Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Respublikamızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 28 illik fəaliyyəti dövründə veteranlar və şəhid ailələrinin hüquqlarının bərpa olunmasında ölkə qanunvericiliyinə uyğun şəkildə daim öndə olub.
Bəzi səlahiyyətli şəxslər, hələ də hüquqları respublika qanunları və daha fərqli olaraq «Veteranlar haqqında», «Əlillərin sosial reablitasiyası haqqında» Respublika Qanunları ilə tənzimlənən müharibə əlillərinin, müharibə veteranlarınəın hüquqlarını pozmağa çalışırlar. Xüsusən də apardığımız araşdırmalar göstərir ki, Müzəffərt Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində Zəfərin qazanılmasından sonra bu cür hallar bir mərkəzdən idarə olunan proses kimi artmaqdadır. Sanki kolon mənsubları bu qəbildən olan insanlardan qisas almağa çalışırlar. Artıq aylardır ki, belə bir «əməliyyatla» üzbəüz qalan müharibə iştirakçıları son ümid yeri kimi bizə — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) üz tutublar.
Nəzərinizə çatdırmaq istərdik ki, onları öz «ötür-ötür» oyunları və yalanları ilə “Baku City” MTK aldatmağa çalışır. Belə ki, Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi 42/9, qeyri-yaşayış sahəsində müharibə əlillərinə məxsus ticarət obyekti həmin ərazidə hündürmərtəbəli binalar inşa edən “Baku City” MTK tərəfindən bağlanmış hüquqi müqavilə əsasında sökülmüşdür. Müqavilədə MTK-nın əlillərə məxsus obyektin söküntüsündən sonra aylıq 1500 manat icarəhaqqının və yeni tikiləcək kompleksdə 90 m2 ərazinin verilməsi nəzərdə tutulsa da, onlar öhdəliklərinə əməl etməkdən boyun qaçırırlar. İki ildir ki, müxtəlif vədlərlə və bəhanələrlə sözügedən müharibə əlillərini get-gələ salırlar. MTK tərəfindən sökülmüş həmin yerlər 15 nəfər müharibə əlilinin dolanışıq yeri olmasını ərazidə hər kəs, xüsusən də MTK yaxşı bilir. Son dövrlərdə isə MTK-nın Yavuz adlı rəhbərlərindən biri hətta haqlarını tələb edən müharibə əlillərini təhqir etməkdən və “Gedin Prezident İlham Əliyev sizin pulunuzu versin” kimi çirkin ifadələri işlətməkdən belə çəkinmir. Savaş günündə «toza», barış günlərində daşa dönən bu şəxslər, yəqin ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının döyüşçülərin hüquqlarının qorunmasıyla bağlı dediklərini, göstəriş və tapşırıqlarını, Ağdam rayonunda müharibə veteranları ilə bağlı söylədiyi: “Dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onlar incidilməməlidirlər. Aidiyatı qurumlara öz göstərişimi verirəm. Həm dövlət, həmdə özəl qurumlar onların sosial problemlərinin həllinə diqqət göstərməlidir. Onlara qarşı ədalətsizlik qətiyən qadağandır. Qan tökmüş, vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu dövlətin siyasətidir, mənim tələbimdir.” fikirləri yəqin ki, “Baku City” MTK rəhbərliyinin dinləməyə vaxtları olmayıb. Kimiləri bu məmləkəti satlıq mal kimi, kimiləri isə öz canından da əziz bilər. Təəssüflər olsun ki, “Baku City” MTK-nın rəhbərliyi öz şəxsi mənafelərini belə dövlətin mənafeyindən üstün tutur.
Müharibə veteranları “Baku City” MTK-nın müqavilə ilə öhdəliyinə götürdüyü qazilərimizin 90 m2 yerinin və yığılmış 33000 AZN icarəhaqqının verilməsini istəyirlər. Bu adi vətəndaş hüququnu saymayan, ölkə qanunlarını heçə sayanların bu ölkədə biznes qurmağa mənəvi haqları yoxdur.
Məsələylə bağlı 86 min üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ölkə prezidentinə müraciət ünvanlayıb. Prezidentin bu məsələyə dair göstəriş verəcəyinə inanırlar. Çünki Vətən müharibəsi bir daha kimlərin kim olduğunu ortaya qoydu. Müqavilə şərtləri yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konustitusiya Məhkəməsinin Qərarında deyilir:
«Beləliklə, qanunvericiliyin tələblərinə görə zaminlik müqaviləyə əsaslanan öhdəlikdir. Bunun nəticəsində zaminliyin yaranması və etibarlılığı hər hansı müqavilə öhdəliyinin yaranması və etibarlılığı üçün zəruri olan bütün şərtlərin mövcudluğunu tələb edir. Buna görə də zaminlik öhdəliyi şərtsizdir, öhdəliyin icrasından birtərəfli imtina və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 386, 470 və 471-ci maddələrinin tələblərinə uyğun olaraq yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər.
Məhkəmə təcrübəsində zaminlik müqaviləsi ilə bağlı qanunvericilik normalarının tətbiqində müxtəlif yanaşmaların mövcud olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminliklə əlaqədar mülki dövriyyənin sabitliyini təmin etmək məqsədilə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri bu Qərardan sonra yaranan münasibətlərə şamil olunmalıdır».
Qanun bir mənalı olaraq veteranların hüquqlarını müdafiə edir. Ali Baş Komandanımızın cavabını gözləyirik. Bu olayı ictimailəşdirərək, döyüşçünü düşmən bilən iş adamlarının bu ölkədə biznes fəaiyyətləri qurmasına yol verməmək üçün geniş kompaniya başladacağıq. Belələrinə «DUR!» demək vaxtıdır…
P.S. Bu «Baku City» Mənzil Tikinti Kooperativi təkcə müharibə əlilinin puluna göz dikməyib. Bu adamların iştahası o qədər artıbdır ki, Dövlət Babanın da külli miqdarda puluna tamah salıb və vergi borcu yaranıb.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, şirkət 120 min manata yaxın yığılmış borcunu dövlətə ödəməkdən imtina edir. Buna görə də Dövlət Vergi Xidməti MTK-nı məhkəməyə verib. Onu bilirik ki, nə Dövlət, nə də ki, bir ulusun var oluşu sayılan qazulər pullarından əl çəkməyəcəklər. Sizlərə bir məsləhət, tez bir zamanda Dövlətin pulunu Dövlətə, qazinin pulunu qaziyə ödəyin…
AVMVİB Mətbuat Xidməti
Mövzuya qayıdacağıq…
