Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində qətliam törətməsinin 30-cu ili tamam olur.
Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı.

Akif Həsənov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri
AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov faciə ilə bağlı deyib: «Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri qətlə yetirilib.
Ümumilikdə Qaradağlı soyqırımında kənd 117 övladını itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb!
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.
Bu gün müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasını düşməndən alıblar.»
Allah şəhidlərimizə rəhmət eləsin!..
Elnur Səlim

