Ərdoğan bildirib ki, Finlandiya və İsveç nümayəndə heyətlərinin Türkiyə hakimiyyəti ilə danışıqları gözlənilən səviyyədə olmayıb. Onun sözlərinə görə, o, prezident olduğu müddətdə Ankara “terrorçuluğu dəstəkləyən” ölkələrin NATO-ya daxil olmasına razılıq verməyəcək.
Türkiyə lideri Finlandiya və İsveçi də “natəmiz və qeyri-səmimi” olduqlarına görə qınayıb.
“Nə qədər ki, Ərdoğan Türkiyənin prezidentidir, biz terrorizmi dəstəkləyən ölkələrin NATO-ya daxil olmasına qətiliklə “hə” deyə bilmərik” -deyə Reuters sitat gətirir.
Mayın 25-də Ankarada Finlandiya və İsveç nümayəndə heyətlərinin Türkiyə hakimiyyəti ilə Skandinaviya ölkələrinin NATO-ya daxil olması ilə bağlı danışıqları keçirilib. Nəticədə Ərdoğanın nümayəndəsi İbrahim Kalın bildirib ki, Türkiyə öz tələblərini təqdim edib və bu tələblər çərçivəsində mövqeyinə yenidən baxmağa hazırdır. Onların arasında, Türkiyə qəzetinin yazdığı kimi, PKK üzvlərinin Türkiyəyə ekstradisiyası, Ankaranın terrorçu hesab etdiyi strukturlarla əlaqəli bütün təşkilatların bağlanması və Türkiyə tərəfinə müvafiq təminatların verilməsi var.
Reuters mənbələrinin məlumatına görə, danışıqlar asan olmayıb, tərəflər «az irəliləyiş» əldə ediblər və ya da heç bir aydın irəliləyiş əldə etməyiblər.
İsveç və Finlandiya mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edib və qərarlarını Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlamasından sonra təhlükəsizlik sahəsindəki dəyişikliklərlə izah ediblər.
Stokholm və Helsinki belə bir addımın Moskvaya qarşı yönəlmədiyini vurğulayıb.
NATO-ya daxil olmaq üçün İsveç və Finlandiyanın müraciətləri alyansın bütün 30 üzv ölkəsi tərəfindən nəzərdən keçirilməli və təsdiqlənməlidir. Onların üzvlüyünü dəstəkləyən baş katib Yens Stoltenberq Türkiyənin narahatlığını nəzərə almağa və “təhlükəsizliklə bağlı istənilən problemi həll etməyə” çağırıb. Fransa prezidenti Emmanuel Makron isə öz növbəsində Ərdoğanı İsveç və Finlandiyanın “suveren seçiminə” hörmətlə yanaşmağa çağırıb və tərəflərin razılığa gələcəyinə və Türkiyənin vetosunu ləğv edəcəyinə ümid etdiyini bildirib.
