
ELBARİZ Məmmədli
Ukraynada gördüklərinizin başqa adı varsa, siz deyin. Amma düşüncələrinizdəkinin adını faşizm qoymayın. Çünki 1919- cu ildə İtaliyada Mussolini tərəfindən irəli atılan, Adolf Hitlerlə özünün pik nöqtəsinə çatan, hətta əli Latın Amerikasına qədər uzanan bu irticaçı cərəyan bütün göstəriciləri ilə sovet rejimindən çox arxada qalıb. İndi Ukrayna xalqının başına gətirilənlər bunun əyani sübutudur.
Adı nə olur olsun, gorbagor Lenin tərəfindən yaradılan, cəllad Stalin tərəfindən amansızlıqla davam etdirilən sovet sosialist sistemi dünyada insanlığı zombiləşdirməyin ən qəddar forması olub. Sovet koloniyasına alınmış millət və xalqlar, bütün dəyərləri əlindən alınmaqla, ağıllıları budanmaqla başsızlaşdırılıb, dünyaya baxışı aşılanıb, beləliklə də təhkimçilik dövrünün feodal düşüncəsinə qaytarılıb.
Hərçənd ki, böyük tarixi cinayətlərə imza atsa da Hitler bu yanlışlıqları etməmişdi. Hitlerizm nə qədər təhlükəli olsa da, Kreml düşüncəsi qədər allahsız və amansız olmayıb. Tarixdə onun özünə aid olan bağışlanmaz lənət yeri var. Amma sovetlərin xüsusi qəddarlıqla həyata keçirdiyi ağır repressiyalar hitlerizmi kölgədə qoyur. Xocalıda, Çeçenistanda, Mariopolda törədilən cinayətlər yeni (neo) faşizmin ən böyük qəddarlıq nümunəsidir.
Hələ tarixə varıb, dünən və bu gün Kreml siyasətinin Avropa ölkələrində, Yaxın Şərqdə törətdiyi qırğınlardan söz açmırıq. Çünki rus dövlətinin mahiyyəti budur və onun yaxşıya doğru dəyişə biləcəyinə zərrə qədər inam yoxdur. Sovet sistemi süquta uğrayanda, Rusiya saf niyyətli olsaydı, münasibətləri bir az fərqli müstəvidə qorumaq istəyində olardı. Amma özünü dağılmış dövlətin varisi elan etməklə, yetmiş illik sərvətə sahib çıxdı. Mərkəzləşdirilmiş iqtisadi sistemi dağıtdı. Ayrı-ayrı respublikalarda milli münaqişələr yaratdı. Yəni leninizm-stalinizmin başını kəsdiyi millətlərin ölü canındakı ayaqları da kəsdi. Özünün neofaşist siyasəti ilə kimsəni ayaqlanmağa qoymadı. Üç Pribaltika respublikası istisna olmaqla, qalan respublikaları öz qorxu məngənəsinə aldı. Əslində Kremldə oturan cəlladlar yaxşı anlayırdılar ki, Ukraynanın hər zaman bu məngənədən qurtulmaq imkanı var. Onun qarşısının alınması üzərində namərd planlar qurdular.
Əvvəlcə Ukraynadan nüvə silahının çıxarılmasına nail oldular. Dünya qarşısında onun təhlükəsizliyinin qarantı olacaqlarına imza atdılar və buna heç vaxt əməl etmədilər. Sonra Ukraynanı Krım yarımadasında rus donanmasının da müqavilə əsasında saxlanmasına razı saldılar və gələcək işğalların minalarını basdırdılar. Yəni, gələcəkdə bu dövlətə Rusiya, Belorus ərazilərindən başqa Krımdan da hücum etmək imkanı əldə etdilər. Sonra baş verənlər hamıya aydın olduğu üçün xatırlatmağa ehtiyac yoxdur.
Artıq 22 gündür ki, Kreml Xuntası xaincəsinə Ukraynaya hücum edib. Ölkədə daş daş üstə qalmayıb. Bütün müharibə qanunlarını pozaraq, hər yerdə qətliamlar törədir. Fəqət, ruslar özlərini burda dünyada öyündükləri kimi, böyük güc tək apara bilmirlər. Nüvə eyforiyasına uyub soxulduqları məmləkətdə heç vaxt özlərində olmayan vətəndaş müqaviməti, qürur və yenilməzliklə üzbəüz qalıblar. Əslində Kreml cəlladları Qarabağda Azərbaycan xalqının ortaya qoyduğu milli birlikdən nəsə anlamalı idilər. Hikkə və özündən razılıq xəyalı buna inkan vermədi. Həm güc olmaq imicini, həm döyüş imkanlarını, həm hərbi arsenalını, həm də illərlə yaşatdığı hədə qorxunu Ukraynada dəfn elədi. Rus xalqını bütün dünyanın nifrət ünvanına çevirdi. Rusiya Ukrayna xalqından ölümcül zərbə aldı və sağalmasına heç bir güman yoxdur.
Bu gündən sonra onlar eyni xəyanətkar niyyətlərlə heç bir ölkəyə soxula bilməyəcəklər. Türk birliyinin yaranmasına qarşı çıxmaq imkanları olmayacaq. Daha dünyanın böyük gücü sayılmaq imkanları Jirinovski bağırtısından o yana keçməyəcək. Əlbəttə ki, mövcudluq imkanlarını saxlaya bilsələr. Amma görünən odur ki, onlar neofaşist düşüncəsindən başqa heç nəyə qadir deyillər.
Putinin nüvə hədələri də bu düşüncənin təzahürüdür. Guya, dünya bunun qarşısında aciz qalacaq. Ukraynada bitən güc, böyük dünyada ümumiyyətlə parça-tikə olacaq. Bunu hələ də Kreml sevdasını yaşadan həmvətənlərimiz də yaxşı anlamalıdırlar. Ukrayna Rusiyanı bitirdi. Yaşasın Ukrayna!
