
ELBARİZ Məmmədli
İllərlə həsrətini çəkdiyimiz, ruhumuzun, milli kimliyimizin mədəniyyət paytaxtı Şuşa nəhayət ki, qollarını xoş ovqatlı tədbirlərə açdı. Aprel ayının 22-də ilk dəfə olaraq, gözəl şəhərimizdə Dünya Azərbaycanlılarının beşinci Qurultayı işə başladı.
Bu böyük tədbirin mənəvi və siyasi əhəmiyyətindən danışmağa , onu ifadə etməyə o qədər də ehtiyac yoxdur.
Çünki 30 il bu, mədəniyyət zirvəmizin həsrətini çəkənlər, həmin tədbirin hansı önəmi daşıdığını yaxşı bilirlər. Əslində Qurultayın məhz Şuşada keçirilməsi, möcüzəvi qəhrəmanlıqla şəhəri fəth edən Vətən oğullarına bir minnətdarlıq xeyir-duası kimi tarixləşdi. Biz Şuşamıza qayıtdıq. Varlığımıza qənim kəsilənlərin, bədxahların, bütövlüyümüzə nəmərd əli uzadanların acığına qayıtdıq.
Və Şuşamız da özünün çal-çağırlı günlərinə döndü. Çünki Şuşamıza toy-bayram yaraşır. Mərhum şair, gözəl ziyalı Asim Asimanın (Qazıyev) hələ 1978- ci ildə qələmə aldığı , Şuşanın sevgi dolu günlərini özündə əks etdirən bir şeirində olduğu kimi. Dönüşün və ruhun mübarək olsun, gözəl Şuşamız!
ŞUŞADA
Bahar səfa üçün eyləyib dəvət,
Gözləyirdi bizi özü Şuşada.
Bulaqlar başında başlandı söhbət,
Çəmənlərə dedik sözü Şuşada.
Dağların zirvəsi bürünüb çənə,
Suyu bir şəfadır, alıb içənə.
Ayrı ləzzət verir gəlib-keçənə,
Çiçəklər məst etdi bizi Şuşada.
Sular sərt daşlardan süzülüb gəlir,
Kəkliklər ovlağa düzülüb gəlir,
Daşlar qayalardan üzülüb gəlir,
Qalıbdır ellərin gözü Şuşada.
Dostlar axşam-səhər salama gəlir,
Ürəyin qüvvəsi kəlama gəlir,
Könlüm coşub-daşır, ilhama gəlir,
Durulub Vaqifin izi Şuşada.
1978
