Bizdə «Vyetnam sindromu» deyil, «Azərbaycan sindromu» var…

TƏKRAR (19.05.2021-ci il)

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

BİRİNCİ YAZI

Bizim yarıtmaz jurnalistikamız da bəzi məmurlar kimi döyüşçülərdən qorxurlar. Tapdıqları özündən müştəbeh ekspertlər veteranlarla problemi «Vyetnam sindromu» adlandırıb ağızlarına gələni danışırlar. Sonda məlum olur ki, bu adamların heç «Vyetnam sindromu»ndan adi məlumatları belə yoxdur.


Müharibədən sonra, döyüş zamanı alınmış xəsarətlər, psixoloji travmalar, əsasən travmasonrakı stres pozğunluğu (TSSP) adlanır. Bu döyüşlərdə bir insanın psixikasına güclü mənfi təsir göstərən bir və ya təkrarlanan bir çox hadisələr nəticəsində ortaya çıxan ağır bir zehni vəziyyətdir. Travmatik stres, təhlükəli bir vəziyyətdə lazımi şəkildə hərəkət edə bilmək anında yaranır, insanın düşdüyü köməksiz və çarəsizlik hissi ilə sıx bağlıdır.


Yəqin ki, hər kəs son vaxtlar «Vyetnam sindromu» adlı termin haqqında eşidib. Ancaq az adama maraqlıdır ki, öz əsgərlərimiz Vətən Müharibəsi kimi müharibələrdən sonra, döyüşlərdə iştirakla əlaqəli hansı bir zehni narahatlığa və təsirlərə məruz qalmışlar. Yeri gəldi, gəlmədi, başı çıxan, çıxmayan, müharibənin nə olduğunu kinolarda görən və ucuz saytların züyüylə zühur etmiş «hərbi ekspertlər» güya bizlərə canı yanan kimi «Vyetnam sindromu»nu misal gətirirlər. Bu adamlara bildirim ki, Azərbycan döyüşçüləri «Vyetnam sindromu»ndan deyil, «Azərbaycan sindromu»ndan əziyyət çəkirlər və bu sindromun tam mahiyyətini sizlərə açıqlamaq zamanı gəldi.


Öncə gopa basdığınız «Vyetnam sindromu»nun mahiyyətinə nəzər yetirək.


Məlumat üçün bildirim ki, Vyetnam müharibəsi, 20-ci əsrin ikinci yarısındakı ən böyük hərbi qarşıdurmalardan biri sayılır. Müharibə bir neçə dövrə bölünə bilər: Cənubi Vyetnamda partizan müharibəsi (1957 — mart 1965), ABŞ-ın tam miqyaslı hərbi müdaxiləsi (mart 1965 — 1973) və müharibənin son mərhələsi (1973 — 1975).


30 aprel 1975-ci ildə Vyetnam müharibəsi rəsmi olaraq sona çatdı. Bir çox əsgər geri dönsə də evdə bu savaşın nəticələrindən xilas ola bilmədi.

Bu müharibə qısa müddət üçün planlaşdırılsa da hərbi əməliyyatlarda çox sayda mülki şəxsin ağır itkiləri və qətlləri ilə uzanan bir müharibəyə çevrildi. Yekunda aciz duruma düşən ABŞ əraziyə kimyəvi maddələrlə hücum etdi və dəhşətli mənzərələri görən amerikalı əsgərlərin psixakası pozuldu. Amerika əsgərləri özlərini burada «azadlıq» gətirən bir əsgər kimi deyil, vicdanını itirmiş qatillər və sadistlər kimi görməyə başladılar və bu işğalçı əsgərlər haqlı idilər. Uzun illər bu ağrını çəkdilər və onların bu dəhşətlərdən sarsıntısı «Vyetnam sindromu» adlandırıldı və üstəlik də məğlubiyyət acısı…


QEYD: Anladınızmı bizi nəyə və kimin sifarişiylə «Vyetnam sindromu»na yoluxmuş kimi göstərmək istəyirlər? Bu bir sifarişdir. Əksini bilən varsa, yazsın. Azərbaycan əsgəri öz vətənini işğalçılardan azad edən Azadlıq əsgərləri və Vətən Fədailəridir. Faşizmə və imperializmə qarşı çarpışmış bir ordunun əsgəridir, Azərbaycan əsgəri! Biz insanlığa qarşı cinayətə yol verməyən bir ordunun varisləriyik və son müharibə zamanı bir körpənin belə həlak olmamasını bütün dünya gördü…


Vyetnamlılar da vətənləri uğrunda döyüşürdülər və amerikalılar ağır itkilər verirdi. Hərbi texnika və aviasiya sahəsindəki üstünlük Vyetnam cəngəlliyində əhəmiyyətsiz idi. Sonra amerikalılar daha dəhşətli tədbirlərə əl atdılar. 1962-ci ildə kimyəvi silahdan istifadə etməyə başladılar. Əməliyyat «Ranço» kod adı ilə keçirildi.

