
Qurban Vahidov
Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araşdırmalar Komisiyasının üzvü
Ermənistanın pozuculuq fəaliyyətinə son verməsi, region dövlətləri ilə dinc yanaşı yaşama prinsiplərinə əsasən davranması mühüm şərtlərdən sayılır. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalayan rəsmi İrəvan sənədin müddəalarına əməl etmir. Bu davranışı ilə regionda sabitliyi təhdid edir. Belə görünür ki, rəsmi İrəvana havadarları yenə hansısa yalan vədlər veriblər. Bir əsrdən artıq yalanlar və xülyalarla böyüyən nəsilə 44 günlük müharibə gerçəkliyi başa saldı.
Ermənistan hökuməti Azərbaycanla sülh danışıqlarının başlanmasının əsas prinsiplərini beş bənd əsasında qəbul edərək, onlara altı bənddən ibarət təklifləri ilə əlavələr edib. Bu barədə mayın əvvəlində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşdən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Brüsseldə keçirdiyi mətbuat konfransında Qriqoryan vurğulayıb ki, tərəflər Bakının beş bəndlik təkliflərinin İrəvanın təklifləri ilə əlaqələndirərək “qarşılıqlı anlaşmanı ifadə ediblər” və Ermənistan öz növbəsində altı bənddən ibarət təklif təqdim edib. Armen Qriqoryan Hikmət Hacıyevlə görüşdən sonra bəyan edib ki, Ermənistan Azərbaycanla beş bənd əsasında sülh danışıqlarına başlamaq üçün əsas prinsipləri qəbul edib və onlara öz prinsiplərini əlavə edib.
Lakin, ötən həftə diplomatik mənbələrdən məlum oldu ki, Azərbaycan tərəfi nə Brüsseldə, nə də başqa yerdə Ermənistanın təklif etdiyi 6 bəndlə bağlı “qarşılıqlı anlaşma” ifadə etməyib və razılığını bildirməyib. Qapalı müzakirələrin məzmununu ictimailəşdirən və bununla da diplomatik etikanı pozan Ermənistan nümayəndələrinin davranışından Azərbaycan tərəfi narazılığını bildirib.
Azərbaycanın Ermənistana 5 maddəlik təklifi — regionda sülhə doğru 5 addım olacağına ekspertlərdə şübhə doğurmur. Sənəd 2022-ci il martın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri vasitəsilə Ermənistan tərəfinə verilib. 2022-ci il mart ayının 8-9-da Antalyada keçirilən beynəlxalq diplomatik forumda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov geniş ictimaiyyətə çatdırıb.
Ermənistanın təklif etdiyi altı bənd nədən ibarətdir?
Rəsmi İrəvan hələlik bunu açıqlamayıb, yalnız ümumi məzmundan danışmağa üstünlük verib. Məsələn, Armen Qriqoryan bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib ki, bu məqamlardan biri “Dağlıq Qarabağın statusu” ilə bağlıdır .
Paşinyan parlamentin tribunasından bəyan edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarının olmadığını təsdiqləməyə hazırdır. Bir müddət əvvəl, bu ilin martında Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bəyan etmişdi ki, “Qarabağ ermənilərinin statusu, hüquq və azadlıqları” məsələsi Ermənistan tərəfi üçün “prinsip”dir. Yəni Ermənistan tərəfi status məsələsini sülh danışıqlarının gündəmlərindən biri kimi nəzərdən keçirmək istəyir.
Açıq demək lazımdır ki, hazırda 10 noyabr Anlaşmasının və 11 yanvar Bəyanatının icrası dalana dirənib. Bunun bir səbəbi Ukrayna münaqişəsidir. İkinci və əsas səbəbsə Ermənistanın ikili oyunlarıdır.
Məlumdur ki, 11 yanvar Bəyanatının əsas məğzi ondan ibarət idi ki, Ermənistan-Azərbaycan arasında kommunikasiya bərpa olunsun və bu hesabla Cənubi Qafqazda yeni nəqliyyat dəhlizi yaradılsın. Bu məqsədlə ötən ilin fevralında Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədirliyi ilə işçi qrupu yaradıldı. Bu işçi qrupunun da vəzifəsi o idi ki, ən geci 2021-ci ilin aprelinə qədər Cənubi Qafqazda kommunikasiyaların bərpası üçün texniki hesabat hazırlansın və ən qısa zamanda onun icrasına başlanılsın.

O zaman, çoxları ümid edirdi ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında kommunikasiya bərpa olunacaq. Lakin belə olmadı. Ermənistan müxtəlif vasitələrlə məsələni uzatdı. Gah parlament, daha sonra prezident seçkilərini ortaya atdı. Nəticə etibarı ilə işçi qrupunun iş əmsalı sıfıra endirildi və hazırda bu barədə heç söhbət belə getmir.
Ermənistanın bu ikili oyunları, revanşistlərin fəallaşması, havadarlarının (Rusiya, Fransa, ABŞ) gizli dəstəyi, onların danışıqları uzatmasına, nəticə əldə olunmamasına hesablanıb ki, sonda elan etsinlər: “Danışıqlarda razılıq əldə olunmur, üçüncü tərəf ATƏT Minsk Qrupu, missiyasını davam etdirsin”.
Deməli, Ermənistan hakimiyyəti danışıqların dondurulmasında maraqlıdır. Bunu rəsmi İrəvan heç gizlətmir də. Paşinyanın hazırda əsas hədəfi öz hakimiyyətini möhkəmlətmək və ölkədəki radikal siyasi və hərbi müxalifəti məhv etməkdir və bu istiqamətdə Paşinyan davamlı iş aparır.
Rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməniləri öz vətəndaşları hesab edir və onlara ayrıca hüquqi status verilməsini istisna edir. Bundan başqa, Ermənistan tərəfi sülh danışıqlarının ATƏT-in Minsk qrupunun həmsədrləri formatında aparılmasını istəyir, Azərbaycan isə Bakı ilə İrəvan arasında ikitərəfli danışıqlara üstünlük verir.
Rusiyanın Ukraynaya təcavüzündən sonra yaranmış hazırkı geosiyasi vəziyyətin Minsk Qrupunun həmsədrləri arasında gələcək əməkdaşlığı qeyri-mümkün etdiyini deməyə əsas verir. Bir sözlə, Bakının bu məsələdə mövqeyi birmənalıdır, danışıqlar platforması kimi Minsk Qrupu artıq mövcud deyil və Ermənistan tərəfinin onu canlandırmaq cəhdləri yalnız sülh dialoqunun başlanmasına mane olur.
Ermənistan ordusu sərhədboyu ərazilərdə, Qarabağdakı separatçılarsa təmas nöqtələri boyunca davamlı şəkildə mövqelərimizi atəşə tuturlar. Bu isə onu deməyə əsas verir ki, ermənilər revanş həvəsindədirlər. Əslində bu istiqamətdə açıq fikirlər də səslənir. İrəvanda və Xankəndində deyilir ki, “Biz döyüşü uduzmuşuq, amma mübarizəmizdən bir addım da olsun geri çəkilmirik”. Son günlər Qarabağda separatçıların aktivləşməsi və silahlı müqavimətin göstərilməsi də bunun sübutudur.
Son günlər Ermənistanda revanşistlərin davam edən kütləvi mitinqləri, orada vəziyyətin stabil olmadığını və şəraitin hər an nəzarətdən çıxa biləcək ehtimallarını artırır. Daşnaklar Ermənistana fəal şəkildə xaricdən öz havadarlarını gətirirlər. Paşinyana yaxın televiziya kanalları ABŞ, İran, Livan və digər ölkələrdən daşnaksütyun fəallarının Ermənistana gətirildiyi iddia edilir.

Beləliklə, Azərbaycanın regionda təhlükəsizlik, əməkdaşlıq və sülh üçün Ermənistana təklif etdiyi 5 maddəlik təklifə, qarşı tərəfin 6 maddəlik təklif ilə çıxış etməsi danışıqların pozulması və üçüncü tərəf ATƏT Minsk qrupunun fəaliyyətinin canlandırılması istəyi kimi dəyərləndirmək olar.
Təbii ki, münaqişədən sonrakı danışıqların pozulması hamı üçün pis bir ssenaridir. Azərbaycan müharibədə qalib tərəf olub, torpaqlarını işğaldan azad edib. Güclü və müasir ordumuz var, bu ordu öz yüksək peşəkarlığını və döyüş qabiliyyətli olmasını artıq sübut etmişdir. Mümkün silahlı təxribatları dəf etmək bacarığı da şübhəsizdir. Müharibə yenidən alovlanarsa orduların harada dayanacağını, ərazi balansının yenidən dəyişib-dəyişməyəcəyini təbii ki, təxmin etmək olar. Amma heç bir şübhə yoxdur ki, nizamlanma prosesini pozmaq cəhdləri yeni müharibədir. Amma yeni müharibənin finalında Ermənistanın təslim olması üçün şərtlər indikilərdən qat-qat sərt olacaq.
