Vətənpərvərliyin ən ali məqamı — şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq.
Ancaq eyni zamanda şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar.
Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Zaman ötüb, fəsillər dəyişib, illər əsrlərə, əsrlər minilliklərə çevrilib tarixə dönsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.
Bu yolda müharibə veteranları daim örnək göstərirlər. Şəhid döyüş yoldaşlarının xatirəsini uca tutur və onları yad edirlər. Bir qrup müharibə veteranının və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü Köçəri Bədəlovun təşkilatçılığı ilə şəhid Firuz Mehdiyevin Anım tədbiri keçirilib.

İxtisaca tarix müəllimi olan, baş leytenant Firuz Mehdiyev 1991-ci iıdə Şıx batolyonuna könüllü olaraq qoşulur. Vətənin harayına hay verən «Azərbaycan Bayrağı» ordenli şəhidimiz Şuşa, Kəlbəcər və Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edir.
Firuz Mehdiyevin son döyüşü 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlər olur. O, bu döyüşlərdə qəhrəmancasına şəhid olur…
Şəhidin xatirəsinə həsr olunmuş Anım tədbirində, döyüş yoldaşları, Bədəlov Köçəri, Namazov İbadət, Məhərrəmov Ərşad, İsgəndərov İlqar, Camalov Elman, Məmmədov Nadir, Hacıməmmədov Azər, Quliyev Vaqif, Əhmədov Fətullah, Usumov Camal iştirak edirdilər.
Mərasimdə əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqiəlik sükutla yad edildi.
Anım tədbirində şəhidimizin cəbhə yoldaşları onun keçdiyi döyüş yolundan danışdılar.

Hər bir döyüşçü şəhidin vətənpərvər və əsgərlərinə çox həssas qayğı ilə yanaşdığını vurğuladılar.
İxtisasca tarix müəllimi olan şəhidimizin hər an Vətənimizin qəhrəmanlıq tarixindən və Turançılığımızdan öz əsgərlərini məlumatlandırdığını döyüşçü yoldaşları qeyd etdilər.
Çıxış edənlər, şəhidin Vətənimizin müdafiəsində göstərdiyi sücaətdən, qorxmazlığından danışdılar.
Mərasim şəhidin döyüş yoldaşı və silahdaşı Köçəri Bədəlov tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Şəhidlərimizi unutmamağa və onları daim anmağa çağırdı.
Allah şəhidlərə rəhmət eləsin!
Elnur Səlim


