Göylərdə günəşi, yerdə çiçəkləri görəndə şəhid və qazilərimizi xatırlayın…

Dörd gün əvvəl vəfat edən qazimiz, baş leytenant Aydın Həzrətovun son fotolarındandır. Qazi Aydın Həzrətov bir müddət davam edən və ağırlaşan xəstəlikdən sonra vəfat edib.
O, bu Vətən üçün can qoymuşdu.
Allah rəhmət eləsin, Şəhidim!

Fb: Son Xəbərlər.az

****************


Vətən sağ olsun, deyəcəkdim, yenə deyə bilmədim. Dilim gəlmədi. Qazisinin itirilmiş əzasını metrlə ölçən, yarasını «xalaqızıları» ilə qiymətləndirən bir məmləkət, sağ ola bilməz. Sağ olsa, QİÇS (SPİD), avtoqəzalar və buna bənzər «kefkom» xəsarətlərə bolluca yer verən bir qanun işləyən zehniyyətlə bizi bir ölkədə yaşatmaz. Onları deputat, rəis, nazir və s. bizi əlil, zəlil və s. eləməz. Bu Vətən sağ deyil, xəstədir. Ruhən və mənən zəlildi.


Bu savaşın bir çoxlarının diqqətindən qaçan bir özəlliyi vardı. Bu düşmənə nifrətin təntənəsiydi. 44 gün ərzində Rusiyanın illər boyu hazırladığı 40 minlik ordu darmadağın edildi. Apardığımız araşdırmalar zamanı düşmənin 12750 leş qoyduğu döyüş meydanından 11 min nəfər əsgəri qaçaraq fərarilik etmişdi və 110 nəfər isə itkin kimi qeydə alınmışdı. Hər gün üçün Azərbaycan əsgəri 290 ermənini «yaxşı erməniyə» çevirmişdi. Bu ümumxalq nifrətinin düşmən üzərindəki qisasıydı. Bu nifrətin qorxuncluğunu duyan düşmən qaçmağa məhkumdu. Bəs niyə öz içimizdə bu xalqın sevgisini deyil, nifrətini qazanmağa can atanların sayı günbəgün artır? Bunun səbəbini biləniniz varmı?


Bu gün biriləri deyir ki, bu qazilərin hamısının problemi varmış. Bəli, bu ölkə insanının problemi var. Və bu problemli ərənlər cəbhəyə gedərkən, problemsizlər xaricə tozlanmağa getdilər. Bu gün deyirik ki, bizdə fərari olmayıb. Bu həqiqətdi ki, döyüşdən qaçan olmayıb. Amma o da həqiqətdi ki, problemi olmayan bir nəfər də cəbhəyə getmədi. Faciə budur. Məmləkətin gülünü dərənlər ortadan yox olmuşdular. Necə deyərlər, pulun varsa, pulunu ver canın sağ olsun, yoxdursa canını ver, Vətən sağ olsun! Heç yardım da etmədilər. Sadəcə adətləri üzrə «yoxa çıxdılar». Türkiyədə belə bir deyim var: «Heç bir villadan bir şəhid cənazəsi çıxdığını gördünüzmü? Mən görmədim»…


Bəs siz gördünüzmü? Bizdə fərari olmadı, amma məmləkətdən fərar olanlar oldu. Bunları məsul qurumlar daha yaxşı bilirlər.

Villadan çıxan şəhid cənazəsi görmədiksə də, öz yaşadığı evə sığmayan və hətta bu məmləkət qədər böyük ərənlərin mübarək nəşlərini gördük. Öz anasının qəlbini paramparça edib, Vətən adlı anasının yarasını sarımağa gedən oğulları gördük.


Bu ölkədə əsgərlikdə belə olmayan icra başçıları, nazirlər və məmurlar var. Müharibəsi o yana, beləsi əsgərin, qazinin və şəhid ailəsinin nə çəkdiyini duya bilərmi? Qazimiz, baş leytenant Aydın Həzrətov şəhid qardaşlarının səfinə qoşuldu. Mən 30 ildir deyirəm ki, incisələr belə bu xalq qazilərə qarşı münasibətdə səmimi deyillər. Bu illər ərzində minlərlə fakta sahibləndim. Yalançı pafos, psevdopatriotizm və yalançı humanizmlə hərə özünə bir mövqe qurmağa çalışır. Özünüzü aldatmayın…


Biri gözlərini, biri əllərini, biri ayaqlarını bu Ay və Ulduz üçün qurban verən cəsur qəhrəmanlara minnətdarıq. Amma nədənsə dar məqamda bu psevdopatriotlar «Allah yardımçısı olsun» və sonra da «Allah rəhmət eləsin!» — deməkdən qeyri bir işə yaramazlar. Məgər bizlər Allahımızı tanımırıqmı? Amma dinimiz deyir ki, atəş iki gözə də toxunmayacaq. Biri Allah qorxusundan ağlayan göz, digəri gecə Allah yolunda sərhəd qoruyan (gözətçi) və düşmən gözləyən gözdür. Allah yolunda bir saat savaşmaq 60 illik ibadətdən üstündür.

Ayaqlarım, qollarım, gözlərim olmadan yaşaya bilərəm. «Ancaq Vətənim olmadan, yaşaya bilmərəm», deyən qazilərimiz Vətən sizə minnətdardır. Amma olmadı. Bir məmləkətin qazisi intihar edirsə, dərddən baxımsız olaraq vəfat edirsə, çörək dərdi çəkirsə və bir də qapıların arxasında bomboz sifətlərlə və donuq gözlərlə üzləşirsə, biz hələ tarixin təkərini döndərənlərin kimlər olduğunu anlamamışıq. Bizlər hələ də anlamamışıq ki, Şəhid nurlanmış, Qazi şərəflənmiş bir əsgərdi. Hələ bunu anlamamış, biriləri qalxıb şəhidi və qazini «təzə», «köhnə», «birinci», «ikinci»yə bölməyə çalışırlar. Amma anlamırlar ki, elə ikinci olanlar, birincilərin ən azı mənəvi davamçılarıdır. Ata-oğul döyüşçüləri bir kənara qoyuram…


Qazimiz, baş leytenant Aydın Həzrətov Haqqa yürüdü. Bundan da Azərbaycanın azərbaycandilli rus mediasından deyil, hər zaman öndə olan sosial şəbəkənin vətənpərvər kəsimindən xəbər tutduq. Azərbaycanın başına əngəl olan media isə bir qazinin hansısa səhvini ictimailəşdirmək üçün «şoook xəbər» axtarışındadı. Yəqin sifariş belədi.

Amma unutmayın: Şəhidlik və qazi adı heç bir mənəvi dəyər və dünya dəyəri ilə ölçülməyəcək qədər uca bir məqamdır. Əminəm ki, qazilərimiz şərəfli, ləyaqətli duruşları, vətən sevgiləri və qəhrəmanlıqları ilə təmsil etdikləri bu dəyərlərin şüuru ilə yeni nəsillərə rəhbərlik edəcəklər.


Məkanın cənnət olsun, Aydın Həzrətov…


…Onlar bir yel kimi gəldilər və məmləkəti kirlətmiş düşmənləri süpürüb ataraq getdilər. Kimisi şəhid, kimisi isə qazi oldular. Bir ananın qəlbini yaralayıb Vətən adlı Anamızın yarasını sarıdılar. Onlar bu məmləkətin səmasında günəş, tarlalarında çiçək olaraq qaldılar. Göylərdə günəşi, yerdə çiçəkləri görəndə şəhid və qazilərimizi xatırlayın…

Sadəcə susun və xatırlayın. O günəşin başınız üstündə doğması və o çiçəklərin qönçələnib açması üçün necə oğullar öz həyatlarının və gələcəklərinin üzərindən xətt çəkdilər. Uf da demədilər…


Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: