Cənab Prezidentin sərəncamı ilə artıq müharibə veteranı adının verilməsi prosesi yerinə yetirilir. Yaxın zamanda bu ad bütün müharibə iştirakçılarına şamil ediləcək və hər biri yanvar ayının 1-dən ayrılan Prezident təqaüdünü alacaq.
Bunu Herbiand.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Emin Həsənli veteranlar üçün nəzərdə tutulan digər güzəştləri də xatırladıb:
“Müharibə iştirakçılarının çalışdıqları müəssisədə aldıqları əmək haqqından tutulan vergidən də güzəşt nəzərdə tutulub. Gələcəkdə də müharibə veteranlarına digər güzəştlər də ediləcəkdir. Şəhid ailələrinə, Qarabağ veteranlarına edilən güzəştlər kimi müharibə veteranlarına da güzəştlər edilməlidir. Onların övladları dövlət hesabına təhsil almalı, sanatoriya və kurort şəraitində asudə vaxtının təşkili edilməlidir. Əsas olaraq ölkə Prezidentinin tapşırığına əsasən, müharibə iştirakçıları işlə təmin edilməlidir, onların sosial vəziyyətinin yaxşılaşdırılmasında bir sıra mühüm addımlar atılmalıdır. Eyni zamanda, yaxşı olar ki, bütün dövlət orqanlarında, özəl sektorda şəhid ailələri, müharibə veteranları növbədənkənar qəbul edilsin. Bu insanlar müharibədə böyük zərbə alıblar, himndə də deyildiyi kimi, canlarını Azərbaycan üçün qurban veriblər, Azərbaycan üçün qan töküblər və bu insanlar ölkəmizin ən dəyərli vətəndaşlarıdır. Hamı onlara hörmət və ehtiramla yanaşmalıdır. İlk olaraq onların sağlamlığı növbə gözləməyə imklan vermir. Növbəti müsbət cəhəti isə bunun ənənəyə çevrilməsi olacaq. Bu addım müəssisələri bir-birindən fərqləndirəcək.
Onlar bizim qürur mənbəyimizdir və hamı onlara diqqət və qayğı ilə yanaşmağa borcludur. Son zamanlar sosial şəbəkələrdə bu fikir yayılıb ki, bu prosesin icrasında ləngimə vardır. Bilirsiz ki, İkinci Dünya Müharibəsinin bitməsindən 20 il sonra SSRİ müharibə veteranı statusu verdi. Qardaş Türkiyədə də bu proses gec baş vermişdir. 1950-1953- cü ildə baş vermiş Şimali və Cənubi Koreya müharibəsində iştirak etmiş şəxslərə, 15 il sonra – 1968- ci ildə “Koreya qazisi” adı verildi. Şimali Kipr Türk Cümhuriyyəti də müharibədə iştirak etmiş şəxslərə müharibə bitəndən 10 il sonra- 1984-cü ildə qanunla qazi status verilib”.
Birlik sədri Prezidentin sərəncamında konkret strukturların hansı vəzifələri olduğunu da yada salıb:
“Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti tabeliyində olan zabit, gizir, çavuş və əsgər heyətindən müharibədə iştirak edənlərin adlı siyahısını müvafiq olaraq təqdim edir. Təbii olaraq siyahı üzrə bütün qoşun növləri özü bilir ki, şəxsi heyətdən kim əvvəldən onların şəxsi heyəti sırasında idi, kim səfərbərliklə gəlib. Bununla yanaşı kimlər hansı döyüşlərdə, kimlər hansı əməliyyatlarda iştirak edib. Məhz buna görə də hər bir struktur öz hərbi qulluqçuları barədə məlumatları ortaya qoyacaq.
Sərəncamda ezamiyyətlə bağlı məqam da var. Təbii ki, bu onların haqqıdır. Onların müharibə bölgəsində konkret tapşırıqları olub və onlar da bu tapşırığı yerinə yetiriblər. Təbii olaraq bu da vətənə xidmətdir”.
Emin Həsənli Vətən uğrunda vuruşan insanlara fərq qoyulmadığını da diqqətə çatdırıb:
“Şəhid ailələri və Qarabağ müharibəsi veteranları arasında heç bir fərq qoymaq olmaz. 1990-cı il 20 yanvar hadisələrində, I Qarabağ müharibəsində və Vətən Müharibəsində olan şəhid ailələrinə və veteranlarına dövlətimiz tərəfindən heç bir fərq qoyulmur. Bunların hamısı vətənə xidmətdir və dövlətimiz qanunla hamıya eyni müavinət verir, eyni status verilir. Şəhid ailələrinə dövlətimiz tərəfindən mənzil, veteranalara avtomobil verilir. Bundan əlavə olaraq, veteranların müalicəsini dövlətimiz öz üzərinə götürür. Onlara dövlət tərəfindən verilən müavinət artırılır, Prezident təqaüdü verilir, sosial özünüməşğulluq proqramına cəlb edilir. Vətən Müharibəsi veteranları da özünüməşğulluq proqramına cəlb edilməlidir. Bütün proqramlarda da müharibə veteranları və şəhid ailələri ilköncülük təşkil etməlidir. Müharibəyə üç silahdaş qoşulur.
Biri şəhid olur, biri yaralanaraq əlil olur, biri də veteran olur. Bunların hər üçün bizim üçün əziz olur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür can sağlığı versin. Onlara qazi də deyirlər. Bu anlayış qardaş Türkiyədən gəlir. Bu sözün kökü vardır. Qazi Mustafa Kamal Atatürk deyirdi: “ Ya şəhid ol, ya qazi”. Yəni, savaşda şəhid olacaqsan, ya döyüşün sonuna kimi qalacaqsan. Qazilər də iki cür -yaralı qazi və sağlam qazi olur. Türkiyədə bunlar muharip qazi və malül qazi adlanır. Yəni sağlamlığını itirən və sağlam olan kimi bölünür. Bunları bir-birindən fərqləndirmək olmaz. Bizim qanunda isə bunlar şəhid ailələri , müharibə əlili və müharibə veteranı adlandırılır. Biz bunları olduğu kimi də qeyd etməliyik. Mən bir daha qeyd etmək istəyirəm ki, şəhid ailələri , müharibə əlili və müharibə veteran arasında fərq qoymaq olmaz. Hətta dövlətimiz Çernobıl, Böyük Vətən Müharibəsi zamanı həyatını və sağlamlığını itirmiş şəxləri də bərabər tutur. Çünki, əsgər əsgərdir. İstər SSRİ dönəmində, istər müstəqil dövrümüzdə əmri yerinə yetirən zaman hadisə baş vermişdir. Bu hal da dövlətimizin humanist olduğunun göstəricisidir”.