Bu əməliyyatın əsas məqsədi Vietkonqovçuların nəzarətində olan ərazilərə kifayət qədər defoliant və herbisid tökmək idi. Bu hücum, döyüş meydanlarındakı bütün bitki örtüyünü məhv edəcək və Vyetnam üsyançılarının gizlənməsi daha çətin olacaqdı. Bundan əlavə, Vyetnamlılar əkib becərə bilməyəcəkdilər.


Altı fərqli kimyəvi qarışıq raket atıldı və püskürüldü, lakin ən çox istifadə edilən Agent Orange (Portağal) idi. «Ranço» Əməliyyatı zamanı 76 milyon litr reagentdən istifadə edilmişdi. Bunun nəticəsində 22.000 kvadrat kilometr meşə və əkin sahələri, bütün canlılar, tamamilə məhv edildi.


Vyetnam hökumətinə görə, «Ranço» əməliyyatı zamanı təxminən 400.000 insan öldü və ya ağır yaralandı. Agent Orange tərkibindəki dioksinin səbəb olduğu onkoloji xəstəliklər, onurğa xəsarətləri, diabet və nevroloji xəstəliklər bu gün də Vyetnam xalqına əziyyət verir.

Vyetnamda indi Agent Orange qurbanlarının müxtəlif dövrlərdə, o cümlədən 1980, 1990 və 2000-ci illərdə çəkilmiş eksponatları və fotoşəkillərinin saxlandığı bir muzey var. Bu bəşəriyyət əleyhinə və təbiət əleyhinə törədilmiş cinayətlərin iştirakçıları, öncə öz cinayətlərindən zərər gördülər. Digər bir tərəfdən isə, Amerika əsgərlərinin gözləri qarşısında törədilən bu kütləvi qırğınlar onların psixoloji durumunu zədələdi. Qarabağda isə biz terrora qarşı bir Azadlıq, Vətənin müdafiəsi döyüşləri apardıq.

Bütün hallarda müharibə iz qoymadan ötüşmür. Amma bizim veteranların qarşılaşdığı sindromun adı «Vyetnam sindromu» deyil, tam məqsədli bir şəkildə yaradılmış «Azərbaycan sindromu»dur. Bunu da yaradanlar adımız kimi bəllidir. Çünki bunlar öz fəaliyyətlərini gizləmirlər…

Təkcə son yarım ay ərzində düşmənin İnfoteka 24 saytında cəbhədən geri dönmüş müharibə veteranlarının narazılığını əks etdirən anti təbliğat xarakterli yazı başlıqlarının bir qismini diqqətinizə çatdırıram: «Алиев нас обманул! Азербайджанский солдат», «Азербайджанский ветеран-инвалид платит кредит в банке Алиева, работая в такси (видео)» , «Мы умираем от голода!: азербайджанцы требуют от Алиева социальной помощи (видео)», «Азербайджанские ветераны оказались ненужными стране после войны», «Потасовка с костылями: Стычка между одноногими инвалидами карабахской войны и азербайджанскими полицейскими» və s.

Öncə üzümü döyüşçülərə tuturam. Düşmənə fakt verməyin. Sosial şəbəkələrdə belə videoların paylaşılmasına səbəb olan məmurlara qarşı bir özgə üsul seçmək lazımdır. Sonra da bu ölkə uğrunda döyüşmüş şəxslərə qarşı illərcə məlum dayısı erməni, atası azərbaycanlı sayılanların olmasını gizləməyin özü bu vətənə xəyanətdir. İllərcə bu adamların daxildə dayılarının qisasını almalarını gördük və yenə görməkdəyik. Heç Azərbaycan dövlətinin zəif olduğu dönəmlərdə bunca problemlər yox idi. Məmurlar döyüşçülərə daha yaxşı münasibət göstərirdilər. Bu işləri ən ali səviyyəyə çatdırılmasını artıq pərdələmək mümkün deyil. Qalib bir ordunun əsgərlərinin sındırılmasının bariz nümunələri artıq göz tökməkdədir. Baxın, o sıldırım qayalarla qalxıb alınan bir şəhərdə keçirilən ilk festivalın ön cərgəsində neçə qazi oturduğunu gördünüz?

Bu gün bəzi şərəfsizlər çıxıb veteran və şəhid ailələrini bazar malı kimi «təzəyə, köhnəyə» bölməyə çalışmaqdadırlar. Öncə əlil-veteran kimi bölməyə çalışırdılar. Özü babasildən tərxis olunan belələrinin qondarma «qazilik» ədaları ilə yenilərin müraciətinə, «siz hələ yenisiniz», köhnələrin müraciətinə «siz də köhnəsiniz» deyə yola verirlər. Bütün sahələrdə olduğu kimi bu sahəyə də öz kirli əllərin uzadanlar daim olub və məlum düşmənə «maşalıq» edirlər.


Bu gün «ekspert» olmaq dəbdi deyə, əsgərlikdə belə olmayan xeyli «hərbi ekspert» peyda olub və savaş sonrası prosesləri Amerika kəşf edər kimi «Vyetnam sindromu» kimi düşükcəsinə şərh edirlər. Bir döyüşçü və peşəkar araşdırmaçı jurnalist kimi, illərdir bu problemi öz həyatında yaşamış biri kimi bunu «Azərbaycan sindromu» adlandırardım. Dünyanın heç bir yerində buna bənzər bir müharibə sonrası sindromla rastlaşa bilməzsiniz.

Sadalayacağım problemlər adətən bir-neçə nəfərin diqtəsi ilə həyata keçirilib. Bu sindromu yaradan səbəbləri və onu qəsdən yaradanları özünüz ayırd edə bilərsiniz. Sadəcə azca diqqətli və məntiqli olmaq yetərlidir.


— Öncə ondan başlayım ki, müharibə gedən bir ölkədə 1999-2019-cu illər ərzində Nazirlər Kabinetində «Əlillərin reablitasiyası haqqında», «Veteranlar haqqında», «Şəhid adlarının əbədiləşdirilməsi», «Əlilliyin təyin edilməsi» və s. aidiyyatlı qanunlara məqsədli şəkildə müdaxilələr edilib. Bircə faktı xatırladım ki, «Şəhid adlarının əbədiləşdirilməsi barədə» Nazirlər Kabinetinin qərarının müddəaları 1999-2016-cı il ərzində hissələrlə tam dəyişdirilib. Qərara görə yalnız 2 dəfə «Azərbaycanın Milli Qəhrəmanı» adı alan şəhidə abidə qoyula və adına ünvan verilə bilər. Sizcə bu nə məqsədlə və kim tərəfindən edilib? Çünki belə bir şəxs yoxdur bizim ölkədə. Anlada bildimmi?

2017-ci ildən bu barədə yazırıq, amma kimsə maraqlanmır. Təxribat xarakterli bu faktlar ciddi surətdə araşdırılmalıdır. Ona görə də şəhid adlarının əbədiləşdirilməsi haqqında ölkə rəhbəri yenidən sərəncam imzaladı. «Veteranlar haqqında», «Əlillərin sosial reablitasiyası haqqında» Respublika Qanunları qismən, ya da tam şəkildə neqativ bir istiqamətdə dəyişdirilib. Dəfələrlə yazmışıq və bir daha yazırıq ki, bu qanunlara əl gəzdirərək işləməz söz yığınına çevirənlər düşmən sifarişini həyata keçiriblər. Bunu həyata keçirənlərin düşmənlə əlaqələri yoxlanmalıdır.

İndi müharibə sonrası «Azərbaycan sindromunun» detallarıyla tanış olun:


— Müharibə bitər-bitməz qalib bir ordu mənsublarının,ümumiyyətlə SQ əməkdaşlarının əmək haqqları aşağı endirilir. Aylar öncə ƏƏSMN-nin bu istiqamətdə Maliyyə nazirliyi ilə birgə iş aparması barədə yazmışdıq və Müdafiə nazirliyindən aldığımız cavabı dərc etmişdik. Bu sindromun ilk addımı.


— Müharibədən öncə, yəni 30 dekabr 2015-ci ildə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Nazirlər Kabineti qərar qəbul etdi. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əlilliyin təyin olunması praktikasını İsveçrədən götürüb və onu optimal hesab edib. Görünən mənzərə odur ki, bu, işlək deyil və vətəndaşların haqlı narazılığına səbəb olub, xüsusən də müharibədən zərər görmüş insanlar bu qanunda müharibə adını çəkilməməsini bir düşmən sifarişi hesab edir. Çünki heç bir qərar problemin həllinin asanlaşmasına deyil, qəlizləşməsinə hesablanıb. Aidiyyatlı qurumlar bu məsələni də nəzarətə götürməlidirlər. Müharibə şəraitində olan bir ölkənin, saatını Kremllə düzəldən bir məmuriyyətin bu İsveçrə sevdasını kimsə izah edə bilməz. Bu ölkənin, nə səhiyyəsi İsveçrəyə uyğun gəlir, nə də düşdüyü müharibə şəraiti. Bu ölkə öz tarixində savaşa qatılmayan bir ölkədir. İndi anladınızmı sifariş haradan gəlib və hədəf kimlərdir? Əlbəttə döyüşən əsgər hədəfə alınıb.

Bu məsələ ilə bağlı Rusiyada əlilliyin təyin edilməsiylə bağlı bütün bölmələr üzrə hərbi travmalar ayrıca qeyd olunub. Müharibə şəraitində yaşayan bir ölkədə qəbul edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də «müharibə», «hərb» və «ordu» sözlərinin olmamasını siz özünüz qiymətləndirin. Bunu kim sifariş edə bilər?


Avtoqəzada əzasını itirmiş biriylə, qazini hansı ölkədə eyni tutarlar? Bax buna «Azərbaycan sindromu» deyirlər. İsveçrənin əlillik meyarını görəsən kimlər bu «ağıllılara» sırıyıblar. Araşdırın. Bu adamlar tarixdə İsveçrənin girdiyi bircə müharibənin adını çəkə bilərlərmi? Yəqin ki, bu qanunu İsveçrə bankının vestübülündən götürüb gətiriblər. Bu bir ayıbdır. Bunu edənlər heç olmasa xidmət etdikləri kolon sahibi Rusiyanın bu sahədəki kriteriyalarına diqqət yetirsəydilər, bu cür anormal avropaçılıqdan yaxşı olardı. Çünki bu adamlar öyrəncəlidirlər. Qiymətləri qaldıranda, cərimələr tətbiq edəndə Qərblə, əmək haqqına gələndə isə ianə ilə dolanan Ermənistanla bizi müqayisə edərlər.

Səhiyyə Nazirliyinin əmri ilə dəyişdirilmiş və Rusiya Federasiyasının 29.04.2005-ci il tarixli N 317 Qərarına diqqət edin. Ümumi əlliliyə aid 4, hərbi travmalara aid 10 bölmə var:


— ümumi xəstəlik;

— uşaqlıqdan əlil;

— Peşə xəstəliyi;

— əmək xəsarəti;

— hərbi travma;

— hərbi xidmət zamanı əldə edilmiş xəstəliklər;

— hərbi vəzifələrin icrasında əldə edilmiş xəstəliklər

— Çernobıl nüvə stansiyasındakı qəza;

— Çernobıl nüvə stansiyasındakı fəlakətlə əlaqəli xəstəliklər;

— Çernobıl nüvə stansiyasında digər vəzifələri yerinə yetirərkən qazanılmış xəstəliklər

— hərbi xidmətlə (rəsmi vəzifələr) əlaqəli «Mayak» İstehsalat Birliyindəki qəza ilə əlaqələ xəstəliklər;

— «Mayak» və digər hərbi vəzifələri yerinə yetirərkən qazanılmış xəstəlik hərbi xidmət (rəsmi vəzifələr), qəza ilə əlaqəli;

— radiasiyaya məruz qalmanın nəticələri ilə əlaqəli xəstəliklər; (travma, yaralanma, kontuziya, zədə) alınmış xəstəliklər

— hərbi xidmət vəzifələrinin icrasında (rəsmi vəzifələr), xüsusi risk qruplarının hərəkətlərdə birbaşa iştirak ilə əlaqələndirilir.


Fərqi özünüz ayırd edin. Müharibə şəraitində yaşayan ölkənin qəbul etdiyi qərarla, müharibə getməyən, yalnız işğalçılıqla ora-bura hərbi dəstələr göndərən bir ölkənin qərarını tutuşdurun. Bu «məxfi əl» kimə işləyir?


— Şəhidlər Xiyabanında (II Şəhidlər Xiyabanı) 1182 boş məzar olduğu halda Dərnəgüldən köçürülmüş erməni qəbristanlığının az qala ayağı «altında» şəhidlərimizin dəfn olunmasını kim sifariş vermişdi? Bu sosial narazılığı yaratmaq kimlərə lazım olduğu mütləq araşdırılmalıdır.

— Şəhidlər Xiyabanında döyüşçü şəhidlərimizin məzarlarını gizləmək üçün anormal ağıla sahib Hacıbala Abutalıbovun əkdiyi gərəksiz ağaclar niyə çıxarılıb atılmır. Biz şəhidlərimizi kimdən və niyə gizləyirik? Niyə bizim üçün canlarından keçmiş bu qəhrəmanlara qarşı hörmətsizlik edilir. Artıq Hacıbalanın ağacları ucbatından şəhid məzarları ziyarət olunmaz hala gəlməsini, sizcə kim sifariş verə bilər?


