Sanksiyalardan sonra Rusiyanın gəlirləri artıb…

XAQANİ Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Ukrayna-Rusiya savaşı bir daha göstərdi ki, müxtəlif adlarla yaradılmış beynəlxalq qurumlar, başda BMT olmaqla bir qara qəpiyə dəyməz. Azərbaycan bunları digər ölkələrdən daha yaxşı bilir. 30 il ərzində ATƏM, daha sonra ATƏT Minsk Qrupu adıyla işğalçı Ermənistan və Rusiyanın hüquqlarını qoruyan və digər Avropa ölkələrinin regionda varlığına çalışan «üç muşketyor»un fəaliyyətini hər birimiz acı təəssüflə xatırlayırıq. Bu gün də utanmadan öz fəaliyyətlərinin qovulmuş terrorçuların və işğalçıların əliylə bərpasını arzulamaqdadırlar.


İndisə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların necə işləməsinə nəzər salaq. Rusiya, tərəfdaşı ABŞ, Böyük Britaniya, Fransa və Çinlə birgə Beynəlxalq Kosmik Stansiyada (NASA) və Mars layihəsində birgə işləməyə davam edir. NASA administratoru Bill Nelson, Rusiyanın Ukraynadakı təcavüzünə baxmayaraq, «Roskosmos»-un layihənin xüsusi agentlərindən biri olduğunu qeyd edib.

Yalnız son dəqiqə xəbəri kimi bu gün məlumat aldıq ki, Avropa Kosmik Agentliyi Aya bir sıra kosmik missiyalarda Rusiya ilə əməkdaşlığı dayandırır və Marsın səthinin tədqiqi üçün ExoMars missiyasında Roskosmos ilə əməkdaşlığı davam etdirməyin qeyri-mümkün olduğunu bəyan edib. Amma faktı Qərb mənbələri hələlik təsdiq etməyib.


Bütün sahələrdə əməkdaşlıq davam etdirilib. Faktiki olaraq qəbul edilmiş sanksiyaların həyata keçirilməsinə Qərbin, nə imkanları, nə də biznes maraqları imkan vermir. Təkcə qaz təminatı üçün Qərbə 3-4 il vaxt lazımdır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı birliyin olmadığını bildirib. O, bildirib ki, Aİ ölkələri Rusiya Federasiyasının enerji daşıyıcılarına embarqo qoyulması ilə bağlı razılığa gələ bilmir. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Avropa İttifaqı enerji təchizatı üçün Moskvaya 47 milyard avro köçürüb.


“Anadolu Agentliyi”nin məlumatına görə, Aİ neftə görə gündəlik 450 milyon dollar, təbii qaza görə isə 400 milyon dollar ödəyir. Eyni zamanda, xüsusi əməliyyatın pislənməsinə baxmayaraq, Avropa hələ də Rusiyadan gələn enerji daşıyıcılarına tam embarqo qoymur. Məqalə müəllifinin fikrincə, Aİ-nin Rusiya xammalından belə asılılığından “Aİ Rusiyanın Ukraynaya qarşı hərəkətlərini maliyyələşdirir” kimi destruktiv nəticə çıxarmaq olar.


Rusiyanın Ukraynaya təcavüzünə görə qoyulan sanksiyaların satışı azaltmasına baxmayaraq, Moskva Avropanın enerji asılılığından qazanmaqdadır. «Azadlıq» radiosu xəbər verir ki, Finlandiyada yerləşən Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) aprelin 28-də yaydığı tədqiqatda belə deyilir. Araşdırmaya görə, Ukraynaya qarşı iki aydır davam edən müharibə zamanı Rusiya Avropa İttifaqına (Aİ) yanacaq satışından gəlirlərini iki dəfəyədək artırıb. Sanksiyaların Rusiyanın satışında səbəb olduğu itkini qiymətlərin artması kompensasiya edib. Tədqiqatçılar deyirlər ki, yeni sanksiyalar qiymətlərin daha da qalxacağını vəd edir.


«Müharibə başlayandan Rusiya Aİ-yə 46 milyard dollarlıq enerji resursu satıb və bu rəqəm artmaqdadır. Bu, 2021-ci ilin eyni dövrüylə müqayisədə satışın dəyərində iki dəfəyədək artım deməkdir», — hesabatda belə deyilir. Satış həcmində azalmaya baxmayaraq, neftin bahalaşması fevralın 24-də Ukraynanın işğalı başlayandan Moskvaya gəmilər və kəmərlərlə ixrac olunan enerjidən 63 milyard avroluq (66 milyard dollar) gəlir gətirib.


Aİ-nin Rusiyadan idxal etdiyi neft 20, kömür isə 40 faiz azalıb. Ancaq qaz idxalı artıb və Almaniya əsas alıcı olaraq qalır. Müharibənin iki ayı ərzində Almaniya 9 milyard avroluq enerji məhsulu idxal edib.


CREA-nın aparıcı təhlilçisi Lauri Millivirta deyib ki, davam edən enerji ixracı sanksiyalarda böyük dəlik yaradır və Rusiyadan enerji alan ölkələrin hamısı Rusiya ordusunun törətdiyi nəhəng beynəlxalq qanun pozuntularına əlbir olur. Onun fikrincə, müharibəni dayandırmağın yeganə yolu Rusiyanın enerji daşıyıcılarından çevik və tam şəkildə imtina olacaq.

Avropa Parlamentinin martda qəbul etdiyi qətnamədə Rusiya enerjisinə embarqoya çağırış edilirdi. Ancaq indiyədək Avropa İttifaqı yalnız bir embarqonu müzakirə edib, avqustdan Rusiyadan kömür idxalına qadağa qoyub. Rusiyanın «Qazprom» enerji nəhəngi ötən il təmiz gəlirinin artdığını açıqlayıb, bunu enerji qiymətlərinin yüksəlməsi ilə izah edib. Şirkət 2021-ci ildə 2.09 trilyon rubl (29 milyard dollar) təmiz gəlir əldə etdiyini bildirib. Bir il öncə bu rəqəm 135 milyard rubl idi. 2020-ci ildə qlobal pandemiya və enerji qiymətlərinin düşməsi gəlirləri azaltmışdı.


İqtisadiyyatlar COVID-19 lokdaunlarından çıxandan sonra dünyada enerji bahalaşmağa başlayıb. Rusiyanın Ukraynaya hərbi təcavüzü isə qiymətləri daha da yüksəldib.

«Qazprom» bu il qaz istehsalında 4 faiz azalma proqnozlaşdırır. Bu, Qərbin sanksiyalarının təsiri ilə izah olunur. Şirkət aprelin 27-də Aİ üzvləri Polşa və Bolqarıstana qaz tədarükünü dayandırdığını açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin qaz üçün rublla ödəniş tələb etsə də, həmin ölkələrin buna əməl etmədiyi bildirilir. Putin Qərbin iqtisadi sanksiyalarına cavab olaraq belə bir tələb irəli sürüb.

Rusiya rublla ödənişə nail olsa rublun ciddi surətdə möhkəmlənməsinə də, məhz Qərb dövlətlərinin əliylə nail olacaq. Yəni rublun möhkəmlənməsi üçün əlavə xərclərə ehtiyac qalmayacaq. Gedişatdan görünür ki, Qərbin enerji asılılığı Rusiyanın əlini daha da gücləndirməkdədir. Hətta rublla bağlı arzuları, məhz sanksiyaların sayəsində reallaşmağa yaxındır.


Avropa İttifaqı ilin sonuna qədər Rusiya neftinə qadağa qoyulmasını təklif etmək niyyətindədir və buna qədər də idxala tədricən məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.


Qəzetin yazdığına görə, Aİ həmçinin Rusiya və Belarusdan daha çox bankın Sberbank da daxil olmaqla SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasını israr edəcək.


Bundan əvvəl ABŞ və Böyük Britaniya Rusiyanın ən böyük maliyyə qurumu olan Sberbanka qarşı artıq sanksiyalar tətbiq etmişdi.
Nəşrin həmsöhbətlərinin fikrincə, yeni sanksiyalarla bağlı qərar gələn həftə Aİ səfirlərinin görüşündə verilə bilər. Altıncı sanksiyalar paketini təşkil edəcək təklif olunan tədbirlər hələ rəsmi olaraq təklif edilməyib və buna qədər dəyişə bilər.


Aİ sanksiyaları 27 üzv dövlətin hamısının dəstəyini tələb edir və Macarıstan kimi bir neçə ölkə uzun müddətdir ki, Rusiya neftinə qarşı tədbirlərə müqavimət göstərir. Bloomberq bu həftə bildirdi ki, daha əvvəl bitərəf qalan Almaniya tədricən qadağa ilə razılaşdığını bildirdi. Rusiyanın neft gəlirlərini azaltmaq üçün müzakirə edilən digər variantlara qiymət məhdudiyyətləri, xüsusi ödəniş mexanizmləri və tariflər daxildir. Belarus Rusiya işğalının asanlaşdırılmasında, o cümlədən hücumun başlanğıcında qoşunların dayaq nöqtəsi kimi roluna görə paketə daxil ediləcək.


Mənbələr bildirirlər ki, Aİ həmçinin tankerlər və boru kəmərləri ilə daşınan neftə fərqli yanaşmağı nəzərdən keçirir, ikincisi isə sanksiyaların tətbiqini asanlaşdırır. Tədbirlər dünya bazarlarında təlatüm yaratmadan Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri mümkün qədər vurmağa yönəlib. Neftin qiymətinin qalxması Moskvanın satış gəlirlərini artıra bilər, bu da cəza sayıla bilməz.


Eyni faktları Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi də təsdiq edib, onun məlumatına görə, Aİ Ukraynanı işğal etdikdən sonra Rusiyadan təxminən 44 milyard avro dəyərində qalıq yanacaq idxal edib. Yeni sanksiyalar paketi çərçivəsində konsaltinq xidmətləri, eləcə də daşınmaz əmlakın alınması ilə bağlı məhdudiyyətlər də müzakirə olunur. Hərbçilər, iş adamları və Rusiya qoşunlarının Ukraynada törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar da daxil olmaqla daha çox fərdi siyahılar ola bilər.


ABŞ Konqresi 81 ildən sonra ikinci dəfə Lend-Liz qanununu tətbiq edib. “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” (The Ukraine Democracy Defense Lend-Lease Act) 2 həftə əvvəl Senatda yekdilliklə qəbul olunmuşdu. Nümayəndələr Palatasında da iki partiyanın ittifaqı ilə 417 səslə (cəmi 10 nəfər əleyhinə olmaqla) təsdiqlənərək prezidentin imzasına təqdim edildi. Bu qanuna əsasən ABŞ prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursatı, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları operativ şəkildə göndərə biləcək. Bunu «bəh-bəh»lə şərh edən Qərb sanki kimlərisə aldatmağa çalışır. Onsuz da Ukraynaya Lend-Liz olmadan ağır slahlar vermək mümkün idi. Sadəcə bu silahları verən yoxdu. İngiltərə istisna olmaqla konkret kimsənin ortada boyu görünmür və hər kəs enerji resurslarının «qara bazarının» yolunu axtarır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Əl-Ərəbiyyə» telekanalına müsahibəsində bildirib ki, Ukraynadakı əməliyyat yalnız məqsəd və vəzifələr yerinə yetirildikdə başa çatacaq. “Məqsədlər reallaşandan və nəticələr olandan sonra əməliyyatlar bitəcək”, — deyə nazir Moskvanın konkret mövqeyini ortaya qoyub. Maraqlıdır ki, faktiki olaraq rusların istəklərinin bir ölkəni yox etmək olduğunu yaxşı bilən Dünya dövlətləri bu cavabın hesabını Lavrovdan sorğulamır. Ya özlərini qlobal güc sayanlar axmaqlaşıb, ya da bizləri axmaq yerinə qoyublar. Arada isə Ukrayna kimi bir ölkə məhv olur.

Üstəlik bu günədək səmanın bağlanmaması və verilən silahların yalnız müdafiə xarakterli olması Qərbin bu savaşı öz istədikləri vaxtadək uzatmaq istəmələri ilə bağlıdır.


Hazırda Qərb imperialistləri ukraynalı qaçqınlarının ucuz işçi qüvvəsi kimi «boylarını sevməyə başlayıblar». BVF-nin Avropa Departamentinin direktoru Alfred Kemmer deyib: «Uzun müddət xaricdə qalmaq istəyən ukraynalı qaçqınlar kifayət qədər işçi qüvvəsi olmayan Avropa üçün müsbət amil ola bilər.

“Uzunmüddətli perspektivdə Ukrayna istəyir ki, qaçqınlar geri qayıtsın. Amma bəzi qaçqınlar uzun müddət qalmaq istəyirlər və bu da işçi qüvvəsi çatışmayan Avropa üçün müsbət rol oynaya bilər”, – deyə Kemmer bildirib.

Yekun olaraq, deyə bilərəm ki, Qərb bu müharibəni alovlandırmaq üçün illərcə vaxt və vəsait xərcləyib. Bu savaşın uzanması da onların strateji hədəfi olması görünməkdədir. Nadan rus-mujikinin inadkarlığı ilə əməlli-başlı oyun oynayırlar. Maraqlıdır ki, Rusiya da bu oyunda uduza-uduza gedir və özünü gülməli vəziyyətə salmaqdadır. «Kabab iyinə gəldikləri Ukraynada eşşək dağlamaqla» məşğul olurlar. Ənənələrinə sadiq şəkildə mülki əhalini hədəf seçir, qarətlə məşğul olur və bütün hərbi qaydaları ayaqlar altına ataraq çox pinti bir müharibə aparırlar. Ən başlıcası isə denazifikasiyası və demilitarizasiyası adıyla soxulduqları Ukraynada Rusiya, hələlik derusifikasiya və genosidokasiya ilə məşğul ola bilib…

Bu xəbəri paylaşın: