Ukrayna ərazisindən Belqorod rayonunun Otradnoye kəndinə raket atılıb.
Bu barədə Belqorod vilayətinin administrasiya rəhbəri Vladimir Perçev deyib.
Onun sözlərinə görə, mərmi məzarlığa düşüb, xəsarət alan olmayıb.

Hadisələrin inkişafı onu göstərir ki, müharibə Cənubi Rusiya ərazilərinə daşına bilər. Rusiya ordusu öz döyüş qabiliyyətini itirməkdədir və orduda ruh düşkünlüyü artan xətlə gedir. Artıq Ramzan Kadırovun «Tik-tok ordusu»nun çəkdiyi reklam səhnələri də bu boşluğu doldura bilmir.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunur ki, Rusiyanın bəzi əraziləri ələ keçirməsinə baxmayaraq, ukraynalıların müqaviməti bütün cinahlarda güclü olub və bu, Rusiya qüvvələrinin ciddi itkilər verməsi ilə nəticələnib.
Vurğulanıb ki, Rusiya hərbçilərinin zəif əhval-ruhiyyəsi və əvvəlki hücumlardan sonra yenidən cəmlənmə, təchizat və təşkilatlanma üçün məhdud vaxtın olması onun döyüş effektivliyinə mane olur.

Başqa bir məlumatda isə Rusiya Federasiyasının Silahlı Qüvvələrində müasir raketlərin qıtlığı yaranması barədə məlumatlara yer verilib. Bunu «İsgəndər» operativ-taktiki raket kompleksləri üçün 9M723 və 9M728 raketləri, habelə «Kalibr» qanadlı raketləri Ukraynadakı hərbi əməliyyatlarda gün keçdikcə daha az istifadə olunmasıyla izah edirlər.
Bu qıtlıq səbəbindən Sovetlər Birliyi dönəmlərində istehsal olunmuş köhnə raketlərdən, habelə həmin raketlərin müasir modifikasiyalarından istifadə faktları artır. Hazırda Ukraynada Rusiya qoşunları «Toçka-U» operativ-taktiki raketlərindən geniş istifadəyə başlayıb. SSRİ dövründən Rusiyada bu raketlərin böyük ehtiyatları var. Lakin sözügedən raketlərin tam əksəriyyəti köhnəldiyindən onlardan istifadə ilk əvvəl raket komplekslərinin xidmət heyəti üçün yetərincə riskli və təhlükəlidir. Elə bu raketlərin dəqiq hədəfdən yayınması əhali arasında itkilərin artımına və bir də ölkədə «derusifikasiyaya» geniş meydan verib. Artıq nəinki ruslaşmış ukraynalılar, elə ukraynalı ruslar da Rusiyaya nifrət edirlər və «rus olduqları üçün xəcalət çəkdiklərini» dilə gətirirlər.
Bölgəyə «Russkiy mir» adıyla soxulan Rusiya ordusu Rusiya əleyhinə işləyən bir quruma çevrilib.
Müharibənin Cənubi Rusiyaya daşınması planı həyata keçərsə Rusiyada dərin xaosun başlayacağı qaçılmaz olacaq. Bu dünya üçün də qorxunc hadisələrə gətirib çıxara bilər. Çünki bu ölkə tarixən proqnozlaşdırılmayan hadisələrin baş verdiyi bir ölkədir. Ən yaxşı yol isə «İVAN, İDİ DOMOY»-dur…
Əli Nəsib Zərdabi
