QAZAX VARİANTI

Elbariz Məmmədli

(Bu bizə lazımdırmı?)

Ehheyy, hardasınız? Elə bil səsiniz zəifləyib. Qardaş Qazaxıstanda hadisələr başlayanda, küçükləriniz özlərin cırıb-dağıtdılar ki, növbə Azərbaycanındır. Niyə və necə, bu haqda kimsə danışmadı. Belə anlaşıldı ki, sabah ölkəmizdə 5-ci kolona aid olan xainlər aranı qatacaq və bundan fürsət əldə edən ultramüxalifət xalqı meydanlara çağırıb, ortanı savaş meydanına çevirəcək, ən nəhayət , qafarovadan-zaddan biri «xilaskar» rus faşistlərini köməyə çağırıb xalqa güllə atdıracaq. Və…

Qardaş ölkədə nə baş verdi? Orta Asiyada Türklüyün keçilməz səddi olan Nazarbayev sıradan çıxarıldı. Şərəfsiz Tokayev öz xalqına, onun Ana Yasasına, tarixi haqqına tüpürərək, qanunsuz şəkildə KTMT qoşunlarını ölkəyə yeritdi. Nədənsə, dünyanın səsi çıxmadı. Rusun cinayətinə sərt reaksiya verən kimsə irəli çıxmadı. Deməli, Türk birliyinə düşmənçilikdə ABŞ-dan Rusiyaya qədər bütün dünya gücləri həmfikirdilər. Kimsə deyə bilər ki, Qazaxıstanda ailə hakimiyyəti mövcud idi və xalq ona qarşı ayaqlanmışdı. Həmin fikrə cavab olaraq, deyirəm, Türkiyə istisna olmaqla, dünyada elə bir müsəlman və Türk dövləti varmı ki, orda yalnız qanunlar hakim olsun? Bilirsiniz niyə yoxdur? Çünki, aşılanmış Şərq təfəkkürü feodal düşüncəsinin yolunda qalıb. Çağdaş dünya ilə uzlaşmaq imkanlarını itirib. Problemlərini xalqı ilə deyil, yad güclərlə həll etməyə üstünlük verib.

Hərçənd ki, Türklər digər müsəlmanlardan fərqli olaraq, yaranışın ilkinə imza atmış millətdi. Dünyada var olmağa hamıdan çox haqqı çatanlardandı. Amma görürsünüz, bir fikrin ortaya atılması,- Türk Dövlətləri Təşkilatının yaradılması, dünyanı necə əndişələndirdi? Bu belə də olmalı idi. Türklər heç vaxt məzlum qanı tökməyə niyyətli olmayıblar. Tarixdə belə bir utanc yerləri yoxdu. Bunun əksi olan ABŞ, Fransa, Rusiya, Çin, İran və.s əlbəttə ki, bu böyük ruhlu millətin bütövlüyünü istəməzlər.

Qayıdaq, Qazaxıstan hadisələrinə. Çoxları bu cinayətlərdən sonra qazax xalqının məğlub edildiyi qənaətindədir. Əsla. Əksinə, ruslar belə həmlələri genişləndirdikcə, batırlar. Bir reallıq da var ki, bi istila və işğalların rus xalqına heç bir aidiyyəti yoxdur. Kreml cəlladları ölkənin daxili və xarici gərginliyinə görə, onları hakimiyyətdə saxlayan şovinistlərin və cinayətkar dəstələrin əlinə oynayırlar. Amma bunun Qazaxıstanda keçərli olacağı heç cür ağla batmır. Başı üstə rus varlığının sıxıntıları olmasına baxmayaraq, Qazaxıstan Türk millətçiliyinin dərin köklərə malik olduğu ölkələrdən biridir. Son 30 ildə ölkədə milli özünəqayıdış baxımından atılan addımlar da bunun ifadəsidir. Halbuki bizdə bunların heç birinə nail olunmayıb. Müxalif fikir milli düşüncədən uzaq durmaqla, özgə yedəklərdə azadlıq axtarmaq fikrinə düşüb. Hakim zümrə də öz növbəsində milli düşüncə adamlarını sıradan çıxarmaq yolunu tutub. İndi belə bir vəziyyətdə Azərbaycana qazax variantı arzulayanlar, sabah nələrin baş verə biləcəyini hesablayıblarmı?

Məlumdur ki, dünyanın siyasi mənzərəsinin dəyişməsində dindən daha çox, ayrıseçkilik və düşmənçilik toxumu səpməyə xidmət göstərən kilsələr əhəmiyyətli rol oynayırlar. Əgər son hadisələr Qazaxıstanda deyil, hansısa xaç ölkəsində baş versəydi, təpki təpki dalınca gələrdi. Fəqət, müsəlmanlar bunu etmədilər. Çünki məscidlərdə bu ənənə olmayıb. Bütün hərəkətlilikləri özlərinə tuşlanıb.

Rusiya xain nökərlərinin əli ilə hələ belə oyunları çox oynayacaq. Sonu yaxınlaşdıqca daha da aqressivləşəcək. Bu heç, bizə lazım da deyil. Bizə gərəkli olan özünəinama qayıtmaq və ona köklənməkdir. Kimsə ölkədə ziyalı və lider axtarışına çıxmasın. Çağdaş toplumun içində onlar istisna təşkil edirlər. Əgər var olsaydılar, çoxdan görünərdilər. Müxalifətin kötükləşmiş düşüncəsi və hakimiyyətin aqressiyası eyni məna yükünü daşıyır. Hər ikisinin düşüncəsinə mühafizəkarlıq hakim kəsilib. Son Qazaxıstan hadisələrinə hakimiyyətin ciddi reaksiya verməyəcəyi aydın idi. Bəs, birləşmiş müxalifət toparlanıb bir etiraz bəyanatı verə bilməzdimi? Onlarındamı Kremllə bazarlıq niyyətləri var?

Rusiya nə qədər həyasızlaşsa belə, körüklədiyi ocaqlarda özü yanacaq. Türk birliyinə qənim kəsilmək, soyu qurumaqda olanların işi deyil. İstəsələr də, istəməsələr də bu birlik öz məqsədlərinə çatacaq. Onun qüdrətinin və sevgisinin işığında digər xalqlar da öz azadlıqlarına qovuşacaqlar.

Bu xəbəri paylaşın:
  • 40
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •