“Azərbaycanda əlində heç bir əsası, sənədi olmadan müharibə veteranı statusu daşıyan 15 mindən çox insan var”.
Bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, bununla bağlı Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırma aparılır.
Bir ölkədə saxta deputat, saxta diplomlu icra başçısı, saxta əlil və s. varsa, niyə də saxta veteran olmasın. Özü də bunlar bizim içimizin ən «bərk gedən veteranlarıdı». Çünki erməniyə-zada nəinki güllə, heç çınqıl belə atmayıblar. Həmişə düşünürdüm ki, bəzi məmurlar bəlkə də patsefist olduqlarına görə bunları çox istəyirlər? Amma bildirim ki, bu saxta veteranları, verdiyi açıqlamaya görə Musa Quliyev daha yaxşı tanıyır. Qoy elə adlarını da desin, məsələ bitsin. Çünki mənim bildiyimə görə belə saxta veteranlar elə saxta deputatların və saxtakar məmurların «düzəltdikləri veteranlardır», əksərən də öz qohum-əqrabalarıdır. Mən isə deyərdim ki, bir-neçə qəlpəni bədənində gəzdirən döyüşçü var ki, 30 ildir, öz «Veteran statusunu» ala bilmir. Bununla bağlı bir neçə olmuş hadisə danışa bilərəm. Qarabağ Əlillər Cəmiyyəti ləğv edilməmiş oranın üzvlərindən belə bir əhvalat eşitmişdim: «Bir nəfər (adını artıq unutmuşam) əlillik sənədiylə cəmiyyətə üzv olmaq üçün gəlir. Köhnə döyüşçülər bu özündənrazı «əlildən» şübhələnib sorğu suala çəkirlər. Məlum olur ki, bu adam heç Qarabağı tanımır. «Malış» ləqəbli müharibə əlili bu adama baxıb deyir ki, sən mənə yaman tanış gəlirsən. Bəlkə də bir yerdə döyüşmüşük? «Adam «ola bilər» deyə rahatlaşır. Sonra Malış soruşur: «Zərdabdan Mingəçevirə hücum oldu, yadındadırmı, səni deyəsən o döyüşdə görmüşəm». «Dostumuz» sevincək təsdiqləyir ki, hə, mən orada olmuşam…
Məsələnin gerisi məlum. Amma onun sənədləri döyüşənlərin sənədlərindən üstün olmasını deyim və üstəlik, bu adam deyirmiş ki, ona «Milli Qəhrəman» adı da verəcəklər…
İkinci bir əhvalat da öz başıma gəlib. Tikinti ilə məşğul olduğum vaxtlarda bir qrup tikinti işçisi müharibə əlillərinin bir qrupunun digər müharibə əlilləri üçün tikilmiş binaya qaz çəkilişinə icazə vermədiklərini deyib, döyüşçülərin adına əyri-əskik danışdılar. Mübahisədən sonra sabah birgə həmin əlillərlə görüşə getdik. Görüşdə döyüşçülərə dedim ki, bu məmləkətin qoynunda eyni səngərdə yatdıqları üçün bütün döyüşçülər bir Ana bətnindən çıxanlar kimi qardaşdırlar. Bəs necə olur ki, siz öz qardaşlarınızın yaşayacağı binaya qaz çəkilməsini əngəlləyirsiniz? Doğrusu gözləmədiyimiz halda 15 nəfərlik qrupun böyük əksəriyyəti, deyəsən 12 nəfəri geri çəkilib, «qurbandı» dedilər. Amma biri həyasızcasına sağ qolunu çirməyib az qala gözümə soxmağa çalışırdı ki, bəs mən müharibədə can qoymuşam, falan, filan. Baxdım ki, onun qolunu uşaq vaxtı «it dişləyib». Nədən bildyimi də izah edim. Çünki barmaqları inkişafdan qalmış uşaq barmaqları idi. Ona dedim ki, sənin qoluna mərmi yox, itin dişləri batıb. Get işinlə məşğul ol. Sənə o müharibə əlili verənin… Dostum aradan çıxdı. İşlər də nəzərdə tutulduğu kimi davam etdirildi.
Yəni dediyim odur ki, belə saxtakarlar var. Onu da deyənlər yaradıblar və onlar evlər, torpaqlar, yardımlar göstəriblər. Hətta şərik biznesləri də var. Təki erməniyə güllə atmamış ol, bu məmurların bəziləri sənə lap heykəl qoyub adına küçə versinlər. Bu faktdır və maraqlıdır ki, bunu bilirlərsə, bu günədək üzə çıxarmamalarının özü bir cinayətdir.
Bu günlərdə belə birisi haqqında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi aidiyyatlı qurumlara müraciət ünvanlayıb. Bu şəxs, öz sinninə uyğun qeyri müharibə tapmadığından deyir ki, SSRİ-Çin müharibəsi əliliyəm və olmadığı o müharibənin əlili kimi rayonu boğaza yığıb. Beyləqan rayonu 2-ci Aşıqlı kəndində 1947-ci ildə doğulmuş Hacıyev Hümbət Balaca oğlu hökumətdən minik avtomobili almaqla yanaşı, müharibə əlili statusu da əldə edib. Amma bu adamı Allah elə dolaşdırıb ki, sonda müharibə veteranları və şəhid ailələrinə qarşı şantaja başlayıb. Mən həmişə demişəm ki, müharibə iştirakçılarına və jurnalistlərə qarşı haqsızlığa yol verən şəxsin ağlı yoxdur, ya da onu Allah özü dolaşdırıb cəzalanmasını istəyir. Araşdırma istəyirsinizsə, Musa müəllim, buyurun. Özü də bu «Kitayski veteran» statusu və müharibə əlili statusu «dostumuz» Hümbət Hacıyevə 1997-ci ildə verildiyi bildirilir. Dəfələrlə də təkrar ekspertizadan keçərək əlilliyini yeniləyib.