— Cəbhədən geri dönmüş döyüşçülərə veteran adlarının verilməsində ləngimə, yaradılmış komissiyanın yarıtmaz fəaliyyəti, yaralılara bəzi həkimlərin az qala düşmən münasibəti, əlilliyin təyinatıyla bağlı süründürməçilik, əksərən 5-ci kolona bağlı icra hakimiyyəti başçılarının yarıtmaz fəaliyyəti, yaralı qazilərin müalicəsinin tam nəzarətə götürülməməsi, döyüşdən geri dönmüş şəxslərinin iş yerlərini itirməsi və s. artıq həyəcan təbili çalmağa vadar edən amillərdəndir. Amma kimə şikayət edəsən? Onsuz da baxan yoxdur.


— 27 il boyunca sığorta pullarının (döyüşçülər arasında «qan pulu» deyilir) «ötür-ötür oyunu» ilə verilməməsi, cəmiyyətdə və informasiya sahəsində hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı heç bir işin görülməməsi (istənilən KİV-i, xüsusən də televiziyaların yayımlarını diqqətdən keçirin. Bu təbliğatla ya halvaçı, ya zurnaçı, ya meyxanaçı, ya da «vor zakon» olarsan. Bu tordan yayına bilsən uzağı Bayram Nurlu olsan şükür elə) «Azərbaycan sindromu»nun tərkib meyarlarındandır.

— 25 ildir ki, «Veteranlar haqqında» Respublika Qanununun tələblərinə uyğun büdcədən ayırmalarla bağlı etdiyimiz müraciətlərə «para yoxdur» cavabı almaqdayıq. Amma bu ölkədə az qala bütün ictimai birliklərə, müxtəlif ölkələrin işğalında iştirak etmiş rus-sovet hərbi birliklərinə pul tapan bir Nazirlər Kabineti və onun Maliyyə nazirliyi, təkcə Vətən uğrunda döyüşənlərin 80 minlik (bu günkü rəqəm) veteranları öz ətrafında birləşdirən və hər zaman Dövlətçiliyin yanında olan bir birliyə 25 illik yubileylə bağlı da pul tapa bilmədi. Təşkilatın qeydə alınmasını xatırladım. «Vətən Müharibəsi» adına görə 1994-cü ildə qeydiyyatda problem yaranmışdı. Ədliyyə nazirliyinin köhnə binasında II mərtəbədə II Dünya Müharibəsini, bizə vətən müharibəsi kimi sırımaq istəyən bir Mozambik veteranının başa düşmək istəmədiyini görüb ona dedim ki, bizim bircə vətənimiz var, o da Azərbaycandır! Qəbul edirsən et, etmirsən səni bu ikinci mərtəbədən yerə atacağam. «Dostumuz» mövqeyini dəyişib dedi ki, siz deyən olsun! Vətən adından qeyri hər şey yazmaq şərtinə bir Azərbaycan əlavə etməklə qeydə alındıq. Bu gün müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində hələ də bəzilərinin beynində ilişib qalmış qondarma «böyük vətən» mifi dağıldı.


— Döyüşçülərin problemiylə məşğul olan komissiyalara cəmi bircə qazi qardaşımız, məşhur idmançı İlham Zəkiyevin adını salıblar. O qardaşımızın görmə əngəlli olması da bu mövcud sindromun tərkib hissəsi olmadığını kim dana bilər? Bunun özgə bir yozumu varmı?


— Bədənində mərmi və qəlpə gəzdirən müharibə əlillərinin təqaüdlərini kəsməyə girişiblər. Görəsən bu sosial sifarişi kim verir?


— Bir ölkədə ən adi MİS (JEK) müdirinin belə övladı müharibədə iştirak etməyə və həmin ölkənin hərbi çağırışına məsul olanlara cəza, yoxsa rütbə yüksəlişi düşər? Sizin düşündüyünüz kimi deyil. Bax buna sindrom deyirlər…


İllərdir ki, biz bu sindromun əsil memarlarıyla çarpışırıq. Detallarını anlatmaq üçün «Azərbaycan sindromu» araşdırmasını davam etdirmək niyyətindəyəm…

Davam edəcək…

TEZLİKLƏ: «44 günlük Vətən müharibəsinin 45-ci günü» adlı möhtəşəm yazı sizlərə təqdim ediləcək…

Bu xəbəri paylaşın: