Rusiya Ukrayna ərazisindəki separatçı “Donetsk və Luqansk xalq respublikaları”nın hansı sərhədlər daxilində tanıdığını açıqlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml “Donetsk və Luqansk xalq respublikaları”nı özlərini elan etdikləri sərhədlər daxilində tanıyır.
İşğala məruz qalmış ərazilər barədə materialı Fedai.az təqdim edir:
Tanınmamış separatçı respublikaların ərazisi, əhalisi, sənayesi, silahlı qüvvələri və digər göstəriciləri barədə «Kommersant» material dərc edib.
Qondarma «Donetsk Xalq Respublikası»

7,85 min kvadratkilometr ərazisi var. Bu göstərici Adıgey ilə müqayisə edilə bilər (7,8 min). «DXR»-ə 13 respublika əhəmiyyətli şəhər, 8 rayon əhəmiyyətli şəhər, 66 şəhər tipli qəsəbə, 360 kənd yaşayış məntəqəsi daxildir.
2022-ci il yanvarın 1-nə əhalinin sayı 2,2 milyon nəfərdir ki, bu da Altay diyarının əhalisi ilə (2,27 milyon) müqayisə edilir. Şəhər əhalisinin xüsusi çəkisi — 95%, kənd əhalisi — 5%-dir.
2021-ci ildə «DXR»-də ölüm nisbəti, (1000 nəfərə 3,8 nəfər ölüm, hər 1000 nəfərə 15,7 nəfər doğuş) doğum nisbətini əhəmiyyətli dərəcədə üstələyib (Yəqin rus muzdlu terrorçuları vaxtlarını boş keçirməyiblər -red.).
Orta aylıq əmək haqqı 15,3 min rubl, pensiya 7,3 min rubl təşkil edir. (hər iki göstərici Rusiyanın hər hansı bir bölgəsindən aşağıdır). 2021-ci ildə respublikada 34,7 min nəfər işsiz qeydə alınıb.
2021-ci ildə ixrac 48,6 milyard rubl təşkil edib ki, bu da bir il əvvəlkindən 2,64% azdır. İxrac olunan malların 73%-ni kömür, antrasit, koks, yarımkoks təşkil edib.
İxracın demək olar ki, 18%-ni qara metal prokatları, çuqun təşkil edir. 2020-ci ildə «DXR»-in metallurgiya istehsalının ümumi həcmi 24 milyard rubl təşkil edib (2019-cu ildə — 86 milyard rubl olub).
Ümumilikdə, 2020-ci ildə «DXR» 640 min ton çuqun (2019-cu ildə — 1,6 milyon ton), 542 min ton polad (bir il əvvəl 1,4 milyon ton), 503 min ton prokat (1,1 milyon ton) əridib. 978 min ton koks (1,4 milyon ton) istehsal edib.
Hesablamalara görə, 2021-ci ildə respublikada istehsal 190 milyard rubl təşkil edib. DXR mallarının əsas ixracatçıları Rusiya (82%), Belarusiya (4,1%) və «LXR» (3,2%)-dir. Digər ölkələrin payı 10,7% təşkil edir.
Əsas müəssisələr: Donetsk Metallurgiya Zavodu, Yenakiyevski Metallurgiya Zavodu, Zuevskaya İES, Komsomol Mədən İdarəsi, Xartsızski Boru Zavodu. 2021-ci ilin dekabr ayında sənaye istehsalı indeksi 2020-ci ilin dekabr ayı ilə müqayisədə 100,2% təşkil edib.
Silahlı qüvvələrin sayı («DXR» Xalq Milisi) təxminən 20 min nəfərdir.
2019-cu ildə Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, DXR-nin 1-ci Ordu Korpusunda 285 tank, 557 zirehli döyüş maşını, 240 top, 171 minaatan və 122 reaktiv yaylım atəşi qurğusu var.
Qondarma «Luqansk Xalq Respublikası»

8,38 min kvadratkilometr ərazini əhatə edir. Bu «DXR» ərazisindən çoxdur və Şimali Osetiya ilə müqayisə edilə bilər (7,99 min kv. km). «LXR» 14 inzibati vahidə bölünür — 8 şəhər administrasiyası, o cümlədən Luqansk, 3 rayon administrasiyası və 3 birlik.
2022-ci il yanvarın 1-nə əhalinin sayı 1,4 milyon nəfərdir ki, bu da Tula vilayətinin əhalisi ilə (1,43 milyon) müqayisə edilir. Şəhər əhalisinin xüsusi çəkisi — 93%, kənd əhalisi — 7%-dir.
2021-ci ilin ilk dörd ayında əhalinin təbii azalması 7,3 min nəfər təşkil edib. Orta əmək haqqı 18,2 min rubl təşkil edir. («DXR»-dən yüksəkdir, lakin Rusiyanın hər hansı bir bölgəsindən aşağıdır), pensiya — 12,5 min rubldur.
«LXR»-in ixracının 73%-i metallurgiya məhsullarıdır. Əsas müəssisələr: Krasnodonuqol, Rovenkiantracite, Alçevsk Dəmir-Polad Zavodu, Alçevsk Koks-Kimya Zavodu.
Silahlı qüvvələrin sayı («LXR» Xalq Milisi) təxminən 14 min nəfərdir. 2019-cu ildə Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, «LXR»-in 2-ci Ordu Korpusunda 196 tank, 357 zirehli texnika, 204 çöl artilleriya silahı, 105 minaatan, 86 reaktiv yaylım atəşi silahları olub.
Respublikaların büdcələri rəsmi olaraq açıqlanmır, materialın dərci zamanı «DXR» və «LXR» səlahiyyətliləri «Kommersant»ın büdcə gəlirləri və xərcləri ilə bağlı sorğusuna cavab verməyiblər.
Atmaca: Separatçı qurumun büdcəsi yal verənin rəhmindən asılıdır. Bunu soruşmağa ehtiyac yoxdur…
Fedai.az Araşdırma Qrupu
