
ELBARİZ Məmmədli
O Lex Valensa deyil. Heç Vatslav Havel də deyil. Nə Əbülfəz Elçibəyə, nə Mixeil Saakaşviliyə, nə də Viktor Yuşşenkoya oxşarlığı var. Həmişə üzü təbəssüm dolu olan gözəl Ukrayna torpağının insanlara gülüş və sevgi bəxş edən bir övladıdır. Əzəmətli xarakterini ustalıqla yumorunun arxasında gizlədə bilən bir fenomendir. Bəlkə bu, ondan irəli gəlir ki, soyadının tərcüməsində bahar fəslinə oxşarlıq var. Elə arzuları və düşüncələri də bahar ovqatlıdır. Dünyada bir çox xalqların həsrətini çəkdiyi demokratiya baharına ünvanlıdır.
Bu gün allahsiz düşmənin xain həmlələri qarşısında mərdanəliklə dayanıb, xalqın xarakterinin və sevgisinin Ağ göyərçinini axtarır. 2019-cu ildə Ukrayna xalqı onu prezident seçəndə, dünyada çox özündən razılar bu sənət adamına ağız büzmüşdü. Kreml Xuntasının neofaşist təfəkkürlü sözçüləri bu bəstəboy hünər adamını «kloun» adlandırmaqdan belə çəkinməmişdilər.
Özlərinin zombiləşmiş cəmiyyətində az qala lağ yerinə çevirmişdilər. Əvəzində Rusiyanın çiynini oynadan «aferist»ini bütləşdirib dünyanın bir nömrəli hökm adamı kimi xalqa sırımışdılar. Çünki yarandığı gündən bəri bu, rus siyasi — ideoloji, hərbi düşüncəsinin ana xəttini təşkil edib. Xəyanətlə «parçala və hökm sür.» Nə oldu?
O prezident kürsüsündə oturan kimi keçmiş sovetlərdən qalma çürük ənənələrin üstünə getdi. Şəkillərinin məmur kabinetlərində qoyulmasına üsyan elədi. Təklif etdi ki, iş otaqlarınızda övladlarınızın və əzizlərinizin şəkillərini qoyun. Hər gün işə gələndə onların da məxsus olduğu Vətənin xidmətçisi olduğunuzu unutmayın. Rusiyada belə hal müşahidə olunmayıb. Onun vassalına dönmüş ölkələrdə də eləcə. Əlbbəttə ki, bu hərəkət onların məmləkətlərində ciddi sorğu-sual doğura bilərdi…
Bu il fevral ayının 24- də Rusiyanın Ukraynaya xain təcavüzü , indiyədək bəşəriyyətə həzm etdirilmiş ciddi planları pozdu. Zelenski Amerikadan Antarktidaya, Avstraliyadan Şimal Qütbünə və hətta kosmosa qədər qütbləşmiş dünyanın bütün qaranlıq niyyətlərini pozdu. Amerika Senatından tutmuş, İngiltərə, Kanada, Almaniya parlamentlərində, beynəlxalq təşkilatların iclas zallarında ayaqda alqışlandı. Çünki kiminsə deməyə cürət etmədiyi doğruları dedi. Alman və fransız dövlətlərinin sürüşkən siyasətini, NATO-nun fəaliyyətsizliyini, Avropanın və dünyanın bir kabusla üzbəüz qaldığını, ABŞ, İngiltərə kimi nüfuzlu dövlətlərin astagəlliyini, Rusiyanın çürümüş bir İmperiya olduğunu çəkinmədən dilə gətirdi.
Mülki geyimini hərbi geyimlə əvəzləyib, bombalanan Kiyevdə xalqı ilə birgə savaşa qoşuldu. Özü ilə birgə Kulebo, Arestoviç və dövlətə sadiq digər məmurları da başına yığıb, haqlı Vətən savaşının lokomotivinə çevrildi. Onsuz da tarixi qəhrəmanlıqlarla dolu olan Ukrayna xalqı bəlkə də bunu gözləmirdi. Amma baş verdi. Bir çox Qərb dövlətlərinin təkidli tələblərinə baxmayaraq, bəstəboy Kişi Kiyevdən çıxmadı. Keçmiş poctsovet ölkələrinin siyasi elitasına bir cəsarət dərsi keçdi. Təpədən dırnağa korrupsiyalaşmış və kriminallaşmış rus hərbi-siyasi idarəçiliyi bu cəsarətin qarşısında çökdü.
Onu Yanukoviç, Akayev, Mütəllibov kimiləri ilə eyniləşdirə bilmədi. Zelenski öz xalqına və dövlətinə sahib çıxdığı kimi, Ukrayna xalqı da qəhrəman oğlunu bağrına basıb bütün xain həmlələrdən qorumağa səfərbər olundu. Zelenski dünyaya bir ədalət dərsi keçdi.
Dünyanı haqqın yanında dayanmağa məcbur elədi. Etiraf edək ki, son 50 ildə dünyada bundan fövqəladə bütövləşmə hadisəsi olmayıb. Meydanda Şimali Koreya, Serbiya, Ermənistan, Belorus kimi yöndəmsiz tərəfdaşlarla qalan Rusiya nə qədər mürəkkəb bir labirintə daxil olduğunu anladı.
Marqarita simonyanların, kandelakilərin, kadırovların, solovyevlərin, zatulinlərin, skabeyevaların ümidinə qaldığını etiraf etməkdən başqa yolu qalmadı. Dünən Zelenskini söyməyə cürət edənlər, əlləri boşa çıxdıqda, qəzəbi əliyalın xalqın, uşaqların, qadınların, qocaların, xəstəxanaların, yaşayış evlərinin, yetimxanaların üstünə tökdülər. Zelenski cəsarəti və dönməzliyi harınlamış rus vücudunu infarkt elədi.
Bu təzə tarixdir. Ukrayna xalqının və onun fenomen liderinin dönməz mübarizəsinin tarixi. Yazılan tarix insanlığı yavaş-yavaş uzaqlaşdığı ədalətə doğru geri qaytarır. Bir materikin, qitənin və bütövlükdə dünyanın Əhrimən övladlarından qurtuluşunun vacibliyini planetə car çəkir. Kim nə deyirsə desin, bu layihənin memarı Volodimir Zelenskidir. İndi gördünüzmü, təlxək kimdir?
Başından böyük danışıqları ilə hər gün dünyanı hədələyən, öz korrupsiya ortaqlarıyla belə diktator dilində danışan, zombiləşdirdiyi rus cəmiyyətinə qənim kəsilən, bütün ətraf ölkələr və xalqlar üçün bəlaya çevrilən birisi, yoxsa?..
Artıq bu sualın cavabını, Zelenski hünəri və Ukrayna xalqının yenilməzliyi verib.
