TƏBRİK: İMAMƏLİYEVA AİDƏ NƏSRULLA QIZI

İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi və ən əsası vətənpərvərliyi ilə seçilən eləcə də ömrünün 15 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinində müxtəlif rəhbər vəzifələrdə keçirmiş ehtiyatda olan polkovnik-leytenant İmaməliyeva Aidə Nəsrulla qızıdır.


Ehtiyatda olan polkovnik-leytenant İmaməliyeva Aidə Nəsrulla qızı 22 fevral 1963 — cü ildə Astara rayonun Ərçivan kəndində ziyalı ailəsində anadan olub.


Aidə xanımın atası Nəsrulla müəllim Böyük Vətən Müharibəsi iştirakçısı və müharibə veteranı olub, 15- dən artıq orden və medallarla təltif edilibdir. Polkovnik-leytenant Aidə İmaməliyeva 1980-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Neft və Kimya institutunu, Azərbaycan Dövlət Universitetini (hüqüq fakültəsi üzrə), Polşanın Kalış şəhərində isə Penitensiar xidməti üzrə ixtisas artırma kursunu bitiribdir. Aidə xanım Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət etdiyi illər ərzində bir çox metodiki təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

Aidə xanım tələbəlik illərində, institutda təlim- tərbiyə komissiyasının sədri, İnstitut Partiya komitəsinin üzvü, eyni zamanda tələbələr arasında qrup rəhbəri olmuşdur. Aidə İmaməliyeva İnstitut tərəfindən əlaçı tələbə kimi Cənubi Afrikanın 5 ölkəsinə ( Anqola, Benin, Nigeriya, Qvineya -Bisau və Syera — Lionaya) 200 nəfər tələbə ilə usta kimi Çexiya Tələbə inşaat Dəstəsinə göndərilmişdir. O, İnstitutu bitirdikdən sonra təyinatla 1992- ci ilə kimi «Ulduz» Elm İstehsalat Birliyinin Baş Mexanika şöbəsində mühəndis vəzifəsində işləmişdir.


Ehtiyatda olan polkovnik-leytenant Aidə İmaməliyeva 1993-1997 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Hüquq şöbəsində axtarış üzrə baş əməliyyat müvəkkili, 1998- 2008 -ci illərdə isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə müəssisəsində Əməliyyat — Rejim işlər üzrə rəis müavini və rəis əvəzi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş İdarəsində xidmət edərkən, Qadınlar şurasının ilk sədri kimi ictimai vəzifənin öhdəsindən
layiqincə gəlmişdir.

Polkovnik-leytenant Aidə İmaməliyeva Ədliyyə Nazirliyindən ehtiyata buraxıldıqdan sonra 2014- cü ilə kimi «Neftçi » Peşəkar Futbol Klubunda, 2015-ci ildən etibarən isə Cüdo Federasiyasının Qadınlar üzrə yığma komandasında çalışır. O, Azərbaycan Cüdo Federasiyasının yığma komandası ilə birgə bir çox ölkələrdə (Türkiyə, Gürcüstan, Çexiya, Italiya, Almaniya, Bosna -Hersoqovina, Fransa, Macarıstan, Sloveniya, Xorvatiya və sair…) təlim — məşq toplanışlarında və yarışlarında iştirak edib. «Yüngül Atletika» üzrə (hündürlüyə və uzuna tullanmaq üzrə) Respublika çempionu, «Atıcılıq» üzrə Daxili Qoşunların Baş İdarəsi və hərbi hissələri arasında keçirilən yarışlarda isə bir neçə dəfə çempion olmuşdur.


Müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin — Daxili Qoşunların Baş İdarəsində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, müvafiq nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə eləcə də vəzifə borcunun icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə tabeliyində
olan hərbi qulluqçuları və ədliyyə işçilərini fədakar xidmətə ruhlandırmışdır.


Polkovnik-leytenant Aidə İmaməliyeva Daxili Qoşunların Baş idarəsində və Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima uğur qazanmışdır. Aidə xanım harada xidmət etməsinə baxmayaraq, öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə prinsipial mövqe tutmuşdur.


Qeyd olunanlarla yanaşı Aidə xanım Daxili Qoşunlarda və Pentensiar xidmətdə xidmət etdiyi illərdə özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə , oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi, işlədiyi və məşq etdiyi kollektivlərdə dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət
qazanmışdır.


Polkovnik-leytenant Aidə İmaməliyeva Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində, Ədliyyə Nazirliyinin Penitesianar xidmətində xidmət etdiyi illər ərzində Xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri, döyüş və ictimai siyasi (komandir və ixtisas) hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə eləcə də Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və 4 saylı Cəzaçəkmə müəssisəsinin daxilində hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, axtarışda olan şəxslərin tutulması üçün lazımi tədbirlərin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Daxili İşlər və Ədliyyə Nazirlərinin habelə onların müavinlərinin, Daxili Qoşunlar Komandanın müvafiq əmrləri ilə medallarla, əla xidmətlərə görə döş, yubiley, idman dərəcəsi nişanları ilə təltif olunmuş, pul, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.


Qeyri-Hökümət Təşkilatları, Beynəlxalq Qırmızı Xaç komitəsi və Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə müəssisəsində keçirilmiş bədiyi və humanitar tədbirlərdə fəal iştrakına görə Aidə xanım dəfələrlə müvafiq qaydada fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırılıbdır.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AİDƏ XANIM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: