zəngəzurda gündən -günə möhkəmlənməsinə cavab olaraq ilk addım atır və Qafan şəhərində öz konsulluğunu açmaq istəyir. Başqa bir bəhanə də gətirilir ki, guya İran dövləti Qafan ərazisində olan farslara və ermənilərə aid olan mədəniyyət abidələrini (şəkildə) qorumaq üçün bu addımı atır.


Erməni ekspertlər isə bildirirlər ki, rəsmi İrəvan da Təbriz şəhərində Ermənistan konsulluğunun açılması tələbini irəli sürmüşdür. Ona görə ki, əsasən türklərin sıx məskunlaşdığı Təbriz şəhərində «Pantürkizm» ideyalarını dəstəkləyən qruplar mövcuddur. Bu qrupların həm də İrana və Ermənistana qarşı apardıqları milli-ideya təbliğatına nəzarəti gücləndirmək üçün Təbrizdə erməni konsulluğunun açılması çox vacibdir. Məlumata görə İranın dünənki qərarında bildirilir ki, bu məsələdə İranla Ermənistanın maraqları üst-üstə düşür.


Məqalə erməni mətbuatına istinadən hazırlanıb.

İsmayıl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: