Rusiya Federasiyasının İstintaq Komitəsi jurnalist Aleksandr Nevzorova qarşı Mariupoldakı doğum evinə rus işğalçılarının hücumundan danışdığına görə cinayət işi açıb.
Meduza-nın yaydığı məlumatda belə deyilir.
Rusiya təhlükəsizlik qüvvələri “Rusiya Federasiyası silahlı qüvvələri haqqında yalan məlumat”la bağlı qondarma cinayət işi açıb.
Müstəntiqlərin fikrincə, Nevzorov “Rusiya aviasiyası tərəfindən Mariupolda doğum evinin atəşə tutulması ilə bağlı qəsdən yalan məlumat” yayıb. O cümlədən, jurnalist martın 9-da İnstaqramda, daha sonra isə martın 19-da “Youtube”də məlumatlar yayıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi onunla təcili istintaq və prosessual hərəkətlərin aparılması üçün Nevzorovun yerini müəyyənləşdirir.
Nevzorovun özü hələlik bu məlumatı şərh etməyib.
Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin «e» bəndi 3 milyondan 5 milyon rubla qədər miqdarda cərimə və ya 5 ilədək məcburi əmək və ya 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə şəklində cəzalar nəzərdə tutur.
Xatırladaq ki, ölkəmizdə də obyektivliyi ilə tanınan Rusiyalı publisist-jurnalist Aleksandr Nevzorov prezident Vladimir Putinlə bağlı sensasion fikirlər səsləndirib. O bildirib ki, bütün dünya, indi yalnız Putinin ölüm xəbərini gözləyir. Jurnalistin fikrincə, Putin ölsə, müharibə bitəcək.
