Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.08.2019-cu il tarixli 193020753668 nömrəli çıxarışından da göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17, mənzil 18 ünvanındakı daşınmaz əmlak Məmmədov Nurlan adlı vətəndaşın adınadır.
Sözügedən əmlak mübahisələndirildiyindən hal-hazırda məhkəmə prosesi davam edir. Lakin mənzili mübahisələndirən Bakı Slavyan Universitetinin alimi Allahverdiyeva Vəfa Elxan qızı, onun qardaşı, Daxili İşlər Nazirliyində vəzifə tutmuş Allahverdiyev Anar Elxan oğlu, “AFB Bank” ASC-nin Mərkəz filialının müdiri Nail Həsənov, Abşeron icra və probasiya şöbəsinin icra məmuru Eltac İskəndərov vətəndaşın dövlət tərəfindən qorunan əmlak hüquqlarına qəsb edərək, məhkəmə prosesi davam etdiyi və apellyasiya şikayəti verildiyi halda, dövlət içində öz dövlətlərini və əlahiddə qanunvericiliyini yaradaraq vətəndaşın mübahisə predmeti olan əmlakını yarıya bölmüşlər və bununla bağlı Dövlət Reyestrindən hansısa yollarla müvafiq çıxarış əldə etmişlər. Bununla kifayətlənməyən yuxarıda adı çəkilən qabaqcadan əlbir olmuş həmin qrup vətəndaş Məmmədov Nurlanın ev və iş ünvanına “AFB Bank” ASC-nin və Abşeron icra və probasiya şöbəsinin adından məktub və bildirişlər göndərərək ona həm mənəvi həm də ciddi maddi ziyan vurmuşlar.
Abşeron icra və probasiya şöbəsinin icra məmuru Eltac İskəndərovun 16.08.2021-ci il tarixli 158933/14E saylı dövlətin adından göndərilmiş icra sənədi ilə vətəndaşın rəsmi iş yerindən tələb olunmuşdur ki, onun əmək haqqının 50% miqdarında tutulma aparılsın və əlavə olaraq digər zəruri xərclər də vətəndaşın əmək haqqından tutulsun.

Belə ki, “AFB Bank” ASC-nin 12.10.2021-ci il tarixli, 113-030.01-21-0-741 saylı məktubunda vətəndaşdan mənzilin ½-nin ona məxsus olması barədə çıxarış əldə etsin. Bu tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Allahverdiyeva Vəfa Elxan qızı artıq mənzilin ona düşən ½ hissə ilə bağlı çıxarış əldə etmişdir.
Vətəndaş bütün müraciətlərində və mətbuata açıqlamasında məhkəmə prosesinin getdiyi və apellyasiya şikayəti etdiyini bildirsə də, onun müraciətləri nəzərə alınmamışdır.
Halbuki, Şuşa rayon məhkəməsinin 2(077)-22/2021 saylı, 13.01.2022-ci il tarixli qərardadında açıq şəkildə göstərilmişdir ki, “…2(077)-22/2021 saylı mülki iş üzrə 22.04.2021-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin”.
Maraqlıdır, görəsən qanunun icra edilməsinə məsul edilmiş məmurlar qanunu tapdalayanda dövlət buna göz yumacaqmı?
Vətəndaşın əmək haqqından qanunsuz olaraq tutulan vəsait geri qaytarılacaqmı?
Vətəndaşı incidən məmurlar öz cəzasını alacaqmı?
Dövlətin verdiyi vəzifə səlahiyyətlərindən istifadə edərək Dövlət Reyestrindən əldə olunan qanunsuz çıxarış (kupça) ləğv olunacaqmı?
Hörmətli oxucular, hesab edirik ki, bu hər bir vətəndaşın başına gələ bilər. Ona görə də mövzunu ictimai diqqətdə saxlamağınızı və paylaşmağınızı xahiş edirik.
Mövzu bizim də diqqətimizdədir.
Elnur Səlim
