Azərbaycan Milliyətçi Demokrat Partiyası 28 Aprel tarixində Azərbaycanın Bolşevik Rusiyası tərəfindən işğal edilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
1920-ci il aprelin 28-də bolşevik Rusiyasının, Şərqdə ilk demokratik cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətini devirərək ölkəmizi işğal etməsinin 102-ci ildönümü tamam oldu. Bolşeviklərin qanlı işğal günü müstəqillik tariximizdə ən ağır, ən kədərli və hüznlü günlərdən biri kimi qalmaqdadır.
Ötən yüzildə cəmi 23 ay yaşamış Azərbaycan Demokratik Cümhuriyyəti süqut etdikdən sonra yurdumuzda qanlı bolşevik Rusiyası 70 illik bir sovet rejimi qurdu. Mahiyyətcə çar Rusiyasının müstəmləkəçilik siyasətini həyata keçirərək davam etdirən bolşeviklər Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində onu daim yıxmağa cəhd edirdilər. Rusiyanın Azərbaycanı işğal etməsi planı hələ 1918-ci ildə Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi tərəfindən hazırlanmışdı. O vaxt Bakıda, o cümlədən Azərbaycanın hər yerində törədilən türk-müsəlman qırğınlarının da arxasında məhz bolşevik işğalına hazırlıq dayanırdı. O zaman bu işğalın qarşısını qardaş Türkiyənin Nuru paşanın komandanlığı altında Azərbaycanın xilası üçün göndərdiyi “Qafqaz İslam Ordusu” xilas etdi.
İşğalçılara ağır sarsıdıcı zərbələr vuran türk-azərbaycan hərbi birlikləri 1918-ci il sentyabr ayının 15-də paytaxr Bakını işğalçı, erməni-bolşevik, eser-menşevik, ingilis-antanta silahlı quldur dəstələrindən azad etdi. I Dünya Müharibəsinin bitməsindən sonra “Paris Sülh Konfransı”nda qalib dövlətlər, 11 yanvar 1920-ci il tarixində Parisin Versal sarayında Azərbaycan Demokratik Cumhuriyyətinin 114 min kv/km ərazi ilə tanınması haqqında Memorandum təqdim etdilər.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qısa müddətdə ölkəmizin məhv olma təhlükəsi aradan qaldırılsa da, bolşeviklər, erməni daşnakları və yerli satqınların köməyilə müstəqil Azərbaycan cümhuriyyətini devirmək üçün hərəkətə keçdilər. Həmin dövrdə 40 min çevik orduya malik olan Azərbaycanın diqqətini yayındırmaq və onun müqavimətinin azaldılması və bu yolla işğala şərait yaradılması məqsədilə erməni daşnakları bolşeviklərin tapşırığı ilə 1920-ci ilin mart ayında Qarabağda qiyam qaldırdılar.
Azərbaycan ordusunun böyük hissəsi bu qiyamın yatırılmasına göndəriləndən sonra, bolşeviklər Azərbaycan daxilində satqınlardan ibarət 5-ci kolonu da hərəkətə gətirərək hücum əməliyyatını həyata keçirdi. Qüvvələrin qeyri — bərabərliyini nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti, Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanması, yeni yaranan hökümətin müvəqqəti orqan olması, hökümət idarələrindəki köhnə qulluqçuların tutduqları vəzifələrində qalması, hökumət və parlament üzvlərinin həyat və mülkiyyət toxunulmazlığının təmin edilməsi və s. şərtlərlə hakimiyyətin müsəlman bolşeviklərinə verilməsi haqqında qərar çıxardı. Amma təəssüflər olsun ki, şərtlərə əməl olunmadı. Azərbaycanda hakimiyyəti ələ keçirəndən sonra bolşeviklər xalqımıza, onun ziyalılarına, hökumətdə təmsil olunmuş insanlara qarşı çox amansız təqib və represiyalara başladılar. Təkcə mayın axırlarında, Gəncədə baş verən üsyan yatırılandan sonra bu şəhərdə 15 min azərbaycanlı öldürüldü.
