AD GÜNÜN MÜBARƏK, Zəkəriyya bəy…

Buralarda savaş var
Oralarda günəş varmı?
Varsa sor ona
Niyə isitmir bizi
Sizi isitdiyi qədər?


(Fikret Tuncer «Əsgər məktubu»)

Bu gün sənin günün, öz doğum gününlə bu günü şərəfləndirdin. Həyat dediyin bu yolda çox insanla rastlaşmışıq, amma dost dediyimiz adamlar bir əlin barmaqlarından həmişə az olur. Doğum günün mübarək, əziz dost, hər zaman bir əlin barmaqları olmaq diləyi ilə.


Həyatda qarşılaşacağın çətinliklərdə həmişə qalib olmağını və yeni yaşda ümidini heç vaxt itirməməyi arzulayıram. Sağlam, xoşbəxt və dinc günlər, bütün gözəl nə varsa həmişə sizinlə olsun.


Böyük bir yolun və Turan adlı bir yurdun sakini olan Zəkəriyya bəy, sən istəməsən də yazmağı özümün təbrik borcu bildim. Turan Ellərinin bir carçısı, AVMVİB-nin fəalı, Fədai.az-ın ən yaxşı oxucusu və sadəcə cəmiyyətdə öz mövqeyi olan fərd haqqında yazmadan ötə bilməzdim. Çünki Qazilərimiz şanlı tariximizin əbədi qəhrəmanları, dastanlaşan tariximizin canlı abidələri, müstəqillik şüurunu yaşadan millətimizin əfsanələri, türk vətənpərvərlik, türk qəhrəmanlığı, türk fədakarlığının daşıyıcılarıdır. Bu mirası öz canında daşıyan biri kimi tanıdığım Zəkəriyya bəyin ad günü ilə arası olmadığını bildiyimdən yazının formasını dəyişdim.


Bizim nəslin nümayəndələrinin gəncliyi olmadı. Savaşlar arzularımızı da apardı. Türkiyəli şair Fikrət Tuncər gözəl bir deyimi var: «Gözlərimi göz bankına, böyrəklərimi böyrək vəqfinə, ürəyimi sizlərə bağışlamışdım. Savaş hamısını aldı məndən»…


Savaş bizə həyata özgə nəzərlə baxmağı öyrətdi. Ona görə də əxlaqdan, namusdan, qeyrətdən, elmdən yoxsul olan südü pozuqlar bizləri sevməzlər.

Bəlkə də ən azı düşmən erməni qədər bizlərə nifrət edərlər. Çünki bizim savaşçı dünyamızda bunların yeri olmaz və buna görə bunların niyə bizi sevmədiklərini çox illər sonra anladım. Əsil döyüşçü olanlar hansısa bir şərəf yoxsulunun yanında durmaqdansa, bir müdrikin dediyi yolla getməyi seçərlər. Bu müdrik deyib ki, sənin ağır və dözülməz bildiyin işin, bir işsizin arzusudur. Sənin dəliqanlılığından bezdiyin övlad, hansısa bir sonsuzun arzusudur. Sənin kiçik sandığın mənzilin, hər bir evsizin arzusudur. Sənin gərəksiz bildiyin sağlamlığın, hər bir sağalmaz xəstənin arzusudur. Allahın insanlardan gizlətdiyi bir günahın, el içində xar olmuş hər bir günahkarın arzusudur. Sənin asudə və ruhən sakit yuxun, ölkəsində savaş gedən hər bir kəsin arzusudur…


Bunca arzulara sahib olan Zəkəriyya bəy, bütün gözəlliklər sənin olsun və bu gözəlliklər içində 100-bu ağ olar, 99 il yaşa!


Bunu da qeyri-rəsmi bir dost təbriki kimi qəbul elə…

Hörmətlə, Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: