Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna mənzillərinin bərpası üç mərhələyə bölünəcək və mənzil bütün zərər çəkmiş şəxslərə, eləcə də hərbi qulluqçulara və illərdir mənzil növbəsində olanlara veriləcək.
Bunu Zelenski videomüraciətdə deyib.
«Onilliklərdir mənzil növbələri olub və bitməyib. Bu, sovet dövründən belə davam edir. Milyonlarla insan öz mənzilini əldə etməyin, öz mənzilinə pul qazanmağın, öz evini tikməyin necə çətin olduğunu bilir.
Bu, xüsusilə hərbçilər, hüquq-mühafizə orqanları, dövlət sektoru işçiləri üçün həmişə ağrılı olub. Cəmiyyət üçün işləyən və dövlətdən çox az maaş alanlar üçün çətindir.
Keçən il mən hökumət qarşısında tapşırıq qoymuşdum ki, bu il növbədə duran bütün veteranları mənzillə təmin etmək mümkün olsun. Sonra biz bütün hərbçilərimizi mənzillə təmin etməyi planlaşdırırdıq.
İndi biz faktiki olaraq bu ötənilki tapşırığı miqyasca genişləndiririk və detallaşdırırıq ki, bu, Ukrayna şəhərlərinin və Ukrayna icmalarının əsl modernləşdirilməsi olsun. Biz isə bunu mənzillərin enerji modernləşdirilməsi proqramı ilə birləşdiririk. Nəticədə bir neçə mərhələ olacaq.
Mən birinci mərhələdə bütün miqrantlarımızı müvəqqəti mənzillə təmin etməyi qarşıma vəzifə qoymuşam. Müharibədə evi dağıdılanlar. Mənzili bərpa edənə qədər müvəqqəti. Yaxud insanlar kvadratmetrə görə pulla kompensasiya alana qədər.
İkinci mərhələdə biz işğalçıların məhv etməyə çalışdıqlarını bərpa edəcəyik.
Üçüncü mərhələdə isə dövləti müdafiə etmiş və hazırda da müdafiə edən, cəmiyyətin maraqları naminə işləyən və lakin şəxsi mənzili olmayanların hamısını mənzillə təmin edəcəyik.
Ola bilməz ki, insan bütün həyatını hərbi xidmətə verib, şəxsi mənzili olmadan təqaüdə çıxsın.
Ola bilməz ki, oğul və ya qız müharibədə Ukraynanı müdafiə etsin, ata və ananın isə öz mənzili olmasın və kirayədə yaşamağa, ya da başqa variant axtarmağa məcbur olsun.
Ola bilməz ki, həkim və ya tibb bacısı, müəllim və ya hüquq-mühafizə orqanının əməkdaşı bütün həyatını vicdanla bu işə həsr etsin, ömrünün sonuna qədər olmasa da, onilliklər boyu yataqxanada qalsın.
Prezidentin sözlərinə görə, hökumət, bütün mərkəzi orqanlar yerli hakimiyyət orqanları ilə birlikdə bunu təmin etməlidir.
Zelenski qeyd edib ki, “Ukraynada hər kəsin öz mənzili, öz evi olması və ya öz mənzil hüququ var”.
O deyib: “İşğalçılar tərəfindən yaşayış yeri dağıdılan hər kəs, uzun illər növbədə duran hər kəs, müasir şəraitdə yaşamağa layiq olan bütün insanlarımız evlə təmin olunacaqlar.
Bu layihəni həyata keçirmək üçün biz artıq aparıcı memarları, dövlətin bütün potensialını və beynəlxalq dəstəyi cəlb etmişik. Şirkətlərin, tərəfdaş ölkələrin, beynəlxalq donorların iştirakını təşkil etmişik”.
Zelenski onu da əlavə edib ki, indi ukraynalıların köhnəlmiş yaşayış mühitindən qalmış problemlərini birdəfəlik həll edə biləcəkləri tarixi məqamdır: «Olmadığı yerdə yüksək keyfiyyətli şəhərsalma edə bilərik. Biz real nəqliyyat axınını nəzərə ala bilərik. Enerjiyə zəmanət, materialların ekoloji cəhətdən təmizliyi, inklüzivlik nəzərə alınmalıdır”.
