Poeziya çələngi: VƏTƏN QORUNMAZ

ELBARİZ Məmmədli

Şüarla Vətən qorunmaz,
Yalanla qorunmaz, Vətən.
Ruhu düşmənin əlində
Qalanla qorunmaz, Vətən.

AĞRI

Qarşı duran dağların,
O üzü qəm dəryası.
Yüz ildi yol gəlirik,
Bitmir sitəm dəryası.

Aranı qatıbdılar,
Qana bulaşmış əllər.
Köhnə yaralara da,
Təzə duz basmış əllər.

Gör, nə qədər adiyik,
Yetən aldadır bızı.
Biri bazara çəkir,
Digəri satır bizi.

Kökümüzün təpəri,
Sökülüb canımızdan.
Bircə daş da qalmayıb,
O, ilk ünvanımızdan.

Ruhumuza hopdurub,
Doğrunu yalan kimi.
Çökübdü aramıza,
Xainlər duman kimi.

Qürbətdə qalan ellər,
O dünəni unudur.
Mən onu yad bilirəm,
O da məni unudur.

Susuzluqdan dərd çəkir,
Bozqırların yovşanı.
Eh, nə qədər ocaq var,
Hamısı dərd ünvanı.

Ölmək yaraşmaz bizə,
Haqqı bilənlər, bilir,
Biz sükuta vardıqca,
Yad ünsürlər dirilir.

Qarşı duran dağların,
O üzü gözü yolda,
Yüz illərdi gözləyir,
Bir ümid bizi, yolda.

DÜZ DEYİRMİŞ, XƏLİL RZA

Düz deyirmiş, Xəlil Rza.
Sözü şimşək söz adamı düz deyirmiş,
sözümüzün sabah üçün yanan şamı
düz deyirmiş,
davamızın düz adamı düz deyirmiş…

Ruhumuzdan gəlib keçən,
yuxumuzdan gəlib keçən,
sinəmizdə boz çöllərin yovşanı tək
ətirlənən,
ümidləri sevgimizlə çətirlənən-
Azadlığın,
keçiləsi neçə-neçə davası var.
Dünya şeytan dünyasıdı,
dünya üsyan dünyasıdı,
dünyada qan havası var.
Yüz illərdi yol gəlirik,
hələ başa varammırıq,
hər gün ilk savaş başlayır,
son savaşa varammırıq.
İçimizdən xain əllər düşmənə papaq
eləyir,
dağıl dünya, məndən olan
varlığımı yadlara «çıraq» eləyir…
Uzaqlardan baxıb gülür
davalara züy tutanlar,
sinəsi daş, əli qanlı,
hiylə dalında yatanlar.
Anlamırıq, bu gedişlə
nə gözləyir sabah bizi,
elə ölümə çağırır
yaxın bizi, uzaq bizi.
Bitir kasıb komaları
ər doğmağa halı yoxdu,
millət çörək sınağında
millətin əhvalı yoxdu.
Əllərini sıxıb verir, zəmi barı,
yüz illərdi bu torpagı
dərd oxşayır, qan suvarır.
Qurd zirvədən çəkiləli
çaqqal dolu baca, bayır,
səhəri qəm, axşamı qəm
duyğu cana qorxu yayır…
Azadlıq buydumu elə,
səsi içinə qısılan,
arzuları daşa dəyən,
ümidi göydən asılan?
Bitməyəcək bu qovğalar,
bitməyəcək sən susduqca,
Vətən oğlu
Məmləkətin Xocalıdan Tərtərədək
qanı axan, ruhu ölən,
arzuları qərənfil tək
məzarlarda bitən oğlu.
Kimin üçün yaşayırsan, qorxaq kişi,
duyğuları daşa dəyən,
manqurdlaşmış sarsaq kişi?
Şimaldan əsən «külək»lər
papağını başdan alıb,
canımızı sümürürlər
içimizə neçə əfi ilan salıb.
Sən susursan
susqunluğun azadlığı verir əldən
Düz deyirmiş, Xəlil Rza,
düz deyirmiş, böyük şair…

YUXUMA GİRMİŞDİ KƏNDİN PAYIZI

Yuxuma girmişdi kəndin payızı,
Qışı çağırırdı əsən sazaqlar.
Dolu buldları alıb başına,
Sanki hönkürürdü uzaqda dağlar.

Susmuşdu suların hay salan səsi,
Son payız otları son ümid kimi.
Küləklər dilində qəm şikəstəsi,
Qarğılar çalırdı qəmi ud kimi.

Həsrət ruhu vardı yurdda, ocaqda,
Elə bil torpağın yuxusu yoxdu.
Üzümə açılan heç bir qucaqda,
Atamın, anamın qoxusu yoxdu.

Eh, mən də dönmədim, yolumdan yarı,
Yükünü çəkməyə mağıl olmadım.
Yığıb ürəyimə ayrılıqları,
Bu kəndə yad oldum, oğul olmadım.

Düşdü illər boyu yağışa, qara,
Ömrümün ilkindən izim qalmadı.
Bilməm, nədən uydum uzaqlıqlara,
Yurdda adım qaldı, özüm qalmadım.

Bəlkə xatirindən çıxıbdıı adım,
Könlümün sultanı bildiyim qızın.
Şirin təbəssümü duyğumun dadı,
Adına bənövşə dediyim qızın.

Hər qış oralara zərif qar yağır,
Oynayır həyətdə uşaqlar məni.
Kimsə həsrətimdən sükutu sağır,
Qorxur ki, ürəyi qışqırar məni.

Solğun təbiətin havası qəmli,
Həsrəti andırır yalın ağaclar.
Bütün duyğuların bir gözü nəmli,
Bütün duyğuların xəzan ömrü var.

Yuxuma girmişdi kəndin payızı,
Mənə oxşayırdı torpağın rəngi.
Elə tutulmuşdu göyün ay üzü,
Ümiddən əlini üzmüşdü, sanki.

VƏTƏN QORUNMAZ

Şüarla Vətən qorunmaz,
Yalanla qorunmaz, Vətən.
Ruhu düşmənin əlində
Qalanla qorunmaz, Vətən.

Olası olmayıb hələ,
Gedənlər gəlməyib hələ,
Hamı dirçəlməyib hələ,
Olanla Vətən qorunmaz.

Sıramızda yad nökərlər,
Yollara zülmət əkərlər,
Nəfsi iti, ruhu şərlə,
İlanla Vətən qorunmaz.

Gör nələrin əlindəyik,
Gör kimlərin yelindəyik,
Vallah, şeytan felindəyik,
Şeytanla Vətən qorunmaz.

Hanı, sevən can kişilər,
Savaşı dastan kişilər,
Eşitsin klan kişilər,
Klanla Vətən qorunmaz.

Söz nədi, əməl olmasa,
Daş altda hər əl olmasa,
Yurd boyda təməl olmasa,
Bu canla Vətən qorunmaz.

Bu xəbəri paylaşın: