HƏLƏ BAŞLANĞICDAYIQ…

ELBARİZ Məmmədli

Demişdim axı, Ağdama gedəcəyik. Nə yola düşəndə, nə də o xarabalıqları ürək ağrısı ilə müşahidə edəndə özümə niyə və nəyə sualını vermədim. Yoxdu əzizlərim, yaddaşımızın bir küncündə qoruyub saxladığımız, hərdən xatirələrimizə güvənib xatırladığımız, Ağdam. Vallah yoxdu.

Son 30 ildə Qarabağın bağrına çalın-çarpaz elə dağlar çəkilib ki, bu yaraların on illərlə həssas qalacağı heç bir şübhə doğurmur. Xain əllərlə dara çəkilən hər ağacın, hər daşın yaralı üzündəki qəm kölgələri asanlıqla sovuşası dərd deyil. O yaraları sağaltmaq üçün bizə, həmılıqla Qarabağ ruhuna köklənmiş millət lazımdır. Ola bilmişikmi? Bu sualın cavabını hər kəsin öz ixtiyarına buraxıram…

«Azərbaycan Dəmir Yolları» QSC-nin təşkil etdiyi mediatur çərçivəsində reallaşan səfərimiz Bərdə stansiyasından təməli qoyularaq, Ağdama doğru əsaslı təmir edilən dəmir yollarından başlandı. Uzun illər boyu dəmir yolu nəqliyyatında çalışdığım və proseslərə hərtərəfli bələd olduğum üçün çəkilən yolların texniki tərəfini analiz etmək fikrindən uzağam. Təkcə onu deyə bilərəm ki, 1880-ci ildən üzü bəri, çar və sovet Rusiyası heç vaxt Azərbaycanda belə yolların çəkilişinə maraqlı olmayıb. Təfəkkürümüzdə və düşüncələrimizdə olanları reallaşdırmağa imkan verməyib. Sadəcə, sərvətlərimizi talan edib daşımaq üçün burda yarımyararlı bir nəqliyyat sistemi formalaşdırıb. Rusiyanın və digər respublikaların hərəkət sistemində olan köhnəlmiş dəmir yolu nəqliyyatı vasitələrini Azərbaycana göndərməklə, talançılığının intensivliyini qoruyub saxlayıb.

Açığıni deyim ki, torpaqlarımızın işğalı zamanı on minlərlə məcburi köçkünü sinəsinə çəkən, 44 günlük savaş zamanı düşmənlərimizin (rus və erməni) raket həmləsinə məruz qalan Bərdə şəhərində insanların üzündəki hüzn hələ tam sovuşmayıb. İşğal olunmuş ərazilərdəki namərd düşmənlə təmas xəttindən o qədər də uzaq olmayan rayonda əhali ciddi problemlər yaşayıb.

Bərdə — Ağdam stansiyaları arasındakı dəmir yolu xətti 47,1 km təşkil edir. Hazırda bu xəttin Bərdə- Köçərli- Təzəkənd mənzilində 20, 78 km-də yolların qoyuluşu başa çatdırılıb və son tamamlama işləri aparılır. Eyni zamanda Köçərli və Təzəkənd stansiyaları üçün yeni binalar tikilir. Bu sırada Bərdə stansiya binasının yenidən inşa olunması da var. Dediklərim keçmiş təmas xəttinə qədər olan ərazidə görülən işlərdir.

Təzəkənd stansiyasından üzü Ağdama doğru uzanan məsafə isə, işğaldan azad edilmiş ərazilərdədir. Doğrusu, bu haqda nədən və necə yazmağı özüm də qərarlaşdıra bilmədim. Müharibələr haqqında kifayət qədər ədəbi əsərlər oxumuşam, filmlərə baxmışam, veteran söhbətləri dinləmişəm. Amma onların heç birində ağacın, daşın, torpağın qətlə yetirilməsi hadisəsinə rast gəlməmişəm. Burda gördüklərimiz isə, savaşdan daha çox qarşısıalınmaz təbii fəlakətin nişanələrini xatırladır. İlahi, bəşər övladı bu qədər amansız və qəddar ola bilərmi?

Qarabağ torpaqları o qədər münbit və bərəkətlidir ki, burda daşın da gül bitirdiyinə kimsənin şübhəsi olmasın. Amma gördüyümüz ağrılı mənzərə baş kəsilmiş cansız bədən kimi adamın ürəyini parçalayır. Torpağın bağrı boyu müxtəlif istiqamətlərə doğru qazılmış səngərlər, addımbaşı gözə təpilən düşmən postları, uçulub dağıdılmış evlər, kötüyünə qədər kəsilmiş ağaclar, istifadəsiz qaldığı üçün kol-kos basan əkin sahələri və. s. Ən ağrılısı isə, minalanmış sahələrin içindən beton dirəklərlə çalın-çarpaz çəkilən təhlükəsizlik cığırlarına tamaşa etmək idi. Deyilənə görə, düşmənlər həmin cığırları azərbaycanlı əsirlərə çəkdirmiş, sonra onları güllələmişlər. Yeri gəlmişkən, burda bir haşiyəyə üz tuturam. Torpaqlarımızın işğalı zamanı dünyanın hər yerindən, ən çox da Rusiya və Fransa kimi ölkələrdən dövlət və siyasət adamları ermənilərin müşayiəti ilə Qarabağa dəfələrlə səfərlər həyata keçiriblər. Hər iki dövlətdə ermənilərin möhkəmlənməsi üçün dəridən-qabıqdan çıxıblar. Riyakar Minsk Qrupunun səfərlərini təşkil ediblər. Nədən bir dəfə də olsun bu cinayətləri dilə gətirməyiblər? Çünki bu, ABŞ, Rusiya, Fransa, İran kimi dövlətlərin xislətinə həmahəng olan məsələdir. Fransızlar əbəs yerə Ohanyan bəndinin inşasına milyonlar ayırmırdılar ki…

Bərdə-Ağdam istiqamətində dəmir yolu xəttinə paralel olaraq, avtomobil yolları da inşa olunur. Bütün ərazilər minalanmış olduğundan, ANAMA əməkdaşları hələlik hər iki layihənin icrası üçün müəyyən torpaq zolaqlarını təmizləyirlər. Bir az kənarda isə, son yağışlardan sonra üstü açılan minaların torpağa səpilən toxum kimi, ərazilər boyu səpələndiyini görmək olur. Belə şəraitdə həm dəmiryolçuların, həm də digər işləri icra edən insanların nə qədər təhlükəli şəraitdə işlədikləri faktdır.

Biz , Qarabağ sevgisini hamılıqla ömümüzünküləşdirə bilmədik. Əksinə, rus sevdalılar torpaqların qan bahasına azadlığını bir az şimal qonşumuzun xidmətinə yazmağa belə çəkinmədilər. Siyasi opponentlər bir-birini ittiham etmək üçün bu karta əl atdılar. Mətbuatımız cəmiyyəti bütövləşdirmək əvəzinə, parçalamaq yolunu tutdu. Bayaq internet kanallarından birində təxminən bu mövzuda bir verilişə baxırdım. Jurnalistikamızda cəsarətli və doğru sözün kapitanlarından olan Aydın Can danışırdı. Ürəyimdən keçdi ki, kaş, əli qələm tutanların sırasında » mən talış olduğum qədər də türkəm»- deyən Aydın Can, mətbu və elmi araşdırmaları ilə jurnalistikamıza əməli xidmət göstərən, birinci Qarabağ savaşı Qazisi Xaqani Ədəboğlu, mərhum dostumuz Zöhrab Əmirxanlı, Hikmət Sabiroğlu kimi Vətən sevdalıların sayı çox olaydı. Axı, davamız hələ bitməyib. Xain niyyətlərin başımız üzərində qalmaqda olan təhlükəsi sovuşmayıb.

…Ağdam səfərindən bir az könlü yaralı, bir az da ümidli qayıtdıq. Düşdüyümüz hər iki yolun başlanğıcındayıq. Həm Qarabağımızın və ətraf rayonlarımızın yenidən qurulmasının, həm də torpaqlarımızın düşmənlərdən tamamilə təmizlənməsinin. Dünyanın indiki durumunda bütün Azərbaycan bu istəyə yön almalıdır.

Bu xəbəri paylaşın: