Paşinyan Putini hədələdi: Rusiya qazdığı quyuya düşür

Dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Danışıqda Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin məsuliyyət və operativ-nəzarət zonasında baş verən hadisələr, xüsusilə də Fərrux və Pirlər kəndləri ətrafındakı vəziyyət müzakirə olunub.

N.Paşinyan vəziyyəti «çox gərgin» dəyərləndirəndən sonra V.Putin qarşısında şərt qoyub.

«Nikol Paşinyan Qarabağdakı mövcud situasiyada rusiyalı sülhməramlıların fəaliyyətinin araşdırılmasına ehtiyac duyulduğunu» vurğulayıb və qeyd edib ki, «rusiyalı sülhməramlıların Azərbaycanın Silahlı Qüvvələrindən əvvəlki mövqelərə qayıtmağını tələb etməsi zərurəti mövcuddur», — Ermənistan hökumətinin dəftərxanasının yaydığı rəsmi məlumatda deyilir.

Yəni faktiki olaraq, Paşinyan Putindən tələb edib ki, Rusiyanın sülhməramlı kontingentinin fəaliyyətini araşdırsın.

Əsrlər boyu Rusiyanın satelliti olan, son 30 ildə isə Moskvanın Cənubi Qafqazdakı forpostuna çevrilən Ermənistanın baş nazirinin belə tələbi emosioal çağırış və ya isterik çıxış deyil.

İlk baxışdan Nikol Paşinyanın belə tələbi hətta Rusiya ilə münasibətləri ifrat dərəcədə gərginləşdirə biləcək açıqlama qismində də qəbul oluna bilər.

Belə deyil.

2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, ölkəmizin ərazisində ermənilərin qanunsuz silahlı birləşmələri qalmamalıdır.

Bunu rusiyalı sülhməramlılar təmin etməlidir, amma etməyiblər və etmirlər.

Tam əksinə, Qarabağdakı rusiyalı sülhməramlılar yerli ermənilərə «humanitar dəstək» adı ilə himayədarlıq edir, onların ekstremist və terrorçu fəaliyyətlərini qulaqardına vururlar.

Bu azmış kimi, rusiyalı sülhməramlılar yerli ermənilərin «özünümüdafiə fəaliyyəti» adlandırdıqları silahlanmalarına, müdafiə mövqeləri və istehkamlar inşa etmələrinə də şərait yaradırlar.

Ermənistan Rusiyanın belə dəstəyindən razı qalmalıdır, lakin rəsmi İrəvan hazırda Ukraynadakı müharibədən dolayı Moskvanın məruz qaldığı beynəlxalq təcrid və sanksiyaların yaratdığı situasiyadan maksimum faydalanmaq niyyətindədir.

Paşinyanın belə «cürətlənməsi» və Putini faktiki olaraq ultimatum qarşısında qoyaraq hədələməsi təsadüfi açıqlama da sayılmamalıdır.

ATƏT-in Minsk Qrupu de-yure mövcud olsa da, de-fakto İkinci Qarabağ Müharibəsindən sonra fəaliyyət mexanizmlərini itirərək rudimentə çevrilmiş strukturdur. Fransa Prezidenti Emmanuel Makron apreldə ölkəsində keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi kapital toplayaraq özünü «Avropanın əsas sülhyaradıcısı» kimi göstərməyə çalışdığından, Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsini təkid edir.

Fransa ilə yanaşı, ABŞ da Minsk Qrupunda həmsədr ölkə olduğundan, Paşinyan Vaşinqtonla Parisin proseslərə müdaxiləsini sövq etməyə çalışır.

O, Rusiyanın sülhməramlı kontingentinin «fəaliyyətinin araşdırılmağa ehtiyac duyulduğunu» vurğulamaqla bu kontingentin işinin öhdəsindən gələ bilmədiyini, səlahiyyətlərini icra etmədiyini söyləyir.

Ermənistanın baş nazirinin açıqlamasının sətiraltı mənası budur və deyilənlər RF-nin dövlət başçısı Vladimir Putinə proseslərə Fransa ilə ABŞ-ın müdaxiləsinin istisna edilməməsi ilə bağlı xəbərdarlıqdır.

İndi maraqlı olan Paşinyanın bu demarşına Rusiyanın nə cavab verəcəyidir.

Orxan Hun
Mənbə: Milli.Az

Bu xəbəri paylaşın: