Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya Ukraynanın işğalına «ən güclü rıçaq» — iqtisadi və maliyyə sanksiyaları ilə cavab verəcəyini vəd edib. Onun sözlərinə görə, onların tətbiqindən sonra Moskva dünya maliyyə bazarlarından qovulacaq.
“Əgər Vladimir Putin müharibəyə başlayarsa, biz əlimizdə olan ən güclü rıçaqla cavab verəcəyik: iqtisadi və maliyyə sanksiyaları, çünki iqtisadiyyat Rusiyanın ən zəif halqasıdır. Maliyyə sanksiyaları Rusiyanın beynəlxalq maliyyə bazarlarından praktiki olaraq kəsiləcəyi anlamına gələcək”, — Ursula fon der Leyen bildirib.
AK rəhbəri bildirib ki, Rusiyanın iqtisadiyyatı modernləşdirmək və şaxələndirmək üçün ehtiyac duyduğu bütün mallara məhdudiyyətlər qoyulacaq. O qeyd edib ki, Rusiya karbohidrogen ixracından asılıdır və iqtisadiyyatın bu sektoru modernləşdirilməlidir.
Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında Rusiyaya qarşı sanksiyaların enerji və yüksək texnologiya sektorlarına təsir edəcəyini bildirib. O, hesab edir ki, Ukrayna böhranını Rusiya yaradıb.
Ağ Ev eyni zamanda bildirib ki, sanksiyalar enerji ixracına yönəlməyib. Rusiya Ukraynaya hücum planlaşdırdığını inkar edir.
