Türkiyə və Avropa ölkələrinin Rusiyanın «tanıma» oyununa reaksiyası nə oldu?

Türkiyə Rusiyanın “LXR” və “DXR”in müstəqilliyini tanınması qərarına münasibət bildirib.

Bu barədə Türkiyə XİN-in yaydığı məlumatda deyilir: “Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün, Ukraynanın siyasi birliyinin, ərazi bütövlyünün açıq şəkildə pozulması anlamına gəlir. Rusiyanın bu qərarını qəbuledilməzdir və rədd edirik».

BBC-nin verdiyi məlumata görə, Britaniyanın Baş naziri Boris Jonson deyib ki, Ukraynanın şərqindəki separatçı qurumların tanınması «açıq şəkildə beynəlxalq hüququn pozulması» olar.

«Bu, Ukraynanın suverenliyi və bütövlüyünün kobud şəkildə pozulmasıdır», cənab Jonson deyib. «Bu, Minsk prosesinin və Minsk razılaşmalarının rədd edilməsidir və hesab edirəm ki, bu, çox pis işarə və çox qaranlıq əlamətdir».

Almaniya Kansleri Olaf Şolz Putinin qərarını pisləyib və məsələ barədə Fransa və Ukrayna prezidentləri ilə müzakirə aparıb.

Fransa Prezidenti Emmanuel Makron Ukrayna böhranını müzakirə etmək üçün təhlükəsizlik və müdafiə şurasının təcili iclasını çağırıb.

Makron bundan əvvəl iki dəfə cənab Putinə zəng edib və Ukrayna barədə danışıb.

Bundan əvvəl Vladimir Putinə xəbərdarlıq edilib ki, o, Ukraynanın separatçı regionlarının müstəqilliyini tanıyarsa, Avropa İttifaqı sanksiya tətbiq edə bilər.

Aİ-nin xarici siyasət üzrə komissarı Cosep Borrell daha əvvəl demişdi ki, «ilhaq olarsa, sanksiyalar olacaq, tanınma olarsa, mən sanksiyaları masaya qoyacağam və nazirlər qərar verəcək».

Baş verənlərdən görünür ki, Vladimir Putin xəbərdarlıqlara məhəl qoymayıb. Kreml elan edib ki, Putin bu qərarı barədə Fransa və Almaniya liderlərinə məlumat verib.

Fransa və Almaniya bu münaqişə ilə bağlı Ukrayna və Rusiya arasında əsas vasitəçilərdir.

Bu xəbəri paylaşın: