Ukrayna prezidenti Vladimir Zelenski keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissinceri Kiyevi, ərazisinin bir hissəsini Rusiyaya verməyə çağırdığına görə tənqid edib. Bu barədə Ukrayna lideri özünün Teleqram kanalında videomüraciətində bildirib.
“Cənab Kissincer, məsələn, dərin keçmişdən çıxır və deyir ki, guya Rusiyaya Ukraynanın bir hissəsini vermək lazımdır. Bu yolla, guya Rusiyanın Avropadan uzaqlaşması baş verməz”, — deyə Zelenski diqqət çəkib.
Ukrayna prezidentinin sözlərinə görə, adamda belə təəssürat yaranır ki, “Cənab Kissincerin təqvimində 2022-ci il deyil, 1938-ci il yazılıb. O, Davosda deyil, o vaxtkı Münhendə danışdığını düşünürdü.
Zelenski qeyd edib ki, dünyada yenə də Rusiyanın maraqlarını nəzərə almağı təklif edənlər var. “Bəzi Qərb KİV-lərində Ukraynanın sülh müqabilində ərazilərindən imtina edərək sözdə çətin kompromisləri qəbul etməli olduğuna dair simptomatik nəzəriyyələr dərc olunmağa başlayıb”, deyə o qeyd edib ki, Ukrayna öz maraqlarının başqaları ilə üst-üstə düşməməsini təmin etməlidir.
Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer demişdi ki, Qərb Ukraynada Rusiyanın hərbi məğlubiyyətinə nail olmaq cəhdlərini dayandırmalı, ikincisi isə ərazi güzəştlərinə getməlidir. Diplomat əmindir ki, tərəflər arasında danışıqlar yaxın iki ay ərzində bərpa olunmalıdır. Əks halda, “şoklar başlayacaq” və “gərginlik yaranacaq ki, bunu aradan qaldırmaq asan olmayacaq”.
Həmçinin Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Avropada və bütövlükdə Qərbdə “rusiyapərəst lobbiçilər” Ukraynaya sülh naminə ərazilərin bir hissəsini Rusiyaya verməyi təklif edirlər.
Onun sözlərinə görə, bu təkliflər Qərbdə “Rusiya ilə yenidən biznes qurmaq” və “köhnə, müharibədən əvvəlki həyat tərzini” qaytarmaq istəyənlərdən gəlir. “Ukrayna bu müzakirədə iştirak etməyəcək. Biz öz vətəndaşlarımızla, ərazilərimizlə və suverenliyimizlə alver etmirik. Bu aydın qırmızı xəttdir. Tərəfdaşların hər hansı birindən bunun hər hansı bir işarəsi olarsa, cavab prinsipial reaksiya ilə veriləcək.
Münaqişənin dondurulmasından isə söhbət gedə bilməz”, o, rəsmi Kiyevin Avropadakı bu cür çağırışlara münasibətini izah edib.
Qərbin riyakarlığı bir daha üzə çıxmaqdadır…
