
Elbariz Məmmədli
Sevgili Ukrayna torpağı savaş içindədir. Tanrının gözəllik məskəni kimi yaratdığı yurdlar işğalçı düşmənin namərd həmlələrindən odlara qalanır. Amma Ukrayna xalqı hamılıqla səfərbər olunub, düşmənə layiq olduğu dərsləri verir. Böyük ürəyə, böyük ruha sahib olan xalq, özündən dəfələrlə güclü, amma ruhsuz və amansız olan işğalçıların önündə basılmaz qala divarı kimi dayanıb. Özünü Əhrimən övladı kimi aparan Kreml cəlladları ikinci Əfqanıstan savaşının içindədirlər və burdan işğalçı qalib kimi çıxacaqlarına ümid yoxdur.
Bircə faktı demək lazımdır ki, müharibə ilə bağlı verilən bütün informasiyalarda müəyyən məhdudiyyət var və reallığı tam əks etdirmir. Təkcə onu demək olar ki, Rusiya tərəfindən verilən məlumatlar ölkənin daxilində sabitliyin qorunmasına hesablanıb və əksəriyyəti yalandır.
Əvvəla, onu deyək ki, istər Ukraynanın, istərsə də Rusiyanın istifadə etdiyi silahlar əsasən rus istehsalıdır və müasir müharibələrdə asanlıqla yararsız metala çevrilir ( Bu həm də dünyaya güc nümayiş etdirən şimal qonşumuzun hərbi ticarətini dibindən baltalayır. Ehtiyacı olan ölkələr daha müasir hərbi texnologiyalara yiyələnməyə maraq göstərirlər).
Çörəyi siyasi işbazlıqdan çıxan çoxları Ukrayna savaşını Qərbin oyunu kimi dəyərləndirir və nəyə əsaslanırlar, anlamaq olmur. Əksəriyyəti rus yanlısı olan bu adamlar nədənsə, son 10 — 15 illik Kreml təbliğatının istiqamətlərindən və niyyətlərindən söz açmırlar. Ən azı Putinin Qazaxıstanla bağlı dedikləri düşüncələrdə açar rolunu oynaya bilər. O ki, qaldı Qərbə, burda Faransa və Almaniyanın sürüşkən siyasəti artıq məlumdur. Yəni onların ruslarla loyal münasibəti bütün dünyanın gözü qarşısında olub. Bəlkə də Rusiya bir az həmin loyallığa əsaslandığı üçün özünü daha aqressiv aparır. Amma bunu İngiltərə haqqında demək olmaz və ingilis siyasəti bütün sərtliyi ilə ortadadır. Prezident Zelenskinin Qərbə ünvanlı iradları anlaşılandı. O mənada ki, Ukrayna savaşında təkcə dost ölkənin deyil, əksər Avropa dövlətlərinin taleyi həll oluna bilər. Qərb dövlətləri tarixdə ədalətsiz qanlı izlər qoymuş rus ağıl və təfəkkürünün sağlamlığına etibar etmirlər və iqtisadi, eləcə də siyasi sanksiyalara əl atmaqla, bu paşıpozuq nüvə dövlətini tutduğu yoldan çəkindirməyə çalışırlar. Eyni soyuqqanlılığı Şimali Koreyaya da nümayiş etdirmişdilər. Hərçənd ki, bütün bunlar rus aqressivliyinin davamlı olacağlna əsas vermir. Bunu Ukraynaya qarşı savaşdan başqa yolu qalmayan Kreml cəlladları da yaxşı bilirlər. Əslində iki daşın arasında qalan Rusiya Ukraynaya ölmüş imicini bərpa etmək üçün daxil oldu və göründüyü kimi, hər şey istədiyinin əksinə yönəldi.
Tarixə bələdçiliyi olanlar yaxşı bilirlər, 1941-1945- illər müharibəsində Ukrayna və Belorus partizan hərəkatları müharibənin dönüşündə həlledici rol oynayıblar. Bu gün düşmənə qətiyyətlə müqavimət göstərən ukraynalıların döyüş taktikasında həmin qabiliyyətin əlamətləri aydın görünür. Rus piyadaları onların gözlənilməz həmlələri qarşısında çıxılmaz vəziyyətə düşüb ağır itkiyə məruz qalırlar. Hava hücumlarının intensiv xarakter alması da bununla bağlıdır. İşğalçılar hədəf seçimi etmirlər. Xəstəxanalardan tutmuş, yaşayış binalarına qədər hər yeri hədəfə alıb, bütün savaş qanunlarını pozurlar. Bərdəyə, Gəncəyə, Mingəçevirə və s. atdıqları kimi atırlar ( Və həysızcasına bunu inkar edirlər).
Qanlı 20 Yanvarda bizi əzdikləri kimi, ukrayna xalqını da ilk məqamda tankla əzib keçirlər. Amma bu varvarlıq bütövləşmiş millətin ruhunu sındıra bilməz. Ruslar nəticə nə olursa olsun, dost ölkədən 200 nömrəli yük sifətində əzilib çıxacaqlar. Sorğular keçirib 60 faiz ölkə əhalisinin müharibə tərəfdarı olması haqda üfürülən yalanlar da onlara kömək etməyəcək. Rusiya cəmiyyəti də bunu yaxşı anlayır. Yaşasın Ukrayna!!!
