Prezident Suqovuşandan hansı mesajları verdi — Seçmələr

  • Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.
  • … Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.
  • Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!
Bu xəbəri paylaşın: