İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycan xalqının dünya hərb tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir. Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında mühüm yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.
Bu gün Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ev muzeyində onun 112 illiyi ilə bağlı keçirilmiş tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvü olan müharibə veteranları da iştirak edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov məlumat verib.
İlham Qurbanov bildirdi ki, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdəlik istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir. 44 günlük Vətən müharibəsində iştirak edən hər bir tankçı Həzi Aslanovu örnək bilib və düşmənə ağır zərbələr vurublar. Bunu öz çıxışında 44 günlük Vətən müharibəsinin 3 medalla təltif olunmuş iştirakçısı, tarixçi Rauf Salayev də öz çıxışında qeyd etdi.
Tədbirdə Ev muzeyinin direktoru Cəmilə Şərifova, Vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərə görə Ağacəfər Fətullayev və Əfqanıstan döyüşlərində iki «Qırmızı ulduz» ordenli təltif olunmuş Əflatun İsmayılov AVMVİB sədri Füzuli Rzaquliyevin imzaladığı Fəxri fərmanlarla təltif olundular.
Elnur Səlim