Birincisi, «Veteranlar haqqında» Respublika Qanununda «SSRİ-Çin» müharibəsi adı keçmir. Orada deyilir: «1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;»
İkincisi, tarixə müraciət edək. SSRİ-Çin arasında ilk döyüş 2 mart 1969-cu ildə Çin ordusuna bağlı bir qrup əsgərin şərqdəki münaqişənin əsas səbəbi olan Zhenbao adasında SSRİ-yə bağlı olan sərhəd keşikçilərini pusquya salması ilə başladı. Bunun özünə qarşı təcavüz kimi qiymətləndirən SSRİ 15 mart 1969-cu ildə Ussuri çayı və Zhenbao adasındakı Çin hərbi birliklərini bombardman etdi. Eyni gün SSRİ ordusu SSRİ istehsalı olan T-62 tankları ilə Ussuri çayını keçmiş və Çin Xalq Azadlıq Ordusunun üzərinə gizli hücum etmişdilər. 16 martda Çin ordusu adanı ələ keçirmiş olan SSRİ qüvvələrinə əks-hücuma keçmişdir. 17 martda SSRİ qüvvələri hücuma keçmiş, lakin Çin ordusu tərəfindən hücum dəf edilmişdir. 18 martda Çin birlikləri ağır itkilər vermiş və SSRİ qüvvələri tərəfindən Zhenbao adasından uzaqlaşdırılmışdırlar. Bu döyüşdə SSRİ tərəfdən martın 2-dən 21-dək bütün sərhəd boyu 58 nəfər həlak olub, 94 nəfər yaralanıb. Bu yaralanan və ölənlər arasında da «Kitayski veteranımız» Hümbət Hacıyevin adına rast gəlmədik. Qeyd edək ki, Azərbaycandan olan Demokrat Leonov 1926-cı ildə Bakıda doğulmuş, əvvəl Zaqafqaziya Sərhəd Dairəsində qulluq etmiş, sonra isə Uzaq Şərqə göndərilmişdi. Damansk adasında göstərdiyi qəhrəmanlığa görə ona ölümündən sonra — 1969-cu il martın 21-də Sovet İttifaqı Qəhrəmanı adı verilib. Həmin döyüşlərdə daha bir həmyerlimiz — Dəvəçidən hərbi xidmətə çağırılmış Tofiq Abbasov da həlak olub. O, Nijne-Mixaylovsk zastavası ilə qonşu zastavada qulluq edib və Damanska gətirilən köməkçi dəstənin tərkibində olub. Həmyerlimizin qulluq etdiyi hərbi hissənin komandiri G.Morozovun T.Abbasovun valideynlərinə göndərdiyi məktubda deyilirdi: “…Sizin oğlunuz döyüşdə xüsusi qəhrəmanlıq göstərmişdir. O, pulemyotçu idi. Maoçular Tofiqgilin susmaq bilməyən pulemyotunu toplardan atəşə tutmuşdular. Tofiq çiynindən və sinəsindən yaralansa da, döyüşü tərk etməmişdi. …Xain düşmənin top mərmisi düz onların olduqları yerə düşdü. Tofiq dörd döyüş dostu ilə həlak oldu”.
Üçüncüsü, 1947-ci il doğumlu Hümbət Hacıyevin 1949 və 1967-ci ildə qəbul edilmiş (О всеобщей воинской обязанности от 12 октября 1967) hərbi çağırış haqqında qanuna əsasən 3 illik hərbi xidmət keçdiyi bəlli olur. Bu da təxminən 1965-1968-ci illərə təsadüf edir. Həmin hadisəylə bağlı əlavə ehtiyat döyüşçülərin səfərbərlik çağrışı və cəlb edilməsi olmayıb. Burada Sərhəd Qoşunları iştirak edib və 17 martda SSRİ sərhəd qüvvələri hücuma keçmiş, lakin Çin ordusu tərəfindən hücum dəf edilmişdir. 18 martda Çin birlikləri ağır itkilər vermiş və SSRİ qüvvələri tərəfindən Zhenbao adasından uzaqlaşdırılmışdırlar.
Dördüncüsü, «Kitayski veteranımız» Hümbət Hacıyev Sərhəd Qoşununda xidmət etməyib.
Yekun olaraq bildirim ki, qeydiyyatda «Vətən müharibəsi» adına etiraz edən bir Mozambik veteranı görmüşdüm, bu «Çin veteranı» mənim üçün də bir yenilikdi. Bu illər ərzində bəzi məmurların, xüsusən də bu sahədə olan məmurların əsil döyüşçülərə qarşı neqativ münasibətlərinin nədənini də araşdırın, Musa müəllim.
Buyurun, Musa müəllim, araşdırın…
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