1920-ci il aprelin 28-dən 1921-ci ilin yayına qədər 50 min insan qətlə yetirildi. Bunun da mühüm bir hissəsi ziyalılar olmuşdur. Fətəli xan Xoyski, parlament sədrinin müavini Həsən bəy Ağayev, Daxili İşlər naziri Behbud bəy Cavanşir, 12 genaral, 27 polkovnik, 460 nəfər müxtəlif rütbəli zabit də qətlə yetirilənlər arasında olub. İşğalçılar bu qurbanların hesabına Azərbaycanda möhkəmləndilər. 27 aprel 1920-ci ildə bolşeviklər Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edərək ticarətxanaları, evlərdən uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60 (altmış) vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar.
Ərzaq anbarları müsadirə edildi, Moskva proletariatına göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi. Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar da öldürüldü, ya həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfər güllələndi, 10 (on) minə qədər insan Sibirə sürgünə göndərildi. Bolşeviklər neft və neft məhsulları da daxil olmaqla, Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar. Azərbaycan talan edildi, sərvəti Rusiyaya daşındı. Yalnız 1920-ci ilin mayın 1-də “Buniyad” gəmisi ilə Rusiyaya 67, 528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salınmışdı. Sovetlər Birliyi dövründə 800 (səkkiz yüz) min slavyan əsilli əcnəbi Azərbaycana gətirilərək burada əbədi məskunlaşdırıldılar. İşğaldan sonra Bolşevik Rusiyası uzun zaman Azərbaycan xalqı və ordusunun müqaviməti ilə qarşılaşdı. Rus işğalına etiraz edən xalq və ordu, 150 dəfə üsyan qaldırdılar. Ən böyük üsyan 1920-ci il mayın 26-dan, iyunun 4-dək Gəncədə baş verdi. Həmin üsyan zamanı Azərbaycan ordusunun döyüşçüləri və Gəncənin qəhrəman sakinləri 8 min rus əsgərini öldürdülər. Sonradan Gəncəyə əlavə, diviziyalar göndərildi və bu işğalçı ordular Gəncəni yerlə yeksan etdilər.
On min nəfərə yaxın Gəncə sakinini qətlə yetirdilər. Sonradan Zaqatala, Şəki, Naxçıvan və digər bölgələrdə də üsyanlar baş verdi. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmayıb. Bolşeviklər Bakı neftini ələ keçirmək, işğal rejiminə qanuni don geydirmək və işğalı pərdələmək üçün Azərbaycanın guya müstəqil qalacağını vəd etmişdilər. «Müstəqil Sovet Azərbaycanı» şüarı rus bolşeviklərinə müəyyən dövr üçün lazım olan taktiki manevrdən başqa bir şey deyildi. Bundan əlavə ağqvardiyaçı Denikini müdafiə edən ermənilərə bolşeviklər həm müstəqillik və həm də Azərbaycanın tarixi əraziləri olan Qərbi Azərbaycan torpaqlarını “hədiyyə” edərk, tarixdə ilk erməni dövləti yaratdılar Bolşevik işğalı sonrakı illərdə də Azərbaycana fəlakətlər gətirməkdə davam etdi. Ötən əsrin 30-cu illərində repressiya dövründə Azərbaycan elminin qaymaqları, düşünən beyni olan minlərlə ziyalı həbs atıldı, sürgünlərə göndərdi və ya güllələndi. Həmin dövrdə 70 mindən artq Azərbaycan ziyalısı bolşevik rejimi tərəfindən məhv edildi. Sonrakı illərdə də Azərbaycana qarşı zorakılıqlar davam etdirildi.
28 Aprel 1920-ci ilin işğal faktının olduğunu və Beynəlxalq Hüquqa əsaslanaraq Azərbaycan Respublikası Milli Məclisindən tələb edirik: “28 aprel 1920-ci il tarixi, Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı kimi tanınsın”.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə, ATƏT-in Azərbaycan nümayəndəliyinə, İslam Əməkdaşlıq Təşkilatına, xarici ölkələrin respublikamızdakı səfirliklərinə göndərilmişdir.