MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar mədəniyyət işçisi, yazıçı, publisist, geneoloq Ənvər Çingizoğlunu 60 illik yubileyi münasibətilə təbrik edib.
Qənirə Paşayeva bununla bağlı Ənvər Çingizoğluna Komitə adından təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, Ə.Çingizoğlu əslən Cəbrayıl rayonundandır, BDU-nun Jurnalistika fakültəsində (1985–1990) təhsil alıb. 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda “Araz” qəzetində ədəbi işçi kimi çalışıb, 1994-cü ildən 2014-cü ilin mart ayınadək “Azərbaycan Televiziyası və Radio verilişləri” QSC-nin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində işləyib. 2014-cü ilin mart ayından “Azərbaycantelefilm”in baş redaktor müavinidir.
Folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır. Yazdığı ssenarilər əsasında “Avşarlar”, “Xurşidbanu Natəvan”, “Nəvvab”, “Kəminə” adlı televiziya filmləri çəkilib.
Azərbaycan Jurnalistlər Birliyinin (1987), Avrasiya Yazarlar Birliyinin (2007), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin (2003) üzvüdür.
