«Qazilər üçün nəqliyyatı pulsuz etməyə ehtiyac yoxdur, onlara müavinət verilir” — Musa Quliyev

Elnur Səlim

Fədai.az-ın redaktoru

Qazilər arasında bir deyim var. Deyirlər ki, Musa Quliyev öz açıqlama və antisosial əməlləri ilə sabiq deputat Hadı Rəcəblinin canına o qədər dua oxutdurub, daha Hadı Rəcəbli heç qrip də düşmür…

Sadəcə onu deyə bilərik ki, Musa Quliyev bu açıqlamada müavinətlə kompensasiyanı qarışdırıb və xatırlarladırıq ki, kimsəyə artıq kompensasiya verilmir…

Nəqliyyat ekspertləri Qarabağ müharibəsi qazilərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı təklif irəli sürüblər. Bu təklifi dəstəkləyən sosial şəbəkə istifadəçiləri isə hesab edirlər ki, Vətən yolunda döyüşmüş şəxslər üçün dövlət tərəfindən belə bir güzəştin tətbiq olunması təqdirəlayiq bir addım olardı.

Bəs, bu təklif qəbul oluna bilərmi?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Redaktor.az-a bildirib ki, sovet dönəmində belə bir praktika mövcud olub.

“Müəyyən qrup kateqoriyadan insanlara müəyyən gözəşt və imtiyazlar verilirdi. Onlara xüsusi talonlar və yaxud da kitabçalar verilirdi ki, onun əsasında da ictimai nəqliyyatdan və digər xidmətlərdən də pulsuz istifadə edirdilər”.

Deputat hesab edir ki, yenidən əvvəlki qaydaları tətbiq etməyə ehtiyac yoxdur, çünki həmin şəxslərə dövlət müavinət ayırır:

“Amma biz 2000-ci ilin əvvəllərindən sosial müdafiənin ünvanlılıq prinsipinə keçmişik. İstər kommunal xərclər, istər nəqliyyat xərcləri, istər onların digər hansı güzəştləri var idisə, pul kompensasiyası ilə əvəz olunaraq onların pensiyalarına və müavinətlərinin üzərinə əlavə olunub. Yenidən geriyə dönməyə məncə ehtiyac yoxdur. Baxmaq olar. Əgər qiymətlərdə artımlar varsa, onların pensiya və müavinətlərinin artımları istiqamətində düşünmək daha doğru olar, nəinki geri, sovet dönəminə qayıdıb pulsuz xidmətlərdən istifadə etmək”. 

Bircə xatırlatma edirəm. Biz Orduda Türkiyə modelinə, əsgərin sosial müdafiəsində isə İsveçrənin (əslində Ermənistanın) modelinə keçə bilmərik.

Azərbaycanın bəziləri Qazilərə heç bir ölkədə əlavə imtiyazlar verilmədiyi barədə yalan məlumatlar yayırlar. Son olaylardan sonra bu tendensiya daha da güclənib. Ona görə də yerləşdiyimiz coğrafiyada qardaş Türkiyənin qazilərə verdiyi imtiyazların cüzi bir qismini diqqətinizə çatdırıram:

Türkiyədə Qazilərə verilən imtiyazlar nədən ibarətdir?

Türkiyədə Qazilərə dövlət tərəfindən verilən güzəşt və imtiyazlara aşağıdakılar misal göstərilə bilər:

Qazilər və ailə üzvləri, xəstəxanalarda pulsuz mualicə almaq hüququna sahibdir; (Qeyd edək ki, Türkiyədə xəstəxanalar sığorta sistemi əsasında pullu fəaliyyət göstərir).

Qazilərin nəqliyyat vasitələrindən istifadəsi pulsuzdur; (Buraya gəmi, qatar, avtobus, metro daxildir).

Qazi övladlarına orduda və dövlət qulluğunda xidmət üçün şərait yaradılır, imtiyazlar verilir, onlar imtahansız işə qəbul edilir;

Qazilər vəfat etdiyi zaman onlar üçün hərbi mərasim keçirilir;

Qazilərin yaşadıqları mənzil üzrə aylıq işıq pulu ödəmələrinə 40%, su pulu ödəmələrinə 50% endirim edilir;

Qazi övladları imtahansız təhsil təqaüd proqramlarına daxil edilir;

Qazilər ölkə daxilindəki müxtəlif idman yarışlarına pulsuz izləyə bilər;

Qazilər üçün muzey, teatr və digər incəsənət mərkəzlərinə giriş də pulsuzdur;

Qazilər Həcc ziyarətinə Türkiyə Dəyanət İşləri Başqanlığı tərəfindən pulsuz olaraq, növbəli əsasda göndərilir;

Qazilərə Türk hava yollarından ölkə daxili uçuşlar üçün 20%, ölkə xaricinə təkil edilən uçuşlar üçün 40% endirim tətbiq edilir.

Bundan savayı qeyd etmədiyimiz onlarla sahədə qazi və ailələrinə yardım və güzəştlər edilir…

Bu xəbəri paylaşın: