Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan — Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. Forumda Türkiyədən və Azərbaycandan olan QHT nümayəndələri və media üzvləri iştirak ediblər.
Forumda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Şəhid ailələrinə Qayğı cəmiyyətinin sədri Müşfiq Əliyev də iştirakçılar arasında olublar və çıxış edərək «Türk Birliyi» ideyasının tarixi zərurət olmasını qeyd ediblər.

Füzuli Rzaquliyev bizimlə söhbətdə bildirib ki, hər iki ictimai təşkilat uzun illərdir ki, öz fəaliyətlərində, məhz bu ideologiyanı əsas tutublar. Turan birliyi, Türk birliyinin yaranması və Türk dövlətlərinin bütün sahələrdə inteqrasiyası öndə duran hədəflərimizdəndir. Milli şüur, milli iradə günün tələbinə çevrilməlidir.
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ilk dəfədir keçirilir və gələcəkdə hər il keçiriləcəyini bildirib.
Elnur Səlim
