RUS RUBLU, DƏNİZDƏ FIRTINA, BALİNA PİYİ VƏ “PONT”

Orta əsrlərdə Avropa dənizçiləri fırtına vaxtı qayalıq yerlərdən keçməyə məcbur olduqda maraqlı bir fəndə əl atırdılar. Onlar gəminin göyərtəsindən dənizə bir neçə çəllək balina piyi tökürdülər. Suyun səthinə yığılan piy müəyyən bir sahədə dalğaları sakitləşdirir və gəminin oradan təhlükəsiz keçməsi üçün şərait yaradırdı. Amma dənizçilər bacardıqları qədər tələsib problemli zonadan tez çıxmalı idilər. Çünki bu sükut bir neçə dəqiqədən artıq çəkmirdi. Piy qatı yayılıb seyrəldikdən sonra həmin yerdə dalğalar əvvəlkindən də şiddətlə şahə qalxır və oradan vaxtında keçə bilməyən gəmini qayalara, daşlara çırpıb məhv edirdi.

Bugün Rusiya rublunun “möhkəmlənməsini” məhz “balina piyi–qasırğa” əhvalatına bənzətmək olar. Bir fərqlə – orta əsr dənizçiləri balina piyini populizm və “pont” naminə deyil, mümkün nəticə əldə etmək üçün dənizə axıdırdılar.

Burada “pont” sözünü məqsədli şəkildə işlətdik. Ehtimala görə, bu söz ilkin olaraq rus dilinin “oğru jarqonu”nda istifadə olunmuşdur. Oğrular aldadılan şəxsin özünə və ya oğurluq zamanı qurbanın diqqətinin yayındırılması prosesinə “pont” deyirlər. “Pont” sözü rus dilinin “oğru jarqonu”na latın və ya yunan dilindən keçmişdir.

Rus dilinin “gənclik slenqi”ndə isə həmin söz tam fərqli bir mənanı ifadə edir. Rus gəncləri şəxsin özü üçün heç bir əməli faydası olmayan, lakin onu ətrafdakıların nəzərində guya ucaldan, imkanlı, qoçaq bir adam kimi göstərən qiymətli əşyaları əldə etməsinə “pont” və ya “pontı” deyirlər. “Pont”un məqsədi başqalarının düşüncəsinə təsir göstərmək, onları inandırmaq və idarə etməkdir. Bu baxımdan “pont”u manipulyasiya aktı da hesab etmək olar, maddi ziyanın müşayiət etdiyi məntiqsiz bir hərəkət də…

Araz Şəhrili

Bu xəbəri paylaşın: