MƏNİ YADDAŞINIZDAN SİLİN!

ELBARİZ Məmmədli

Dünən vaxt tapıb bədii yazılarıma əl gəzdirmək istəyirdim. Təsadüfən son günlərdə ünvanıma gələn mesajların çoxluğu diqqətimi çəkdi. Hörmətsizlik olmasın deyə, açın baxmaq qərarına gəldim. Və halım dəyişdi…

Düz qırx ildir ki, məni tanıyan, kökümə, nəslimə, yaşantıma yaxından bələd olan bir dostum, mənə 9 may günü Georgi lenti göndərmişdi. Xatırlayıram, buna oxşar hədiyyəni 23 fevralda da göndərməyə çəkinməmişdi. Mən bilmirəm, onun nəslindən sovet müharibəsində həlak olan olub, ya yox. Bizimkilərdən olub. Bakı nefti ilə qazanılan qələbənin şöhrəti onun-bunun adına yazılıb. Həzi Aslanovun axırına çıxanlar Şəmkirdən iki şarlatan erməni zabitini Marşal rütbəsinə qədər yüksəldiblər.

Əfsanəvi Mehdi Hüseynzadəyə 1957- ci ildə italyan Tolyattinin təkidi ilə qəhrəman adı veriblər. Amma dostuma danışmışdım ki, mənim ana babam 1918- ci ilin yanvarında Şamxor stansiyasında rus eşalonunun qarşısını kəsib, onlarla savaşanlardan olub. Sovetlər bu hadisənin qisasını 1930-cu ildə alıb, babamı güllələyərək nəslimizə xalq düşməni damğası vurublar. Hətta hərbi zabitlik kursunu bitirən dayımı — düşmən övladıdır,- deyə hərbi xidmətə belə aparmayıblar.

Bunu niyə yazıram? Cəmiyyətimizdə qəribə hadisələr baş verir. İnanıb, etibar etdiyimiz adamların səsi bəzən elə yerlərdən gəlir ki, doğrusu, özündən də şübhələnməyə başlayırsan. Lənətə gəlmiş Rusiyanın bu millətin taleyində hansı faciəli rola sahib olduğunu görməzdən gəlmək, normal adamın yaşantısına uyğun olan məsələ deyil. Deməli, Kreml Xuntasına sevdalı olmağın alt qatında ciddi bağlantılar var. Necə ola nilər ki, bu gün bütün dünyanın lənətlədiyi zor və şər İmperiyasına rəğbət bəsləyəsən? Onsuz da sürüməyə gücümüz çatmayacaq bu, ölmüş ayının leşini sürümək missiyası hardan boynumuza düşüb? Qəribə oyunlar oynanır. Nəfəsliyi getdikcə daralan Rusiya bizimlə təhdid dilində danışmağı davam etdirir.

Ölkəmizi gah qanadlı raketlərlə, gah nüvə silahı ilə hədələyir. Bir az da uzağa gedib eynilə Ukraynada olduğu kimi, bizdə də bioloji labaratoriyanın mövcudluğunu dilə gətirmək cəsarətinə əl atır. Maraqlıdır, onların Ukraynada dizləri büküldükcə, Azərbaycandakı rusiyapərəstlər arasında hərəkətlənmə artır. Qarabağda atəşkəs pozulur. Ermənistanda hakimiyyət dəyişikliyinə meyllər artır. Paşinyanın reallığa meyli üsyanla qarşılanır.

Bütün bunların arxasında isə, birmənalı olaraq, Rusiyanın qanlı barmağı dayanır. Azərbaycan cəmiyyətində dünyada və regionumuzda baş verən proseslərə qəribə yanaşma instikti var. Bu qədər bəlaları yaşamış millət, Rusiya-Ukrayna müharibəsinə ABŞ və Qərbin oyunu kimi baxmaqla yanaşı, Qarabağ düyününün hərtərəfli çözülməsində də bəlanı yaradan Rusiyadan kömək umur. Çünki ölkənin içində hər gün onları bu «reallığa» inanmağa yönəldən qüvvələr var. Ermənilər də bu loyallıqdan istifadə edib, rus və fransız kürsülərindən xəstə xülyalarını dilə gətirirlər. Blinken Amerikadan ermənilərin havadarı olmaq niyyətində bulunur.

Düşünürəm ki, bu ölkənin siyasi, hərbi, hüquqi və iqtisadi arenasında FSB- dən tutmuş, Feto, PKK-ya qədər yetərincə xidmətçisi olan qüvvələr var.

Əllidən artıq siyasi partiyanın real bir fakta eyni sayda bir-birini inkar edən münasibəti diqqəti çəkirsə, biz hansı Azərbaycandan danışırıq? Rusiya bitir.

Buna kiminsə şübhəsi olmasın. Amma gərək bu vəziyyət boynu riyakar Qərbin qoltuğunda olanlara da millətə təzə boyunduruq axtarmaq imkanı tanımasın. Millət öz yolunu seçib. Türk Birliyində var olmaqla, həqiqi dostlarla birgə addımlamaq.

O ki, qaldı Rusiya meylli dost və tanışlarıma, onlar mənim adımı yaddaşlarından silsələr daha yaxşı olar. Mən düşmən köpəklərinə etibar etmirəm.

Bu xəbəri paylaşın: