Şəhidin doğum günüdür: Şəhid oğluna qovuşan şəhid — ALLAHVERDİ DƏRD (GÜNDOĞDU)

Bu gün qəhrəman şəhidimiz Etibar Əliyevin doğum günüdür!

Dəyərli yazarımız, döyüşçü və şəhid atası Allahverdi Dərd, torpaqlarımız azad edildikdən sonra isə Allahverdi Gündoğdu bu il şəhid Etibara qovuşub onun ad gününü birgə qeyd etdiyi ilk ildir. Mən həmişə ona «canlı şəhid» kimi baxmışam. Onun cismi bizimləydi və torpaqların azad olunması xəbərini oğlu şəhid Etibara çatdırmaq üçün çıxıb getdi. Uzaqlara getdi və bu dəfə də ruhunu və örnək xatirələrini dostlarla buraxdı…


Allahverdi bəyin sevdiyi bir şeir vardı, öz qohumu və həmyerlisi şair Əlövsət Saldaşın bu şeirində deyilir:


Dərmanım tapılmır, ağır xəstəyəm,
Köhnə yaralarım, hələ qan verir.
Mən diri şəhidəm, ayaq üstəyəm,
Vətənsiz ölənlər, necə can verir?


Vətənimiz işğaldaykən «diri şəhid» olan Allahverdi Dərd, öncə ləqəbini Gündoğdu elədi. Sonra da Haqqa yürümək üçün səfərbər oldu. Dönüşü olmayan bir yola çıxdı. Sanki Zəfər müjdəsini gözləyirmiş. Haqqı olanlara müjdə apardı…


… Bu gün şəhid Etibar Əliyevin ad günüdür. Təhsilini yarımçıq qoyaraq döyüşə yollanan eloğlumuz Tərtər uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olmuşdu. Qəhrəman döyüşçü Qapanlı istiqamətində gedən döyüşlərin birində ağır yaralanır. Əsirlik həyatı yaşayır. Azad edilib hospitala çatdırılsa da, aldığı yaradan sıralarımızı tərk etdi.


Şəhid Etibar Əliyevin döyüşdüyü istiqamətdə düşmənin hərbi birləşmələri rusların köməyi ilə cəbhəni yararaq Dörd yol deyilən əraziyə çıxmaqla Kürədək olan əraziləri 3 yerə parçalamağa çalışırdı. Məhz bu qəhrəmanlarımız öz canları bahasına düşmənin mənfur planını poza bildilər.


Qəhrəman şəhidimiz Etibar Əliyevin bu xidmətləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarıyla oxuduğu 162 saylı orta məktəbə onun adı verilib.

Şəhidlər ölməz demişlər. Ölmədilər ki! Adın uca, namın şanlı olsun şəhidim!


Bu məmləkət var olduqca, siz də varsınız. Var ol, şəhidim!


Bu il şəhid Etibarın ad günü, həm də atasıyla qovuşduğu ilk ildir. Şəhid Ata, öz şəhid oğluna qovuşdu. Zaman zamana, tarix tarixə qovuşduğu bir məqamdır. Amma bu qovuşma Turan sevdalı dostlarının qəlbində sızıltılar və atəşlər buraxdı. Sönməz bir atəş, sönməz bir alov. Gizli — gizli yanıb gözlərdə yaşa döndü:


Sanmayın kül olub, bu ocaq sönmüş,
Sənin hüzurunda köz, yaşa dönmüş,
Bu məzar üstündə, «ay daşa dönmüş»,
Yaman daıxmışıq səndən ötəri…
(Elbəyi)


Bu gün şəhidimiz Etibarın ad günüdür. Allahverdi Gündoğdu şəhidin ad gününü ölməzliyin simvoluna çevirməyə çalışırdı. Deyirdi ki, şəhidlər ölməz ki. Bəs biz niyə onları ölü kimi anmalıyıq?


Şəhidlər ölməz, qardaş. Bu gün şəhid Etibarın günüdür. Hər ikinizə salam olsun!


Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: