Din dühanın məhsuludur, o, bütün dövrlərdə layiqli qiymətini almış və bütün xalqların həyatında xilaskar rolu oynamışdır.
Artur Şopenhauer

Kərim Novruzov
Ağdam rayon 95 saylı tam orta məktəbin direktoru
«Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdə başlanmışdı və bu günə qədər davam etməkdədir.
Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-Kərimin özü ilə eyni vaxta başlamışdır. Quranda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir.»
«Din fəlsəfəsi geniş şəkildə isə XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi intibahdan sonrakı elmi-fəlsəfi cərəyanlara az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə və ya insanmehvərlik hadisəsindən kənarda qalmamışdır. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdir. Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatları özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar.» «Din, yaxud fəlsəfə insanın bioliji varlıq qılafından çıxmaq ehtiyacından əmələ gəlmişdir, amma birinciyə mənəviyyatın doldurulması, ikinciyə zehnin işıqlandırılması istəyi səbəb olmuşdur; belə ki, dinin məkanı ürək, fəlsəfənin ki, zəkadır. Din o zaman müqəddəslik statusu qazanır ki, fəlsəfə ilə birləşir. Fəlsəfənin yolu alfadan omeqaya kimidir və kamil din də öz fəaliyyətini bu istiqamətdə qurmalıdır. Fəlsəfi yola çıxmaq üçün insandan xüsusi istedad və fərdiliyin dəf olunması qabiliyyəti tələb olunur, amma din hamı üçündür; o, işinə başlamaqdan ötrü insani üstünlüyün ali dərəcəsinə can atmır, əlbəttə ki, başlanğıcda.
Fəlsəfənin məqsədi öyrənməkdir, dinin vəzifəsi öyrətmək. Əgər din tamam və ya qismən dərk olunmuş ilahi iradənin uyğun pillələrdə obyektivliyini əks etdirmirsə, qanuna bənzəyir. Dünya, kimin onu necə adlandırmasından asılı olmayaraq, ilahi iradənin, yaxud iradənin gücüylə idarə olunur, əlbəttə, söhbət o idarəetmədən gedir ki, insani müdaxilədən azaddır. ALLAH-din qarşıdurması deyilən bir əkslik də var, məsələn, din elmə, yaxud fəlsəfəyə qarşı çıxırsa, deməli öz mahiyyəti ilə üz-üzə dayanır.» «Fəlsəfi idrak fərdiliyin aradan qaldırılması yolu ilə nəyə qovuşursa, Allaha gedən yolun sonu da həmin məqama yetişmə kimi nəzərdən keçirilməlidir, çünki hər iki yolun yolçuları filosoflardır. Əslində bu yollar arasında nəzərə çarpan fərq yoxdur, amma yolçular fərdlər olmasa da, yollar fərdi, məqsəd eyni: insan və Həqiqətin dərk olunması, nəticə də eynidir. Varlığın iç və çöl tərəfləri – zahiri görünüşü və daxili mahiyyəti var. Şair, rəssam, heykəltəraş, ssenarist, əsasən, hadisələrin çöl təsvirini ötürməyə çalışır, amma fəlsəfə mahiyyəti öyrənir. Istənilən sənət əsəri o vaxt ölməzlik qazanır ki, ayrıca şeylərin adi idrakından ideyanın idrakına keçid mərhələsi baş verir. Hər hansı dinin mahiyyətinə ancaq fəlsəfi yolla varmaq mümkündür, deməli mahiyyət mənada həm dini, həm fəlsəfi proses eynidir.
Dinin kilsə, yaxud məscid səviyyəsində təbliğinə gəldikdə isə xətalar və yanlışlıqların meydana çıxması labüddür. Çünki fərdiliyini yox etməyən insan ilahi iradənin məziyyətlərini ehtiva edən tezliyə uyğun gəlməyə bilər, lakin vasitəçiliyin bu kimi təhriflərlə səciyyələnən fəaliyyətini bütövlüklə dinin ayağına yazmaq olmaz.» «Heç bir din insanın dərk olunmuş azadlığını, hətta ölüm hökmü oxunmuş məhkum olsa belə, əngəlləyə bilməz, çünki bu kimi azadlıqlar gözlə görünən əməllərdə zahirə çıxmır. Filosofun, yaxud hər hansı din xadiminin ayrıca insanı olmur, insan insandır, sadəcə onun mürəkkəb xüsusiyyətlərini hər kəs öz düşüncəsinin sərhədlərinə görə araşdırır. Sapiens yarandığı ilk gündən hansı iradə ilə dünyaya təşrif gətiribsə, bu gün də odur, sivilizasiya insanın həyat tərzinə aiddir, düşüncə tərzinə yox. Bu mənada dinin payına daha çox məsuliyyət düşür, nəinki fəlsəfənin, lakin dinin pis əməllərin islahı tendensiyası insani hüquqlar.»
«Heç bir din insanın dərk olunmuş azadlığını, hətta ölüm hökmü oxunmuş məhkum olsa belə, əngəlləyə bilməz, çünki bu kimi azadlıqlar gözlə görünən əməllərdə zahirə çıxmır. Filosofun, yaxud hər hansı din xadiminin ayrıca insanı olmur, insan insandır, sadəcə onun mürəkkəb xüsusiyyətlərini hər kəs öz düşüncəsinin sərhədlərinə görə araşdırır. Sapiens yarandığı ilk gündən hansı iradə ilə dünyaya təşrif gətiribsə, bu gün də odur, sivilizasiya insanın həyat tərzinə aiddir, düşüncə tərzinə yox. Bu mənada dinin payına daha çox məsuliyyət düşür, nəinki fəlsəfənin, lakin dinin pis əməllərin islahı tendensiyası insani hüquqların məhdudlaşdırılması hesabına olmamalıdır.» «Din ancaq fəlsəfə ilə yox, tarix boyu öz daxilində batin əhli və zahir əhli təmsilçilərinin arasında da dartışmalara səbəb olmuşdur. Din ilkin səviyyəsində ehkam kimi səsləndirilir, böyük hiss və həqiqətə yaxınlaşma həyəcanı ancaq onun fəlsəfəsilə vəhdətdə olduğumuz anlarda baş verir. Artur Şopenhauer əbəs yerə söyləmir ki, məni oxuyan hər kəs sufiləri də oxumalıdır. Fəlsəfə işıqlanmaya can atmadır; əzabdan xilas olmağın yeganə yolunu Qautman Budda işıqlanmada görür, deməli işıqlanmaya xidmət göstərən din, ya fəlsəfə ilə üst-üstə düşməli, ya da onun tərkib hissəsinə çevrilməlidir.
Mövlana deyir: “Bu dünya zindandır, biz də zindandakılar… Qumaş, gümüş, oğul, qadın dünyadır… Gəmiyə dolan su gəmini batırır, lakin altında qalan onu üzdürür”.
Şopenhauer deyir: “Dünya bütün münasibətlərdə qeyri-şərtsiz pisdir; estetik olaraq o, karikaturaya, zehni cəhətdən dəlixanaya, adət-ənənəyə görə adamaldadan qumarxanaya, bütünlükdə isə həbsxanaya bənzəyir”.
Əlbəttə, Mövlana gəmini üzdürən su deyəndə artıq bu dünyanı deyil, gerçəküstü – fövqəl dünyaya yüksəlməni, Şopenhauer isə, əksinə, gerçək dünyanı nəzərdə tuturdu və zahiri fərqliliyə baxmayaraq, təbii ki, hər iki filosofun qənaəti eynidir.»
«Yuxarıda qeyd etdiyimiz kimi yer kürəsində yaşayan, eyni zamanda düşünməyi bacaran hər kəs anlayır ki, dünya gözəgörünməyən iradi qüvvə tərəfindən idarə olunur və bu qüvvə fəlsəfənin, dini fəlsəfənin öyrənməyə çalışdığı yeganə Həqiqətdir, o cümlədən, bu yeganə Həqiqət fərqli fəlsəfələrdə müxtəlif adlar altında özünü büruzə verir. Elə bu səbəbdən də A. Şopenhauer fəlsəfəni başları bir-birinin dilini bilməyən əjdahaya bənzədir. Dində yeganə Həqiqət Allahdır və filosoflar bilir ki, bu Həqiqətin mahiyyətinə tam olaraq varmaq qeyri-mümkündür; məhz fəlsəfənin nail olduğu, yaxud dinin qovuşmaq istədiyi məqam tək olan Həqiqətin – Allahın dərk olunmazlığını dərk etmək xüsusiyyətilə tamamlanır, yəni din də, fəlsəfə də, olsa-olsa, tək olan yaradıcı qüvvəni tanımanın sərhədlərinə yaxınlaşa bilərlər. Artur Şopenhauer fəlsəfi nəzəriyyəsində iradə adlandırdığı yeganə hakim qüvvənin bütün xassə və xüsusiyyətlərindən söz açdığı kimi, din də, eynən məhəbbət haqqında söylədiklərimizə oxşar olaraq, Allahın keyfiyyətlərindən uzun-uzadı bəhs edir, özlərindən isə danışmırlar.»
«Mənsur Həllac yolçuluğunun sonu – Tanrıya qovuşma məhz Ona qovuşmağın mümkün olmadığı barədə biliklərin əldə olunma səviyyəsinə deyilir. Həm dinin, həm də fəlsəfənin inkişaf etməsinə səbəb Həqiqətin gizləndiyi aləmə canatmadır və hər kəs bu Həqiqətə yaxınlaşa bildiyi qədər xoşbəxt olur. Bəlkə bir gün din də, fəlsəfə də bu gizlilik pərdəsini qaldırmağa müvəffəq olacaqlar, lakin həmin gün, yəqin ki, dünyanın sonu gəlməlidir.» «Bütün dinlərin yekdil fikirdə olduğu və Qurani-Kərimin ana xəttini təşkil edən bir ayə var: “Həqiqətən, Allah ehtiyacsızdır…”
İnsanın müqəddəsliyi Allahın nəhayətsiz müqəddəsliyinə nə yaxşı, nə pis mənada təsir göstərə bilməz, yəni insan insan üçündür; onun bütün yaxşı və pis əməllərinin gerçəkləşdiyi səhnə insani mövcüdatdır. Deməli müqəddəs insan anlayışı dində və fəlsəfədə fərqli yolçuluqlar hesabına əldə olunsa da, nəticə eynidir: mümkün qədər heç kimə, heç nəyə zərər verməmək hissinin formalaşması – ülvilik məqamı. Fəlsəfədə müqəddəslik anlayışı mütləqdir, dində isə bu məqam dini fəlsəfənin təcrübədən asılı olmayan nəzəriyyəsi hesabına əldə olunur. Qəbul edilən, yaxud edilməyən qaydaları ülvilik xatirinə bilərəkdən rədd etmək müqəddəs olmaq anlamına gəlməz, müqəddəslik ehtiyacı yox kimi qarşılamaq keyfiyyətidir, yəni müqəddəslik ehtiyacsızlıqdır, ehtiyacların bilərəkdən inkar edilməsi deyil.» «Fəlsəfə ilə din arasında üst-üstə düşən yeganə məqam musiqiyə münasibətdir və bu, yəqin ki, musiqinin özünəməxsus yaradıcı xüsusiyyətindən irəli gəlir.
İlahi iradənin hökmlərinə tabe olduğu və tənhalığı sevmədiyi üçün din azad deyil, amma fəlsəfə həmişə azaddır. Dində ən böyük azadlıq tək olan Allahın iradəsinə, fəlsəfə də isə mütləq ideyaların yeganə subyektinə aiddir. Görünür, Şopenhaer tək olmanın bu xüsusiyyətinə görə deyir: “Kim ki, tənhalığı sevmir, eyni zamanda azadlığı da sevmir”. «»Zərdüşdtdən başlamış müasir günə kimi din insana əvəzsiz hədiyyə vəd etmir: “… son hesab günündə yalanpərəstlərə ən pis həyat və doğru tərəfdarlarına ən yaxşı yaşayış məskəni nəsib olacaqdır, Avesta”. Lakin fəlsəfənin məqsədi şirnikdirib hökm qəbul etdirmək yox, həqiqəti söyləməkdir, öyrənib-öyrənməmək isə birbaşa insanın özündən asılı məsələdir və fəlsəfi xoşbəxtlik təmənnasızdır, yəni dində xoşbəxtliyə səbəb istəklərin həyata keçməsi hesab olunursa, fəlsəfi xoşbəxtlik ehtiyacsızlığın mümkün sərhədlərinə qovuşmaqla əldə olunur.»
«Əgər ən böyük və ən ağır fəaliyyətin zehinlə əlaqəli olduğunu nəzərə alsaq, rahib olmaq, yaxud dindarlıq etmək insandan böyük zəhmət tələb etmir; fəlsəfə isə, əksinə, ən çox zəhmət tələb edən sahədir.» «Deyilənlərdən belə nəticə hasil olur ki, fəlsəfənin silahı yoxdur, lakin din həmişə müsəlləhdir.» «Din xalqı yekdil vəhdətə çağıran yeganə qüvvədir, fəlsəfə seçilmiş insanlar arasında belə ayrı-seçkiliyə səbəb olur.
Dinin hökmlərinə tabe olmadan da həyatı yaşamaq olar, necə ki, dinə qədər ibtidai insanlar yaşayıblar. Din insanla Allah arasında uzun bir yoldur; hər kəs şüurunun hüdudları qədər irəli gedə bilir. Dinə münasibətlə Allaha münasibət həm qismən, həm üst-üstə düşə, həm də düşməyə bilər və buna səbəb, peyğəmbərlər istisna olmaqla, Allahın yerdəki vasitəçiləridir. ALLAHı dərk etmədən sevməyin özü də bütpərəstlik kimi dəyərləndirilməlidir, axı əksəriyyət Ona arzularını gerçəkləşdirmək üçün yalvarır. Deməli din dar günün yoldaşıdır, hətta fəlsəfə də belədir, fərq ondadır ki, birincidə özünüaldatma, ikincidə özünüdərk hadisəsi baş verir. Əgər özünüdərk yalnız seçilmiş insanların qismətinə düşürsə, deməli seçilməmişlərin üz tutacaqları yeganə məbəd Dindir!» «Dinə qarşı çıxırlar, lakin din irsən qəbul olunur, çünki hələ dünyada dövlət, fəlsəfə olmayanda o var idi və dünyaya göz açan uşağın ilk tanıdığı böyük isim Allah kəlməsidir. Məsələn, Suriyada güllə yarası almış üç yaşlı uşağın sonuncu cümləsini xatırlayaq: “Hamısını Allaha deyəcəyəm”. Elə buna görə də dini haqlı, ya haqsız insanın həyatından çıxarmağa çalışanlar müsbət nəticə əldə edə bilmirlər.»
Sonda belə bir qənaətə gəlmək olur ki,din,dini ehkamlar,adətlər,mərasimlər,inanclar insanın həmişə olduğu kimi bu gün də,bundan sonrada insanlarda həyatsevərlik,humanistlik,kamillik.ve sair kimi mənəviyyat aləminin formalaşmasında, həmçinin inkişafında vacib və aparıcı faktor olacaqdır.Dini insanların həyatından və ən əsası şüurundan çıxarmaq ücün,ilk növbədə gərək vicdan sindiromu ortadan qaldırılsın.Bu isə qeyri mümkün və obyektiv reallıqdan kənar bir qeyri mümkünlüküdür.
Və ən nəhayət dinin, xususən Islamın ruhi, elmi, fəlsəfi mahiyyətini, inam,əqidə, ideologiya, birlik, xalq və dövləti qorumağın praktik fəlsəfi mahiyyətini izah etmək üçün Həzrəti Hüseynin bu kəlamlarına istinad etmək kifayətdir: Əgər Dininiz yoxdursa, axirətə inanmırsınızsa, heç olmasa, bu Dünyada qeyrətiniz olsun!!!
