
ELBARİZ MƏMMƏDLİ
Rusiya — Ukrayna müharibəsinin başlanma ehtimalına ( dünyanın aparıcı informasiya şəbəkələrinə əsaslansaq) saatlar qaldı. Bütövlükdə Avrasiya qitəsi üçün fəlakətlər gətirə biləcək bu savaş baş verərsə, bütün günahların Rusiyanın üzərinə düşəcəyi şəksizdir. Hərçənd ki, ehtimalların reallaşmasına əsaslı faktlar ortada yoxdur.
Gəlin Kremlin işğalçı hərb siyasətinin detallarını nəzərdən keçirək. Həm sovet hakimiyyəti dönəmində, həm də ondan sonrakı illərdə rusların bütün hərbi həmlələri əsasən iki istiqamətdə həyata keçirilib. Birinci halda, ruslar işğal və savaşı guya müttəfiqi olduqları ölkələrin rəhbərlərinin (daha dəqiq desək, Kremlə bağlı şəbəkələrin) daxili çaxnaşmalardan qurtulmaq istəyinə, ikinci halda isə, ayrı-ayrı ölkələrdə yaşayan slavyan toplumlarının guya müdafiə olunması marağına uyğun olaraq həyata keçiriblər.
Hər iki halda siyasətin alt qatında işğalçılıq və hökmranlıq dayanıb. İndi sual olunur, əgər Kreml slavyan birliyinə bu qədər önəm verirdisə, o zaman Ukraynaya yönəlik düşmənçilik siyasəti nəyə əsaslanır? Əksər siyasilər bunun səbəbini Kiyev hakimiyyətinin Qərbə inteqrasiyasında, NATO-ya qoşulmaq istəyində axtarıb, israr edirlər. Sözsüz ki, əsas səbəblərdən biri budur. Amma Kremlin əsas niyyəti öz ətrafında güclü dövlətlərin olmamasına hesablanıb. Çünki şimal ölkəsi tamamilə xalqdan uzaq, həm də rus xalqına o qədər də dəxli olmayan yırtıcı dəstələrin girovundadır. Ukraynanın və ya digər keçmiş postsovet respublikalarının demokratikləşməsi, eləcə də güclənməsi rus cəmiyyətini hər an inqilabi proseslərə səfərbər edə bilər.
İkincisi, belə olan halda Rusiyanın zəbt etdiyi ərazilərdə onlarla müstəqil dövlətin yaranması ehtimalı çox yüksəkdir. Kremli idarə edənlər bunu yaxşı anladıqları üçün xalqı şovinizmlə körükləməyə, işğalçı hərəkətlərə dəstək almağa maraqlıdırlar. Əks halda onsuz da son həddə çatmış sosial narazılıqlar ölkəni uçuruma sürükləyə bilər. O ki, qaldı Ukrayna ilə savaşa, dediyimiz şovinist kəsim istisna olmaqla, bu savaş rus xalqı və onun ağıllı elitası tərəfindən dəstəklənmir. Ukraynada isə, əksinə olaraq, xalq bir bütövlük nümunəsi göstərir. Bu yerdə onu da qürur hissi ilə xatırlatmaq lazımdır ki, xalqımızın son savaşda ortaya qoyduğu birlik nümunəsi çoxları, o cümlədən də ukraynalılar tərəfindən bir örnək kimi qəbul olunub. Ruslar bütün bunları yaxşı bildikləri halda, Kiyevin iki saata işğalı ilə bağlı istəklərini nə ilə əsaslandırırlar, anlamaq çətindir. Həm də ruslar tarix boyu basdırdıqları daxili minaların partladılmasına əsaslanıb, eynilə Donbasda olduğu kimi savaşı alovlandırıblar.
Hazırda bu mənada Ukraynada ən həssas yer Xarkovdur ki, burda da vəziyyət onların istəyinə adekvat deyil. Qərbin müharibə qoxusuna susqunluğu və ya passiv mövqedə dayanması hələ Ukraynanın meydanda tək buraxılacağını düşünməyə əsas vermir. Putinin özündənrazı və hədə qorxulu hərəkətlərinə tamaşaçı olan Qərb siyasətçiləri daha soyuqqanlı və praqmatikdirlər. Savaşın miqyasının böyüyərək, sərhədləri aşması, onların iqtisadi və dövlət maraqları ilə uzlaşmır. Burda güdülən əsas maraq, savaşda Rusiyanın daha da zəifləyəcəyinə, hətta dağıla biləcəyinə hesablanıb ki, bu ehtimallar da özünü doğrulda bilər. Çeçenlərlə savaşda tankı-topu, hətta helikopter və raketləri əks tərəfə satan generalitetin bu dəfə sadiqlik nümayiş etdirəcəyi inandırıcı görünmür. Həm də Ukrayna Çeçenistan deyil, axı.
Qardaş Ukrayna xalqının bu həyəcanlı saatlarında bütün dünyanın nəzərləri Kiyevə cəmlənib. Rusiya özü üçün bəlkə də sonuncu olacaq döyüşə girmək istəyir. Girəcəkmi? Girəcəksə bu, bütün region üçün Şərin sonunu gətirəcək əsas hədəfdir.
