İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Yaşın üstə yaş gələndə daha da kamilləşirsən. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, idarəclik qabiliyyəti ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədovun 50 yaşı tamam olur.
Həyatın müharibə adlı ağır sınağından alnıaçıq və üzüağ çıxan Hamlet Gülməmmədovun 50 illik yubileyi münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Fədai.az saytının kollektivi onu səmimi qəlbdən təbrik edir, həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduracaq anlarla zəngin olsun.
Müharibə veteranı Hamlet Gülməmmədov 1 iyun 1972-ci ildə Xocavənd rayonunun Əmralılar kəndində anadan olub.
Vətənin dar günündə onun səsinə səs verənlərin sırasında azğın düşmənə qarşı döyüşüb. Xocavənd, Füzuli və Beyləqan uğrunda gedən döyüşlərdə iştirak edib. 44 günlük Vətən müharibəsi günlərində də Müzəffər ordumuza öz mənəvi və maddi dəstəyini əsirgəməyib. Bu gün də şəhid ailələrinə və qazilərimizə öz dəstəyini əsirgəmir. Onun ictimai fəallığı AVMVİB tərəfindən yüksək qiymətləndirilib və AVMVİB-nin təsis etdiyi Xatirə medalı ilə təltif edilib.
Bu gün sizin gününüzdür, Hamlet bəy!
Doğum gününüz və yubiley iliniz mübarək olsun!
Bütün gözəlliklər sizin olsun və bu gözəlliklər içində 100 yaşa!
Təbrik edirik!
Elcin Qədirov
Qarabağ üzrə müxbir














