Məhəllədə uşaqlar arasında davalar çox olurdu. Nəyisə bölüşə bilmirdik. Elə olurdu ki, heç bir səbəbsiz böyük uşaqlar əyləncə xatirinə balacaları dalaşdırırdılar. Adətən, döyülən uşaq davanı uduzduğuna görə evdə valideyindən bir-iki qapaz da alırdı. Döyən tərəf fərəhlənir, döyülən qəzəblənirdi. Ətraf kimin kimdən güclü olduğunu bilirdi. Bir Füzuli məhəlləsində bu uşaq həyatını mən də yaşamışam.
Böyüklərin söhbətindən bilirdik ki, nə vaxtsa erməni-müsəlman davası olub. Əmin idik ki, bu davanı biz udmuşuq. Hər gün gördüyümüz fağır, qorxaq erməni bizə qalib gələ bilməzdi. Xəbərimiz yox idi Bakı, Quba, Şamaxı, Gəncə qırğınlarından, biz müsəlmana edilən zülümlərdən. Ona görə, bir erməni üşağının xətrinə dəyəndə, ətraf deyirdi: ,, nə işin var, dəymə yazıqdı.»

Bir gün məhəllədə növbəti əyləncə idi: ,,Erməni-müsəlman davası» — mən və erməni Miron. O məndən 3-4 yaş böyük idi, 2-3 dəfə sinifdə qalmışdı. Məndən xeyli canlı idi. Böyük üşaqlar əmin idilər ki, müsəlmanın balacası erməninin lap pəzəvənginidə döyər. Dava başladı. Səs-küylü, ,,vur-vur» bağıran dairənin içində Mironla bir-birimizi didirdik. Qardaşım Zöhrabın 4 yaşı olardı. Oda dairənin o tərəf-bu tərəfindən böyüklərin arasından ağlaya-ağlaya qışqırırdı: ,,Dadaş vur! Dadaş vur! «
Miron məni yıxdı yerə. Onun sifəti gözlərim önündə idi. Təşviş məni bürüdü: erməni məni yıxdı. Mənim uşaq qürurum bu rəzilliyi qəbul etmirdi, ürəyim parçalanırdı. Məhəllədə, evdə, məktəbdə biabır olacam, bitəcəm. Var gücümlə Mironun sifətini əllərimlə sıxırdım yuxarı. Barmağım girirdi gözünə. Gözlənilmədən üzü əyildi, başladı bağırmağa. Üşaqlar tökülüşdü üstümüzə. Mironun belindən nəyi isə qoparmaq istəyirdilər. Bu Zöhrab idi. Dişləri ilə yapışmışdı Mironun boynundan. Uşaqlar onu dartıb qopara bilmirdilər. Dişləri aralanmırdı. Nəhayət uşağı Mironun ətiylə bir qopardılar. Zöhrab ağzı dolu qan qəzəbindən ağlayırdı…
Məni 4 yaşında rusvayçılıqdan xilas edən qardaşım Zöhrab.
İndi də həmin anları xalqımla birgə yaşayıram. Fağır, yazıq saydığımız erməni torpağımızı işqal edib bizə meydan oxuyur. Biz isə onun atdığı gülləyə barmaq silkələyirik.
Allah bizə diş versin. Qeyrət dişi…

Zahid Teymurov
Ehtiyyatda olan polkovnik
