ƏRSAKİLƏRİN VƏ QƏDİM PARFİYANIN HƏQİQİ VARİSLƏRİ

(Ağ qoyun, qara qoyun keçid başında bəlli olar – atalar sözü)

I hissə – Barannı eli

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Azərbaycan tarixinin əhəmiyyətli bir hissəsi şanlı Ərsakilər sülaləsinin və bu sülalənin qurduğu qüdrətli Parfiya imperiyasının payına düşür. Eramızın I əsrindən qədim Parfiyanın süquta uğradığı 228-ci ilədək Atropatena (Cənubi Azərbaycan) bu dövlətin mərkəzi vilayəti – metropoliyası olmuşdur. I–VI əsrlərdə Qafqaz Albaniyasının (Şimali Azərbaycanın) da şahları məhz Ərsakilər idilər.

Lakin açıq-aydın faktlara, möhkəm dəlillərə baxmayaraq, Rusiya və Qərbin bəzi “elmi dairələri” illər boyu ciddi-cəhdlə çalışmışlar ki, Ərsakiləri Azərbaycana, türk dünyasına ögey, yad bir element kimi qələmə verib, bu sülalənin tarixini qonşu xalqlara, o cümlədən, gəlmə haylara calasınlar. Belə bir qərəzli münasibətdən cürətlənən hay tarixçiləri və siyasətbazları, əslində, onlara heç bir aidiyyəti olmayan Ərsakilərin Şərqi Anadolu–Qərbi Azərbaycan qanadını (54–428) “hay çar sülaləsi” kimi təqdim etməyə başladılar. Guya qısa müddət ərzində “erməniləşmiş Arşakunilər” haqqında nağıllar Ermənistanda bugün də populyardır.

Bu tədqiqatımızın mövzusu  Ərsakilərin və Parfiya imperiyasını qurmuş tayfaların etnik mənsubiyyəti məsələsidir. Beləliklə, Ərsakilərin və Parfiya imperiyasının həqiqi varisləri kimlərdir?

Qədim kimmer-saka tayfaları e.ə. IX əsrdə Azərbaycana, İrana və Xorasana köçmüşlər. Onların Orta Asiya və indiki Qazaxıstanda qalan hissəsi – parnılar isə Aral gölünün ətrafındakı çöllərdə, Xəzər sahillərində (Manqışlaqda), Kopetdağın ətəklərində və əski adı Oxus olan Pənc çayı boyunca yaşamışlar.

E.ə. VI–IV əsrlərdə Əhəməni imperiyasının süvari hissələri əsasən sakalardan, o cümlədən, yüksək döyüş keyfiyyətlərinə malik parnılardan təşkil olunurdu. E.ə. 331-ci ildə Makedoniyalı İsgəndərlə Əhəməni şahı III Dara arasında baş vermiş Qavqamela döyüşündə parnılar da iştirak etdilər. E.ə. 250-ci ildə istedadlı sərkərdə Ərsak məhz parnı tayfasına arxalanaraq Makedoniya işğalçılarına – Selevkilərə qalib gəldi və qüdrətli Parfiya imperiyasını qurdu. Sonradan parnı tayfası müəmmalı şəkildə “yoxa çıxdı”. IX əsrdə onların vaxtilə yaşadıqları ərazilərdə Oğuz elinin barannı tayfası “peyda oldu”. 1202-ci ildə Azərbaycana gəlmiş barannılar burada Qaraqoyunlu dövlətini (1375–1469) yaratdılar.

Ehtimala görə, türkmənlərin təkə və ərsarı tayfalarının par adlı tirələri qədim parnı tayfasının – parfiyalıların törəmələridir. Maraqlıdır ki, həm təkə, həm də ərsarı tayfaları məhz qədim parnı tayfasının keçmiş yurd yerlərində – Manqışlaqda və Kopetdağın ətəklərində məskunlaşmışlar. Diqqətimizi cəlb edən digər cəhət isə bu iki tayfadan birinin həm adının, həm də toteminin təkə olmasıdır. Bəzi türk dillərində “təkə” sözü dağkeçisinin erkəyini bildirsə də, başqırd və çuvaş dillərində “təkə” və “taka” qoç deməkdir.

Belə güman edilir ki, ərsarı tayfasının adı “ər” və “sarı” (rəng) sözlərindən yaranmışdır. Amma maraqlıdır ki, qoyuna tatar dilində “sarık”, başqırd dilində “harık”, çuvaş dilində isə “surax” deyilir. Bu faktlara əsaslanaraq, ehtimal edə bilərik ki, ərsarı tayfasının da adı, təkə tayfasının adı kimi “qoç” (ər sarık) anlamını verir.

Beləliklə, göründüyü kimi, tərkibində par adlı tirələrin olduğu hər iki türkmən tayfasının – həm təkələrin, həm də ərsarıların adları, əslində, eyni mənanı ifadə edir.

Roma tarixçisi Ammian Marsellin (330–395) Sasani hökmdarı II Şapuru belə təsvir etmişdir: “Qoç başı şəklində qızıl tac qoymuş və ata süvar olmuş padişah başqalarının üzərində ucalaraq ordunun önündə gedirdi”. 228-ci ildə Sasanilər qiyam qaldıraraq Ərsakilər sülaləsini devirmiş və Parfiya dövlətinin varlığına son qoymuşdular. Lakin bir məsələ də var ki, Parfiyanı idarə etmiş yeddi nəsildən üçü – Suren, Karen və Mehran ailələri (bu adların haylara heç bir aidiyyəti yoxdur) Sasanilər dönəmində də öz nüfuzlarını qoruyub saxlamışdılar. Yeni sülalənin bərqərar olması dövlətin mahiyyətini, əslində, ciddi şəkildə dəyişdirməmişdi. Görünür, Sasani şahənşahı II Şapurun qoç başı ilə bəzədilmiş tacı məhz Parfiya (parnı–barannı) ənənəsinə ehtiramın nümayişi idi.

Haşiyə. Baran (türkman dilində “qoç”) – baran, bərən, parən (tatar və başqırd dillərində “quzu”, “toğlu”) – maran (bəzi türk dillərində “qoç”) – barannı (Qaraqoyunlu ittifaqının əsas tayfalarından biri) – parnı (Parfiya tayfası) – barancar (VI–XIII əsrlərdə Qıpçaq çölündə və Volqaboyuda yaşamış türk tayfası) – Biləcəri (Azərbaycanda yaşayış məntəqəsi, ehtimala görə, Biləcəri toponimi məhz barancar tayfa adının bir qədər dəyişmiş formasıdır) – barangar (qədim türk dilində baran–sağ və qar–qol) – Baran Düz, Ba­ran, Borje Baran (İranın Qərbi Azərbaycan, Xuzistan, Mərkəzi ostanlarında üç kənd) – Paran (İranın Qərbi Azərbaycan və Mazandaran ostanlarında iki kənd) – Barana (Ermənistanın Noyemberyan şəhərinin keçmiş türk adı – oğuz elinin barannı tayfasının adı ilə bağlıdır) – Krasnıy Baran, Arbuzov Baran, Novıy Baran (Tatarıstanda üç kənd) – Baran (Rusiyanın qədim oğur yurdu Kostroma vilayətində çay və iki kənd) – Baran (Pakistanın Bəlucistan vilayətində kənd) – baran (rus, Ukrayna və Belarus dillərində “qoç”) – far (Danimarka dilində “qoç”) – barre (fars dilində “quzu”) – fır (osetin dilində “qoç”) – Baran (Belarusda çay, şəhər və qədim kənd) – Baran (Polşada iki kənd) – Paran (Ptolemeyə görə, Misirin Sinay yarımadasındakı Feiran vadisinin keçmiş adı) – Paran (İsraildə kənd) – Baran, Baranagar, Paran, Parana, Parna (Hindistanın Racastan, Cammu və Kəşmir, Qərbi Benqal, Uttar-Pradeş və Bihar ştatlarında dairə, şəhər və on bir kənd).

Qeyd. “Baran” sözünün türk dillərinə guya rus dilindən keçdiyi barədə bəzən irəli sürülən iddia, yəni qədimdən qoyunçuluqla məşğul olmuş türklərin bu sözü həmin sahədən çox uzaq olan slavyanlardan götürdükləri qətiyyən inandırıcı deyildir. Digər ehtimala görə, “baran” sözü qədim İran dilindən qədim türk dilinə, ondan isə qədim slavyan dilinə keçib. Lakin vurğulamalıyıq ki, bu fikrin də, əslində, ciddi bir əsası yoxdur. Zənnimizcə, slavyan, fars, alman və osetin dillərindəki “baran”, “barre”, “far” və “fır” sözləri türk dilindəki “baran”, “bar”, “var” sözləri ilə eyni mənşəyə malikdir.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: