“Şuşa ili” üçün töhfə olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilati və maddi dəstəyi ilə «Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin» ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisi başa çatıb.
Ağcəbədi rayonunda şəhid Atayev Tariyel Fəxrəddin oğlunun ailəsi üçün tikilən mənzilin açarlarının ailəyə təqdimatı keçirilib.

Tədbirdə Ağcabədi Rayon İcra başçısı Rafil Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin İdarə heyətinin sədri Zülfüqar Mirzəyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev, millət vəkili Aqil Abbas, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Milli Qəhrəman, polkovnik-leytenant, Birinci Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova, eyni zamanda AVMVİB Xocavənd, Beyləqan, Ağdam, Tərtər, Bərdə rayon şöbələrinin sədrləri və ətraf rayonlardan qazilər, şəhid ailələrinin üzvləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbirdə BAMF prezidenti Umud Mirzəyev çıxış edib:
“Hər bir azərbaycanlı öz bacardığını etməlidir. “Şuşa ili” üçün bu addımın özü yaxşı bir töhfədir. Əminəm ki, bu il çoxsaylı nümunələrin şahidi olacağıq. Bizim diasporamızın ürəyi Azərbaycanladır. Azərbaycan insanı həm öz vəzifəsini düşünmək zorundadır, həm də fərqindədir”.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Hüseynov, Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov, Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov və Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev iştirak ediblər.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Ağcabədi





