1928-də ABŞ-da çıxan qarabağlı erməninin kitabı: Xankəndi adı, qanlı tarixi həqiqət

1928-ci ildə İndianapolisdə (ABŞ) Leonard Ramsdenin 1892-ci ildə qarışıq əhalisi olan Xankəndində anadan olmuş Hovhannes Apresyanın xatirələri əsasında yazılmış «İnsanlar belədir” («Men Are Like That») kitabı nəşr olunub. O, Şuşa şəhərində təhsil alıb. XANKƏNDİ adlanan birinci fəsildə Avanes özü də bilmədən doğulduğu yer haqqında ilk etiraflarını edir.

 Onun xatirələrində 1905-1906-cı və 1918-1920-ci illərdə Qarabağda, eləcə də İrəvan quberniyasında və Qars bölgəsində erməni silahlı dəstələrinin müsəlman əhalisinə qarşı törətdikləri qanlı soyqırımlarının təsvirinə geniş yer verilir. O.Apresyan qeyd edir: 


«Bu yerlərin sakinləri türklər (yəni azərbaycanlılar – red.) və ermənilərdir. Əslində bu torpaq türklərindir, ermənilər bura təzə gələnlərdir. Biz xristian azlığı olaraq sayca üstünlük təşkil edən müsəlman türklər arasında yaşayırdıq.


Bu iki tayfa arasında irqi, dini fərqliliklər, adət-ənənələrin fərqliliyindən yaranan məsafə heç vaxt aradan qaldırılmayıb. O, ermənilərin hərbi xidmətə cəlb edildiyini və yaxşı silahlanmış olduqlarını, hərbi xidmətdən uzaqlaşdırılan türklərin (azərbaycanlıların. – red.) isə bıçaqdan başqa silahı olmadığını vurğulayır.1905-1906-cı illərin faciəli hadisələrini danışan O.Apresyan qeyd edir: 


«Bir az sakitlik yaranan kimi mən Şuşaya getdim. Şəhərin türk məhəllələrinin yerində yalnız bir xarabalıq qalmışdı. Bütün evlər yandırılmış, sahibləri öldürülmüşdü. Eyni şey Xankəndidəki türk məhəllələrində də baş verdi”. O.Apresyan bundan sonra belə bir vəziyyəti təsvir edir:

Bir dəfə Xankəndiyə bir azərbaycanlının evinə onun bir neçə tanışı, o cümlədən azərbaycanlılar at belində gəlirlər. Hamısı birlikdə nahar edi, əylənməyə, mahnı oxumağa başlayırlar. Bundan narahat olan məhəllə erməniləri kazakları çağırır və «türklər” gedəndə kənddə şayiə yayılır ki, guya onlar yolda uşaqlı erməni qadına rast gəlib, uşağı öldürüb, qadını da aparıblar. Sonrakı hadisələr belə təsvir olunur: «Bu söhbətləri eşidən ermənilər qəzəbləndilər və qisas almaq üçün türk qonşularımızı qırmaq qərarına gəldilər.


Kənddə olan kazaklar ermənilərin günorta türklərin üzərinə hücuma keçməsinə razı olmadılar…

Sonra bizimkilər onların silahlarını götürüb izdihamla kəndin türk məhəlləsinə getdilər. Türklər pis niyyətdən şübhələndilər və böyük qorxu içində evlərinə qapanaraq işığı söndürdülər. Bizimkilər yumruqla qapıları döyməyə başladılar, cavab gəlməyincə qapıları sındırdılar və son türk öldürülənə qədər davam edən qırğın başladı. 


Bütün o bədbəxt gecəni dəhşət içində bir küncə qısılaraq keçirdim və qışqırıqları və son qurtuluş ümidlərini itirənlərin dəhşətli fəryadlarını eşitməmək üçün qulaqlarımı tıxadım.


Beləliklə, gözümü qırpmadan səhəri açdım. Bütün türklər bir nəfərə kimi öldürülmüşdü. Kəndimizdə türklərin qırılmasından az sonra rus inqilabı yatırıldı; kazaklar yenidən öz vəzifələrini yerinə yetirməyə başladılar və ermənilərlə türklər arasında atışmalara son qoyuldu.

Sovet dövrünün erməni müəlliflərinin 1905-1906-cı illərdən bəhs edən yazılarında da azərbaycanlı əhalinin qətliamından bəhs edilir.
Alpər

Mənbə: Qaynarinfo

Bu xəbəri paylaşın: